ƏDV qeydiyyatı ilə bağlı diqqət yetiriləsi VACİB MƏQAMLAR
Vergi ödəyicisinin ƏDV qeydiyyatına alınması məcburi və könüllü qaydada həyata keçirilir. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında və aylarında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər məcburi qaydada ƏDV qeydiyyatına alınmaq üçün ərizə verməlidirlər.
Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, 2019-cu ilin may ayında vergi ödəyicisinin son 12 aylıq vergi tutulan əməliyyatlarının həcmi 220.000 manat olubsa, vergi ödəyicisi növbəti ayın birinci günündən 10 gün müddətində ƏDV məqsədləri üçün qeydiyyata alınmaq barədə ərizə verməyə borcludur, növbəti ayın 1-dən isə ƏDV qeydiyyatı qüvvəyə minir. Artıq 2019-cu ilin iyun ayından vergi ödəyicisinin bütün vergi tutulan əməliyyatları ƏDV-yə cəlb edilir: "Burada əsas diqqət yetirilməli məqamlardan biri odur ki, bu dövriyyə mütləq sahibkarlıq fəaliyyətindən əldə edilməlidir. Məsələn, yalnız gəlir vergisi ödəyicisi, pərakəndə ticarətlə məşğul olan fiziki şəxsin pərakəndə ticarət fəaliyyətindən aylıq dövriyyəsi təxminən 10.000 manat, illik dövriyyəsi isə 120.000 manat təşkil edir. Həmçinin fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini digər şəxsə aylıq 15.000 manata icarəyə verir və əmlakın icarəyə verilməsindən illik dövriyyəsi 180.000 manat təşkil edir. Baxmayaraq ki, vergi ödəyicisinin illik dövriyyəsi 300.000 manat təşkil edir, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, fiziki şəxslər üçün əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün həmin dövriyyə məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınmaq üçün nəzərə alınmır, çünki sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir deyildir.Fiziki şəxslər üçün əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün həmin dövriyyə məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınmaq üçün nəzərə alınmır, çünki sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir deyildir
Diqqət yetirilməli ikinci məqam isə odur ki, burada "dövriyyə" dedikdə, yalnız vergi tutulan, yəni ƏDV tutulan dövriyyə nəzərdə tutulur. Çünki Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, ƏDV-dən azad edilən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi vergi tutulan əməliyyat hesab edilmir. Belə olan təqdirdə, əgər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən son 12 ay ərzində 300.000 manat dəyərində vergi tutulmayan, ƏDV-dən azad edilən dövriyyəsi olsa belə, vergi ödəyicisinin məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə vermək öhdəliyi yoxdur. Məsələn, tutaq ki, qəzet satışı ilə məşğul olan sadələşdirilmiş verginin ödəyicisinin son 12 aylıq dövriyyəsi 250.000 manat təşkil edir. Vergi ödəyicisinin son 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olsa belə, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, qəzet satışı ƏDV-dən azad edildiyinə görə vergi tutulan əməliyyat olmadığı üçün vergi ödəyicisinin məcburi qaydada ƏDV qeydiyyatına alınmaq üçün ərizə vermək öhdəliyi yoxdur.
Digər bir misala baxaq. Tutaq ki, daşınmaz əmlakın tikintisi, təmiri xidmətləri ilə məşğul olan, ancaq mənfəət vergisi ödəyicisi olan vergi ödəyicisinin Azərbaycan Respublikasında əldə etdiyi 12 aylıq dövriyyə 100.000 manat təşkil edir. Həmçinin vergi ödəyicisi Türkiyədən aldığı sifarişə əsasən, Türkiyə Respublikasında daşınmaz əmlakın tikintisi və təmir işləri ilə əlaqədar xidmət göstərmiş və bu əməliyyatdan dövriyyəsi 300.000 olmuşdur. Vergi ödəyicisinin son 12 aylıq dövriyyəsinin 400.000 manat təşkil etməsinə baxmayaraq, bu dövriyyənin 300.000 manat hissəsi vergi tutulmayan dövriyyə olduğu üçün vergi ödəyicisinin məcburi qaydada ƏDV qeydiyyatına alınmaq öhdəliyi yoxdur. Vergi Məcəlləsinin 168.1.2-ci maddəsinə əsasən, daşınmaz əmlakla bağlı təmir, tikinti işləri ölkə xaricində yerinə yetirlidiyi üçün həmin Məcəllənin 159.2-ci maddəsinə uyğun olaraq, bu fəaliyyətdən əldə edilən dövriyyə vergi tutulan dövriyyəyə daxil edilmir.
Bir əqd üzrə və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olsa, o zaman vergi ödəyicisi bu əməliyyatın aparıldığı günədək ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət etməli və bu əməliyyat ƏDV-yə cəlb edilməlidir. Məsələn, tutaq ki, tikinti materiallarının topdan satışı ilə məşğul olan, ancaq gəlir vergisi ödəyicisi olan sahibkar fiziki şəxs tikinti şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2019-cu ilin aprel ayında tikinti şirkətinə elektron qaimə əsasında bir əməliyyat çərçivəsində 400.000 manat dəyərində mal təqdim edir. Belə olan təqdirdə, vergi ödəyicisi bu əməliyyatın aparıldığı günədək ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət etməli və qeydiyyata alınmalıdır. Həmçinin həmin məbləğdə malları alıcıya təqdim edərkən əməliyyatı ƏDV-yə cəlb etməlidir. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, vergi 400.000 manata əlavə olaraq hesablanmır, yəni bu əməliyyatda verginin məbləği 72.000 manat (400.000,00*18%) təşkil etmir, məbləğin içindən hesablanır. Yəni vergi ödəyicisi 338.983,05 manat əsas məbləğ, 61.016,95 manat ƏDV olmaqla, ümumilikdə 400.000 manat dəyərində (ƏDV daxil) alıcı şirkətə elektron qaimə-faktura və elektron vergi hesab-fakturası əsasında mal təqdim etməlidir. Əgər vergi ödəyicisi qanunvericiliyin tələbinə əsasən ƏDV qeydiyyatı üçün müraciət etməzsə və həmin əməliyyatı ƏDV-yə cəlb etmədən ancaq gəlir vergisinə cəlb edərsə, o zaman səyyar vergi yoxlaması zamanı vergi orqanı əməkdaşı həmin əməliyyatı ƏDV-yə cəlb edir, həmçinin Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, vergi ödəyicisi həmin əməliyyatı ƏDV-yə cəlb etmədiyi üçün büdcəyə ödənilməli ƏDV məbləğinin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq edir. Yəni vergi orqanı həm 61.016,95 manat ƏDV məbləğini hesablayır, həm də 30.508,48 manat (61.016,95*50%) maliyyə sanksiyası tətbiq edir".
Mənbə: Vergiler.az
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın