Vergi Məcəlləsində dəyişiklər - sahibkarlar üçün imkanlar və cəzalar

Vergi Məcəlləsində dəyişiklər - sahibkarlar üçün imkanlar və cəzalar

Məlum olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi də təqdim olunub. Ölkədə sahibkarlığın inkişafının diqqətdə saxlanan sahələrdən biri olduğunu nəzərə alsaq, vergi qanunvericiliyinə ediləcək dəyişikliklərdən bu təbəqənin gözləntilərinin böyük olduğunu söyləyə bilərik. Vergi Məcəlləsinə hazırlanan dəyişikliklərdən ölkə sahibkarları nə gözləsinlər?

Layihədə sahibkarlara yönəlik müsbət və mənfi məqamları şərh edən iqtisadçı-ekspert, MKS jurnalının mütəxəssisi Anar Bayramovun dediyinə görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi 60 maddədən ibarət olmaqla, Məcəllənin 154 maddə və yarımmadəsini əhatə edir: “Təklif olunan dəyişiklikləri əsasən iki kateqoriyaya bölmək istəyirəm: Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi və  vergi ödəyicilərinin işinin asanlaşdırıması.

Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklər içərisində yalan əqd və riskli vergi ödəyicisi ilə bağlı təklif olunanları xüsusi olaraq qeyd etmək lazımdır.  Belə ki, hələ xeyli əvvəl Vergilər Nazirliyinin məsul şəxsləri xəbərdarlıq etmişdilər ki, 1 yanvar 2019-cu il tarixdən vergi orqanının bazasında riskli vergi ödəyiciləri haqqında informasiyalar toplanır və həmin tip vergi ödəyiciləri ilə əməkdaşlıq edənlərə öncədən məlumat tipli xəbərdarlıq göndəriləcək. Riskli vergi ödəyicilərinə əsasən hər hansı mal təqdim etmədən və ya xidmət göstərmədən əməliyyatlar həyata keçirənlər aid edilir. Sadə şəkildə ifadə etsək, riskli vergi ödəyiciləri əsasən “nağdlaşdırma” əməliyyatlarını həyata keçirilməsi məqsədilə fəaliyyət göstərir. Bu tip vergi ödəyicilərinin əksəriyyətində təsisçinin qərarı ilə  formal olaraq direktor təyin edilir, müəyyən çirkli əməliyyatlar həyata keçirildikdən sonra fəaliyyətlərini 5 il müddətinə dayandırır və ya ləğv etdirirlər".

Ekspertin sözlərinə görə, təklif olunan dəyişiklik qəbul olunarsa, artıq 1 yanvar 2020-ci il tarixdən etibarən Vergi Məcəlləsinə riskli vergi ödəyicisi məfhumu daxil ediləcək: “Həmin anlayışa əsasən, riskli vergi ödəyicisi ilə bağlı xususi meyarlar hazırlanacaq və həmin meyarlara uyğun gələn vergi ödəyiciləri ilə bağlı vergi orqanının qərarı olacaq. Onu da deyim ki, riskli vergi ödəyiciləri haqqında məlumat vergi sirri hesab edilmir. Bu da o deməkdir ki, vergi orqanı rahat şəkildə hansı vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması haqqında ictimaiyyətə və ya digər vergi ödəyicilərinə məlumat verə biləcək. Layihədə nəzərdə tutulur ki, vergi orqanı rahatlıqla riskli vergi ödəyicilərində operativ vergi nəzarəti və növbədənkənar yoxlamalar həyata keçirsin. Bir maraqlı məhdudiyyət də var ki, belə vergi ödəyicisi kateqoriyasına uyğun gələnlər ƏDV əməliyyatları üzrə vergini əvəzləşdirə bilməyəcəklər. Onlara ƏDV-ni əvəzləşdirilmək imkanı o zaman veriləcək ki,  həmin vergi ödəyicisində vergi nəzarəti tədbirləri tam başa çatsın.

Əslində “yalan əqd”lə “riskli vergi ödəyiciləri” bir-birinə bağlı anlayışlardır. Qanun layihəsinə  görə, yalan əqd dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqd başa düşülür. Yəni vergi ödəyicisi hər hansı malları sənədlər üzrə alsa da, fiziki olaraq həmin mallar təqdim olunması həyata keçirilmir. Eyni hal xidmətlərə də aid edilir ki, xidmət müqaviləsi üzrə ödəniş olsa da, qarşı tərəf hər hansı xidmət həyat keçirməyib. Vergi orqanı yalan əqd bağlamaqla qanunsuz fayda götürən şəxs haqqqında ciddi ölçü götürəcək".

Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliyə əsasən, əgər vergi ödəyicisi yalan əqlər çərçivəsində apardığı əməliyyatları düzgün rəsmiləşdirsə (elektron qaimə-faktura, təhvil-qəbul aktları, müqavilə, ödəniş sənədləri və s.) belə, vergi orqanının səlahiyyəti var ki, həmin sənədləri gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab etməsin.

Vergi Məcəlləsində yalan əqdlə bağlı təklif olunan dəyişikliklər qüvvəyə minərsə, Mülki Məcəllədə düzəlişlər qaçılmaz olacaq.

Vergi nəzarəti tədbirlərinin gücləndirilməsi sahəsində digər ciddi dəyişiklik vergi yoxlamalarının müddəti ilə bağlıdır: “Təklif olunan dəyişikliklərə əsasən,  əgər cinayət halı aşkar olunrsa vergi yoxlamalarının müddəti 7 illik dövrü əhatə edə bilər. Qeyd edək ki, cari Vergi Məcəlləsində vergi yoxlamaların əhatə dövrü 3  il nəzərdə tutulursa, vergi öhdəliyinin yerinə yetirilməsi dövrü isə maximum 5 illik müddət nəzərdə tutulurdu.

Sahibkarlar növbətin ilin sonuna qədər POS-terminalların quraşdırılması ilə bağlı problemlərini də həll etməlidirlər. Vergi ödəyicilərinin POS-terminallardan istifadə qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur.  Belə ki, Vergi Məcəllləinin 58.7-ci maddəsinə əlavə ediləcək dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi gözlənilir. Misal üçün, POS-terminal quraşdırılmış obyekt olan marketdə alıcı ödənişi POS-terminalla ödəmək istədiyi halda, vergi ödəyicisi bu imkanı yaratmadığı halda ona maliyyə sanksiyası tətbiq olunacaq. Vergi ödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, bu hal iki və daha çox dəfə təkrarlandıqda isə müvafiq olaraq 3000 və 6000 manat məbləğində maliyyə sanksiyası ödəməli olacaq. Təbii ki, bu cür pozuntular operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunacaq. Eyni cür maliyyə sanksiyası POS-terminalların quraşdırılması məcburi olan obyektlərdən hesab olunan, amma Pos-terminalın quraşdırılmasını həyata keçirməyənlərə də aid ediləcək".

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə sahibkarların və mühasiblərin işini yüngülləşdiriləcək kifayət qədər dəyişikliklər var ki, bunlar haqqında da növbəti yazılarımızda məlumat verəcəyik.

Dünya SAKİT,
“Yeni Müsavat”

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər