Müəssisə işçiyə borc verərsə və ya kirayə ilə təmin edərsə...

Müəssisə işçiyə borc verərsə və ya kirayə ilə təmin edərsə...

Vergilər Nazirliyindən bu məsələyə aydınlıq gətirilib
 
Sual:  1.Müəssisə öz işçisinə borc verirsə, vergi qanunvericiliyi bu məsələyə necə yanaşır? 
2.İşçilərə verilən kompensasiya edilən xərclər gəlirdən hansı qaydada çıxılır və yaxud işçinin muzdlu işdən gəlirinə daxil edilir? İşçilərə verilən kirayə xərclərinə yanaşmada bəs? 
 
Zaur Süleymanov, [email protected], Bakı (17.11.2017) 
 
Cavab: Bildiririk ki, işçiyə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq muzdlu işdən gəlir kimi gəlir vergisinə cəlb olunmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 98.1-ci və 98.2.1-ci maddələri.
 
2. Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
 
Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
 
Odur ki, sorğunuzda qeyd olunan halda işçilərə çəkilən bu tip xərclər gəlirdən çıxılmadan işəgötürənin sərəncamında qalan sərbəst vəsait hesabına aid edilir.
 
Digər tərəfdən, mövcud qanunvericilikdə işəgötürən tərəfindən belə xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirin faydalanan işçinin vergi tutulan gəlirinə aid edilməməsi təsbit olunur. “Xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir” kimi əyləncə, yemək, mənzil və digər analoji formada əldə edilən fayda başa düşülür.
 
Misal olaraq, işçinin yaşadığı mənzilə görə ödənilən icarə haqqı müəssisə tərəfindən mənzilin mülkiyyətçisi ilə bağlanmış müqavilə əsasında həmin şəxsə ödənildiyi halda bu məbləğlər işçinin vergi tutulan gəlirlərinə aid edilmir.
 
İcarə haqqı işçiyə ödənildikdə isə bu işəgötürən tərəfindən işçinin xərclərinin əvəzinin ödənilməsi hesab olunaraq ödənilən məbləğ işçinin muzdlu işlə əlaqədar gəliri kimi gəlir vergisinə cəlb olunmalıdır.
 
Bax: Vergi Məcəlləsinin 98.5-ci, 108-ci və 109.3-cü maddələri.

0 Komment

    Şərh yazın