Vergi ödəyicisi nazirlikdən ƏDV-ni hesablamaq üçün düstur istədi

Vergi ödəyicisi nazirlikdən ƏDV-ni hesablamaq üçün düstur istədi

Sual: Müəssisənin hesabat dövründə büdcəyə ödəməli olduğu ƏDV-nin məbləğini hesablamaq üçün mənə izahlı düstur verə bilərsinizmi?
Məmmədova Aynurə, Sumqayıt şəhəri

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.
ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir.
Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı isə əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.
Əvəzləşdirmə dedikdə, vergi ödəyicilərinin hesabat dövrü ərzində həyata keçirdikləri əməliyyatlar (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı istisna olmaqla) çərçivəsində ödədikləri ƏDV məbləğlərinin Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini təsdiq edən sənədlərə əsasən nəzərə alınması başa düşülür.
Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:
- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;
- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;
- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;
- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.
Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.
Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Qeyd olunanların daha aydın izah edilməsi üçün diqqətinizə şərti məbləğlər üzərində bir misal təqdim edirik: ƏDV ödəyicisi hesabat dövrü ərzində alınan mallara görə malı satan ƏDV ödəyicisinin hesablaşma hesabına 100 manat, ƏDV-nin depozit hesabına isə 18 manat ödəmişdir. Bununla yanaşı, 100 manat dəyərində mal idxal olunmuş və gömrük orqanlarına 18 manat vergi ödənilmişdir. Alınmış mallar hesabat ayında 354 manata (300 manat malın dəyəri, 54 manat ƏDV məbləği) başqa şəxsə satılmışdır. Bu halda sözügedən vergi ödəyicisinin ƏDV üzrə büdcə qarşısında olan vergi öhdəliyi 18 manat (54-18-18=18 manat) təşkil edir.

 Bax: Vergi Məcəlləsinin XI fəsli.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər