15 000 manat və ya 30 000 manatdan çox nağd əməliyyata görə maliyyə sanksiyası necə hesablanır? (7 MİSALLA İZAH)

15 000 manat və ya 30 000 manatdan çox nağd əməliyyata görə maliyyə sanksiyası necə hesablanır? (7 MİSALLA İZAH)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə (Maddə 58.7-1.1.)

 “Nağdsız  hesablaşmalar haqqında” AR Qanununun  3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 

Göründüyü kimi, dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri və həmçinin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyənlər təqvim ayı ərzində 30 000 manata qədər nağd ödənişlər həyata keçirə bilər.

Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan aşağı olan sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq 15 000 manat nağd ödəniş limiti müəyyənləşdirilib.

Mİsal 1.  Ardıcıl olaraq 12 aylıq dövriyyəsi 80 000 manat olan əlavə dəyər vergisinin ödəyicisi təqvim ayı ərzində 18 000 manat məbləğində nəğd pul məxaric edib. Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövriyyəsinin 200 000 manatdan aşağı olmasına baxmayaraq, vergi orqanı ona maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri üçün nağd məxaric əməliyyatları üzrə aylıq limit 30 000 manat müəyyən edilib.

Mİsal 2.  Pərakəndə ticarət fəaliyyəti həyata keçirən sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində ərzaq mallarının alınması və digər xidmətlər üçün qarşı tərəfə 22 000 manat odəniş edib. Bu halda vergi orqanı vergi ödəyicisinə 700 manat ((22 000 manat - 15 000 manat) x 10 faiz) maliyyə sanksiyası tətbiq edəcək. Vergi ödəyicisi təqvim ili ərzində ikinci dəfə eyni halı təkrar etsə, o zaman maliyyə sanksiyası 20 faiz miqdarında tətbiq ediləcək.

Mİsal 3.   Vergi orqanlarının keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində müəyyən oliunub ki, ƏDV ödəyicisi olan şəxs təqvim ayı ərzində 28 000 manatlıq nağd hesablaşma aparıb. Eyni zamanda, ayın sonuna kassada 40 000 manat nağd vəsait aşkar olunub. Vergi orqanı kassada qalıq vəsaitinin 30 000 manatdan çox olmasına görə maliyyə sanksiyası tətbiq edə bilməz.

Mİsal 4.  Vergi ödəyicisi qarşı tərəflərlə müqavilələr əsasında 50 000 manatlıq malın satışını həyata  keçirib. Qarşı tərəflər ödənişlərin nağd şəkildə həyata keçirilməsini istədiklərindən 50 000 manatlıq ödənişi bir təqvim ayında malı təqdim edən vergi ödəyicisinin kassasına ödəyir.  Bu halda da vergi ödəyicisinə ay ərzində 50 000 manatlıq ödənişi nağd qəbul etməsinə görə hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.  Çünki qanunvericilikdə nəzərdə tutulan 15 000 və ya 30 000 manatlıq aylıq limit mədaxil yox, məxaric əməliyyatları üzrə hesablaşmalara tətbiq olunur.

Mİsal 5.  ƏDV ödəyicisi 2020-ci ilin noyabr ayında 36 000 manatlıq hesablaşmalar üzrə ödənişləri nağd şəkildə həyata keçirib. Amma məlum olub ki, vergi ödəyicisi noyabr ayında vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından 8 000 manat məbləğində kənd təsərrüfatı məhsullarının qəbulu üçün nağd ödəniş edib. “Nağdsız hesablaşmalar haqqında” AR Qanununa əsasən, Qanunun 3.5-ci maddəsinə uyğun olaraq vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alındıqda nağd hesablaşmalar onların aylıq limitinə daxil edilmir:

kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

əlvan və qara metal qırıntılarının qəbulu;

utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

 xam dərinin tədarükü (alışı).

Misalımızda vergi ödəyicisi nağd satış qaydasında vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından 8 000 manatlıq kənd təsərrüfatı məhsullarının qəbulunu həyata keçirdiyi üçün aylıq limit məbləği aşılmayıb. ƏDV ödəyicisinin nağd hesablamalar üzrə nəzərə alınan əməliyyatları 28 000 manat (36 000 - 8 000) təşkil etdiyindən və bu məbləğ aylıq limitdən - 30 000 manatdan az olduğundan ona maliyyə sanksiyası tətbiq edilməyəcək.

Mİsal 6. ƏDV ödəyicisi 2020-ci ilin dekabr ayında nağd qaydada 34 000 manatlıq hesablaşmalar həyata keçirib. Şəxs vergi ödəyicisindən nağd şəkildə 5000 manat məbləğində kənd təsərrüfatı məhsulları alıb. Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisinə ilk dəfə aylıq limiti 4000 manat (34 000 manat - 30 000 manat (aylıq limit məbləği)) keçdiyi üçün 400 manat (4000 manat x 10 faiz) maliyyə sanksiyası tətbiq ediləcək. Kənd təsərrüfatı məhsulları vergi ödəyicisindən alındığı üçün “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.5-ci maddəsi bu hala şamil edilmir. Həmin maddəyə əsasən, nağd hesablaşmalar vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından alındığı halda aylıq limitə aid edilmir.

Mİsal 7.  ƏDV ödəyicisinin aylıq nağd əməliyyatları 33 000 manat təşkil edib. Vergi ödəyicisinin nağd ödənişlərinin 28 000 manatı vergi ödəyiciləri ilə həyata keçirilib və vergi ödəyicisi olmayan təsisçilərə 5000 manat məbləğində dividend nağd şəkildə ödənilib.

Bu halda vergi orqanı vergi ödəyicisinə aylıq nağd limiti 3 000 manat aşdığına görə (33 000 manat (28 000 manat + 5000 manat) – 30 000 manat) Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın