İqtisadçı ekspert Anar Bayramov malların geri qaytarilması halları üzrə vergi uçotunun necə aparılmasına aydınlıq gətirib: "Vergi ödəyicisi elektron qaimə və elektron vergi hesab-fakturası əsasında 2018-ci ilin oktyabr ayında 35.400 manat dəyərində (o cümlədən 5.400 manat ƏDV) mal təqdim etmişdir. Lakin 2019-cu ilin fevral ayında müştəri 11.800 manat dəyərində malı (o cümlədən 1.800 manat ƏDV-ni) geri qaytarmışdır. Belə olan təqdirdə, vergi ödəyicisi 2018-ci ilin oktyabr ayı üçün Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən dəqiqləşdirilmiş hesabat təqdim etmir. Vergi ödəyicisi Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyatın baş verdiyi ayda, yəni 2019-cu ilin fevral ayında vergi tutulan dövriyyənin azaldılması üzrə dəqiqləşdirmə aparır və ƏDV bəyannaməsinin 319-cu sətrində 10.000 manat qeyd edir. Nəticədə təqdim edilən bəyannamə üzrə 2019-cu ilin fevral ayı üçün büdcəyə çatası vergi 1.800 manat azaldılacaqdır."
Əgər malları geri qaytaran müştəri 2018-ci ilin oktyabr ayı üçün təqdim edilən vergi hesab-fakturası üzrə 5.400 manat ƏDV məbləğini əvəzləşdirmişdirsə, Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, 2019-cu ilin fevral ayında vergi tutulan dövriyyənin artırılması üzrə dəqiqləşdirmə aparır və ƏDV bəyannaməsinin 318-cu sətrində 10.000 manat qeyd edir. Nəticədə təqdim edilən bəyannamə üzrə 2019-cu ilin fevral ayı üçün büdcəyə çatası vergi 1.800 manat artırılır."
Anar Bayramiv qeyd edib ki, bəzi vergi ödəyicisi bu məsələ ilə bağlı yalnışlığa yol verirlər: "Bəzən vergi ödəyiciləri müştəri tərəfindən mallar geri qaytarıldıqda bu əməliyyatı qanunvericiliyin tələblərinə əsasən deyil, öz anladıqları səviyyədə həll etməyə çalışırlar. Məsələn, müştəri tərəfindən mallar geri qaytarıldıqda vergi ödəyicisi əvvəl təqdim etdiyi elektron qaimə-fakturanı və elektron vergi hesab-fakturasını ləğv edir və yeni faktura təqdim edir. Bəzən isə malları geri qaytaran müştəri malları təqdim etmiş vergi ödəyicisinə geri qaytarılan mallar üzrə elektron qaimə təqdim edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 163-cü maddəsi ancaq ƏDV qeydiyyatında olan vergi ödəyicilərini nəzərdə tutur."
Vergiler.az
Fəxriyyə İKRAMQIZI
2 Komment
Elmir 10 Aprel 2019
Mən keçən dəfə də sual verdim amma cavablandırılmad.Bu yazıda da ancaq bəyannamə ilə bağlı məqamlara toxunubsuz.Digər tərəfdən burda düzgün qeyd edibsiz ki,Bəzi hallarda malları geri qaytaran müştəri malları təqdim etmiş vergi ödəyicisinə geri qaytarılan mallar üzrə elektron qaimə təqdim edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.Amma qaytarma proseduruna sona qədər aydınlıq gətirməyibsiz.Yəni hal hazırda heç bir mal satan elektron qaydada qaytarma qaiməsi yazmır.Yəni bildirirlər ki, ancaq satış qaiməsi yazmaq olur portalda.Bu da gələcəkdə onlayn kassa rejimi tətbiq edilən zaman alıcının artıq mal qalığının yaranmasına gətirib çıxaracaq.Yəni e-qaimə ilə gələn mallar e-qaytarma qaiməsi ilə də qayıtmalıdır.Zəhmət olmasa bu barədə məlumat verərdiniz.
Anar Bayramov 12 Aprel 2019
Elmir bəy, diqqətinizə görə təşəkkür edirəm.Yazının mahiyyəti əsasən vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi idi.O ki, qaldı malların qaytarılmasının rəsmiləşdirilməsi qaydasına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına əsasən təsdiq edilmiş "Malların qaytarılması akt"ı forması var.Mallar əvvəlcə həmin sənədə əsasən qaytarılır, tərəflər öz imzası ilə təsdiq edir və sonda sənədlər mühasibatlığa təqdim edilir.Malları satan vergi ödəyicisi həmin sənədə əsasən dəqiqləşdirilmiş qaimə təqdim edir.
Şərh yazın