Kənd təsərrüfatı məhsullarının vergi öhdəliyi ilə bağlı AKTUAL SUAL

Kənd təsərrüfatı məhsullarının vergi öhdəliyi ilə bağlı AKTUAL SUAL

Sual: Salam. Müəssisə əhalidən süd tədarük etməklə süd məhsulları (qatıq, şor, smetan, yağ, pendir və s.) istehsal edir və satışını həyata keçirir. Vergi Məcəlləsinin 164.1.18. maddəsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə ƏDV dən azaddır. Həmin məcəllənin 159.1. maddəsində isə göstərilir ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Belə olan halda meəssisə öz məhsullarının satışını həyata keçirən zaman hansı formada ƏDV hesablanmalıdır. Əvvəlcədən təşşəkkürümü bildirirəm.

İlkin Sadıqzadə, [email protected], Tovuz rayonu (17.04.2018) 

Cavab: Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür.

Pərakəndə satış anlayışı isə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətini əhatə edir.

Sorğunuzdan göründüyü kimi, müəssisə əhalidən süd məhsullarını alaraq onları emal edir və satışını təşkil edir.

Bu səbəbdən də qeyd olunan fəaliyyət Vergi Məcəlləsinin 164.1.18-ci maddəsi ilə tənzimlənmir.

Digər tərəfdən, emal nəticəsində hazırlanmış məhsullar müəssisəyə məxsus təsərrüfat subyektləri (obyektləri) vasitəsi ilə bilavasitə əhaliyə deyil, digər vergi ödəyicilərinə məxsus ticarət obyektlərinə təqdim olunarsa, Vergi Məcəlləsinin 159.1-ci və 174.3-cü maddələrinin müddəaları da nəzərə alınmır və digər vergi ödəyicilərinə təqdim olunan məhsulların dəyərinə müəssisə ümumi qaydada ƏDV hesablamalıdır.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci, 153-cü, 159.1-ci, 174.3-cü və 164.1.18-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər