Rövşən Ağayevin təqdimatında: Vergi Məcəlləsində dəyişikliklərdə reallaşmayan təklif
Vergi Məcəlləsinə dəyişikliklərin mətni açıqlandı. Bu dəyişikliklərin mahiyyəti ilə bağlı media və ekspertlər yaxın günlərdə yəqin ki, gen-bol yazacaq – çalışacam yeri düşdükcə özüm də yazım.
Amma müzakirələr dövrü ilə bağlı bir vacib məqamı yazmaq yerinə düşər.
Ötən 1 ildə Vergilər Nazirliyi vətənaş cəmiyyətini təmsil edən müxtəlif iqtisadçılarla, həmçinin peşəkar mühasiblərlə dəyirmi masa formatında müzakirələr keçirdi. Həmin görüşlərdə təşkilatımız adından bir neçə təklif səsləndirdik, lakin onlardan heç biri nəzərə alınmayıb. Həmin təklifləri hissə-hissə yazacağam.
Beləliklə, reallaşmayan birinci təklif.
Fərdi sahibkar kimi uçota alınmayan, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün ağır sosial sığorta yükünün və vergi yükünün yüngülləşdirilməsi. Burda söhbət nədən gedir? İxtiyari bir şəxs müqavilə əsasında hansısa başqa səxsə il ərzində davamlı olmayan, məsələn, fasilələrlə ilin 3-5 ayı ərzində xidmət göstərir. Tutaq ki, hansısa sahə ilə bağlı ekspert xidməti göstərirsiniz. Davamlı işiniz yoxdur – 3 aylıq müqaviləniz olur, sonra bir 6 aylıq fasilə olur, sonra ilin sonunda 2 aylıq müqaviləniz də olur. Belə şəxslər nəyə görə fərdi sahibkar kimi qeydiyyatdan keçməlidir ki? Keçirlər, çünki fərdi sahibkar kimi uçota alınmayan, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün ağır sosial sığorta yükü və vergi yükü nəzərdə tutulur. Onlar müqavilədə nəzərdə tutulmuş məbləğin 25%-i qədər sosial sığorta, 14%-i qədər ödəmə mənbəyində vergi ödəmələdirlər. Şərti olaraq, 10 000 manat qazancınız olubsa, 39% və ya 3900 manat vergi yükünüz olacaq. Amma fərdi sahibkar kimi qeydiyyatda olsanız, həmin qazancdan heç bir xərciniz olmasa, 500 manat gəlir vergisi (5%), indiki ayırma məbləğilə 250 manat sosial sığorta haqqı (5 y ayX50 manat) ödəyəcəksiniz. Yəni vergi yükünüz olacaq 750 manat və ya 7.5%. Fərq 5 dəfədən çoxdur.
Bu fərqi niyə aradan qaldırmaq lazım idi? Ona görə ki, gerçəkdən sahibkar olmayan insanları sahibkar kimi uçota durmasın, hər rüb hesabat verməsin, elektron vergi ilə bürokratik yazışmalar məcburiyyətində qalmasın. Bunun üçün fərdi sahibkar kimi uçota alınmayan, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün maksimum 10% sosial sığorta yükü, 5% vergi yükü müəyyənləşdirmək yaxşı olardı. Bu halda xidmət göstərən şəxs deyil, xidməti alan şəxs ödəmə mənbəyində sığortanı və vergini tutub ödəyəcək, qarşı tərəfin isə vergi ödəyicisi kimi uçota düşməsinə ehtiyac qalmayacaqdı.
Bu islahatdan vergi orqanlarının da böyük uduşu var: gərəksiz yerə vergi ödəyicilərinin sayı artmayacaqdı, onların bürokratik iş yükü yüngülləşəcəkdi. Bu günkü kimi 900 min deyil, tutaq ki, 100 min fərdi sahubkar uçotda olacaqdı.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın