Mənzilin əmlak vergisi ilə bağlı maraqlı sual
Sual: Mənim yaşadığım mənzil ipotekadadır və ipoteka ödənişi davam edir. Ancaq bələdiyyədən məktub alırıq ki, əmlak vergisinə görə borcum var. Əgər mən ipoteka borcuna görə bu mənzilin tam hüquqlu sahibi deyiləmsə (satmaq, bağışlamaq və s. hüququm yoxdursa) nə üçün mən əmlak vergisi ödəməliyəm? Xahiş edirəm qanuna uyğun şəkildə bu məsələni izah edəsiniz. Bankdan Bələdiyyəyə ipoteka muqaviləsini aparsam vergidən azad ola bilərlərmi?
Vüsal, [email protected] (15.03.2018) (Oxunub: 11 dəfə, ID: 16792)
Cavab: Bildiririk ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mülki Məcəllənin 269.2-ci maddəsinə uyğun olaraq girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
Mülki Məcəllənin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması deməkdir.
Göründüyü kimi, əşyanın yüklülüyü, o cümlədən də girov və ipoteka hüququ mülkiyyətçinin əşyaya (əmlaka) olan mülkiyyət hüququna xitam verilməsi deyil, yalnız girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün həmin hüququn məhdudlaşdırmasıdır.
Məhz bu baxımdan girov qoyulan əmlaka görə onun mülkiyyətçisi əmlak vergisini ödəməlidir.
0 Komment
Şərh yazın