Vergi Məcəlləsinin 159.4-cü maddəsinə görə, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. 

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim olunan mallar kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 161.3.-cü maddəsində göstərilir ki, bu hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda Məcəllənin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə əldə qalan mallara da tətbiq edilir. 161.3.-cü maddə 159.4.-cü, 159.5.-ci və 159.6.-cı maddələr ilə birbaşa bağlı olduğuna görə, burada maraqlı məqamlar var. Məsələn, maddədə belə bir cümlə var: "Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir". Amma 159-cu maddə vergi tutulan dəyəri deyil, vergi tutulan obyektləri müəyyənləşdirir. Yəni əvvəl vergi tutulan obyekt olmalıdır ki, bundan sonra vergi tutulan dəyər formalaşdırılsın.

159.4.-cu maddədə olan əməliyyatlarda ƏDV hesablanması aşağıdakı kimi olacaqdır.

Misal: 
Vergi ödəyicisi anbar dəyəri 500 manat olan malı işçilərinə əvəzsiz olaraq təqdim edib. Nəzərə alsaq ki, o, 500 manatlıq malları 800 manat satır (ƏDV-siz), amma normalda bazar dəyəri 1.000 manatdır, bu halda ƏDV 500 manatdan hesablanacaqdır. Yəni bu maddəyə aid olan əməliyyatlarda bazar dəyəri və ya satış dəyəri nəzərə alınmır.

159.5.-ci maddədə olan əməliyyatlar üzrə hesablamalarda tam amortizasiya olunmadan uçotdan silinən əsas vəsaitlərin vergiyə cəlb edilməsi məsələsinə diqqət yetirək. Vergi ödəyicilərində qalıq dəyəri həm 500 manatdan yuxarı, həm də 500 manatdan aşağı olan, silinən əsas vəsaitlər mövcud ola bilər.

Vergi Məcəlləsinə görə, amortizasiya azalan qalıq dəyəri metodu ilə hesablanır. Əgər hər il faizlərlə hesablasaq, onda sonsuz olaraq amortizasiya hesablanacaq və əsas vəsait tam amortizasiya edilməyəcək. Ona görə də Məcəllənin 114.6-cü maddəsinə görə son hədd kimi limit qoyulub. Qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlər silinə bilər və amortizasiyanın son müddəti və məbləği kimi bu göstəriciləri götürmək olar. Belə olan halda, qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan əsas vəsaitlər tam amortizasiya edilmiş sayılır. Əks halda, 159.5.-ci maddənin həmin cümləsinin heç bir təsiri olmaz. Ona görə də 161.3-cü maddədə vergi tutulan əməliyyatların dəyərinin qalıq məbləği 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan əsas vəsaitlərin silinməsinə tətbiq etmək düzgün olmazdı. Bu limitdən yuxarı olan əsas vəsaitlər silinəndə onların qalıq dəyərinə əsasən ƏDV hesablanacaqdır. Məsələn, qalıq dəyəri 1.000 manat olan avtonəqliyyat vasitəsinin silinməsi zamanı ƏDV 1.000*18% = 180 manat olacaqdır.

Həmçinin 159.6.-cı maddə də 161.3.-cü maddə ilə bağlı olduğundan, həmin maddədə müəyyən məsələləri açıqlamaq istərdik. İlkin olaraq, "sahibliyində qalan mallar" ifadəsinə diqqət yetirək. Sahibliyində qalmaq təkcə malların mülkiyyətdə qalması demək deyil. Yəni ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri malları komisyon münasibətlər çərçivəsində əldə edə bilər və həmin vaxt o, faktiki olaraq malların sahibi sayılır, yəni malları komisyon qaydada sata bilər, amma faktiki malların mülkiyyətçisi deyildir.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az