İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri ilə bağlı 5 MİSAL

İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri ilə bağlı 5 MİSAL

 Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

1 yanvar 2022-ci il tarixədək icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən yalnız icarə haqqı əvəzləşdirildikdə, gəlirdən çıxılan xərclərə şamil edilirdi.  Amma təcrübədə rast gəlinən hallardan biri də, icarəverən şəxsin təmir xərclərinin icarə haqqı ilə əvəzləşdirmək istəməməsidir. Misal üçün, vergi ödəyicisi hər hansı şəxsdən satış və ya restoran üçün ofis sahəsi icarəyə götürdükdə, adətən həmin sahənin fəaliyyət göstərdiyi əraziyə uyğunlaşdırılmasını həyata keçirir. Ancaq vergi ödəyicisi çəkdiyi təmir xərcinin gəlirdən çıxılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyətlərlə qarşılaşırdı. Oxşar hala icarəyə götürülən avadanlıqların təmiri zamanı rast da gəlinirdi.

Son dəyişikliyə əsasən, vergi ödəyicisi balansında uçota alınmayan əsas vəsaitlər üzrə təmir xərclərini amortizasiya ayırmaları şəklində gəlirdən çıxılan xərclərə aid edə biləcək. İcarəyə götürülən əsas vəsaitin hansi kateqoriyaya aid olması onun təmir xərclərinin həmin əsas vəsait üzrə amortizasiya normasının müəyyənləşdirilməsinə kömək edir.

Fikrimizi misallarla izah edək.

Mİsal 1.  Vergi ödəyicisi 2022-ci ildə ofis sahəsi icarəyə götürüb və 5 000 manat məbləğində təmir xərci çəkib. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar üçün amortizasiya norması 7 faizə qədər müəyyən edilib. Vergi ödəyicisi 2022-ci ildə 350 manat (5 000 manat (təmir xərci) x 7 faiz (binalar üzrə amortizasiya norması)) təmir xərcini gəlirdən çıxılan xərclərə aid edə bilər.

Mİsal 2.  Vergi ödəyicisi avadanlıq icarəyə götürüb və 2022-ci ildə ona 1 000 manat məbləğində təmir xərci çəkib. Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsaəsən, maşınlar və avadanlıq üzrə amortizasiya norması 20 faizədək müəyyən olunduğundan vergi ödəyicisi 200 manat (1000 manat x 20 faiz) təmir xərcini həmin vergi ilində təmirdən çıxılan xərclərə aid etmək hüququna malikdir.

Mİsal 3.  Vergi ödəyicisi icarəyə götürülən nəqliyyat vasitəsi üzrə 2022-ci ildə 600 manat məbləğində təmir xərci çəkib. Vergi ödəyicisi 2022-ci ildə nəqliyyat vasitəsinin aid olduğu kateqoriya üzrə 25 faiz dərəcə ilə kapitallaşdırımış təmir xərcinə amortizasiya hesablaya bilər. Bu halda vergi ödəyicisinin 2022-ci ildə təmir xərci 150 manat (600 manat x 25 faiz) təşkil etdiyindən, ilin sonuna kapitallaşdırmış təmir xərci 450 manat (600 manat – 150 manat) olacaq. Təmir xərci üzrə kapitallaşdırılan məbləğ 500 manatdan aşağı olduğu üçün, vergi ödəyicisi 2023-cü ildə həmin təmir xərcini tam olaraq gəlirdən çıxılan xərclərə aid edə bilər. Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Mİsal 4. Vergi ödəyicisi yüksək texnologiyalar məhsulu olan hesablama texnikası icarəyə götürüb və 2022-ci ildə 400 manat təmir xərci hesablayıb. 3-cü misalda olduğu kimi, Vergi Məcəlləsinin 114.8-ci maddəsinin tələblərinə uyğun olaraq kapitallaşdırılan əsas vəsaitin qalıq dəyəri 500 manatdan aşağı olduğu üçün, vergi ödəyicisi 400 manatlıq təmir xərcini 2022-ci ildə tam olaraq gəlirdən çıxılan xərclərə aid edilə bilər.

Maddə ilə bağlı maraqlı məqamlardan biri də, Vergi Məcəlləsinin 114.3-1-ci və 114.3-2-ci maddələrinin tətbiqi ilə bağlıdır. Qeyd edək ki, maddələrə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına  müvafiq olaraq olaraq 2 və 1,5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Mİsal. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi balansında olmayan binaya görə 3 000 manat təmir xərci hesablayıb. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar, tikintilər və qurğular  üzrə amortizasiya normasının maksimum həddi  7 faiz müəyyən edilib. Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün  kapitallaşdırmış təmir xərcinə 2 əmsal tətbiq etməklə  420 manatı (3 000 manat (kapitallaşdırılmış təmir xərci) x 7 faiz (bina üzrə amortizasiya norması) x 2 əmsal (Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən müəyyənləşdirilən əmsal) gəlirdən çıxılan xərclərə aid edə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın