Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini “vergiler.az”a şərh edir: 
 

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 151-ci maddəsi cari vergi ödəmələrinin hesablanmasını tənzimləyir. Məcəllənin 151.1-ci və 151.2-ci maddələri ötən ili mənfəətlə başa vuran vergi ödəyicisi tərəfindən tətbiq edilir. 151.1-ci maddə tətbiq edilərkən hesablamalar zamanı vergi ödəyicisinin yalnız mənfəət vergisinin göstəricisinə istinad edilir, 151.2-ci maddə üzrə isə aşağıdakı göstəricilərdən istifadə edilir:

- vergi ödəyicisinin rüb ərzində gəlirlərinin məbləği (xərclər çıxılmadan);

- vergi ödəyicisinin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsal.

Misal 1: Vergi ödəyicisinin 2022-ci ilin 1-ci rübündə dövriyyəsi 30.000 manat, 2021-ci il ərzində ümumi gəliri isə 180.000 manat olub. Gəlirdən çıxılan xərclər 60.000 manat olduğu üçün mənfəət vergisi 24.000 manat təşkil edib:

180.000 – 60000 = 120.000 manat;

120.000 x 20% = 24.000 manat.

Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür:

24.000 : 180.000 = 0,13.

Bu zaman I rüb üzrə cari vergi ödəməsi 3.900 manat olacaq:

30.000 x 0,13 = 3900 manat.

Digər misala isə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” üzərindən baxaq:

Misal 2: Vergi ödəyicisinin 2021-ci il üzrə ümumi gəliri 40.000 manat təşkil edib. Xərclər nəzərə alındıqdan sonra hesablanan mənfəət (gəlir) vergisi 4.400 manat təşkil edib. Deməli, vergi ödəyicisinin əvvəlki ildə hesablanmış mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi 0,11 əmsal olacaq:

4.400 : 40.000 = 0,11.

Tutaq ki, vergi ödəyicisinin 2022-ci ilin I rübü üzrə gəliri 5.000 manat olub. Bu zaman “Cari vergi ödəmələri haqqında Arayış”ın aşağıdakı maddələri belə doldurulacaq:

Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması:

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən:

290. Əvvəlki hesabat ilində ümumi gəlir: - 40.000 manat (avtomatik qeyd edilir).

291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisi – 4.400 manat (avtomatik qeyd edilir).

292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi: - 0.11 (avtomatik qeyd edilir).

293. Cari rübdəki ümumi gəlirin həcmi: - 5.000 manat (əllə qeyd edilir).

294. Cari vergi ödəməsinin həcmi: 550 manat (5.000 manat (cari rübdəki gəlirin həcmi) x 0,11 (ötən ilin mənfəətinə görə hesablanan əmsal)).

295. Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi: 137,50 manat

550 x 25% = 137,50 manat.

Misalın davamı kimi, hesab edək ki, vergi ödəyicisinin II rübdə gəliri 8.000 manat artaraq ilk 6 ay üzrə 13.000 manat olub. Həmkarlarımızı maraqlandıran məsələ odur ki, bu zaman vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə metodu tətbiq edərkən 8.000 manat, yoxsa 13.000 manat qeyd edəcək?

Xatırladaq ki, Vergi Məcəlləsinin 151.2-ci maddəsində “rübdəki həcmini” ifadəsi olduğu üçün vergi ödəyicisi arayışda 13.000 yox, 8.000 manat məbləğində cari vergi ödəməsi hesabladığını qeyd edəcək.

Misalı davam etdirək. Vergi ödəyicisi müəyyən edir ki, 2022-ci ilin III rübündə gəliri 15.000 manat olsa da həmin rübdə xərcləri 17.000 manat təşkil edib. Həmçinin, 2022-ci ilin 9 ayının yekunlarına görə zərərlə işləyib. Bəs bu halda (vergi ödəyicisi həm 3-cü rübün, həm də 9 ayın yekunlarına görə zərərlə işləyib) “Cari vergi ödəməsinin hesablanması haqqında Arayış”a əsasən, cari vergi ödəməsi həyata keçirilməlidirmi?

Öncəki misalda da qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 151.2-ci maddəsində “rübdəki gəlirinin həcmini” ifadəsi qeyd olunduğu üçün xərclər nəzərə alınmayacaq. Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsini tətbiq edərkən rüb ərzində zərərlə işləməsinin təsiri olmayacaq, çünki hər rüb üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) qeyd edilməsi tələb olunur.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı