Vergilər Nazirliyinə İRAD: "Sadələşdirlimiş verginin adı qalıb əslində mürəkkəb olur ilbəil"
"Xidmət göstərən və ya icarə obyekt verən nə üçün qaimə-faktura elekton təqdim etməlidir, anlamıram"
Sual: Neçə illər əvvəl hələ sovet zamanında qaimə-faktura digər şirkətdən mal-material alındıqda təqdim edilirdi. Məsələn, təchizat şöbəsinin işçisi mal-materialı digər şirkətdən aldıqda ona qaimə- faktura verilirdi. O da bu qaimə-fakturanı malı anbara təhvil verib anbardara təqdim edirdi. İndi yeni qanunla xidmət göstərəndə elektron qaimə-faktura verməlidir, hətta obyekt icarəyə verəndə qaimə-faktura verməlidir. Qaimə-fakturada malın adı, çəkisi, miqdarı, qiyməti və s. göstərlir. Xidmət göstərən və ya icarə obyekt verən nə üçün qaimə-faktura elekton təqdim etməlidir, anlamıram. Xidmətdən gəlir və ya icarədən gəlir olursa mədaxil qəbzi yazılır və bəyannamə verilir. Vergi orqanları da bu barədə yetərincə məlumat alır. İndi mən icarə obyekt verirəmsə buna görə mühasib işə götürməliyəm ki, elektron qaimə-faktura təqdim edə bilim. Sadələşdirlimiş verginin adı qalıb əslində mürəkkəb olur ilbəil.
Amil, [email protected], Sumqayıt şəhəri (10.01.2018)
Cavab: Bildiririk ki, mədaxil qəbzi yalnız pul vəsaitlərinin qəbulunu təsdiqləyən sənəddir, xidmətin göstərilməsi isə qüvvədə olan qanunvericiliyə əsasən elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir.
Onu da qeyd edək ki, əmlakını icarəyə verən fiziki şəxs sadələşdirilmiş vergini tətbiq edə bilməz, həmin şəxs yalnız gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Əlavə olaraq bildiririk ki, qanunvericiliyinin təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təklifləri aidiyyəti üzrə saytımızın “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi barədə təkliflərinizi bizə yaza bilərsiniz” rubrikasına göndərə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”.
0 Komment
Şərh yazın