Sığorta şirkətlərində elektron qaimə faktura necə tənzimlənəcək?
Sığorta müqaviləsi buraxılandan sonra paralel olaraq elektron qaimə faktura sığortalıya təqdim edilməlidirmi, yoxsa müqavilə Sığortalı tərəfindən imzalanıb Sığortaçıya təqdim edildikdən sonra bu baş verməlidir və ya sığorta haqqı Sığortaçının hesabına daxil olduqdan sonra EFQ Sığortalıya təqdim edilməlidir?
Sual: 1. Sığorta müqaviləsi buraxılandan sonra paralel olaraq elektron qaimə faktura sığortalıya təqdim edilməlidirmi, yoxsa müqavilə Sığortalı tərəfindən imzalanıb Sığortaçıya təqdim edildikdən sonra bu baş verməlidir və ya sığorta haqqı Sığortaçının hesabına daxil olduqdan sonra EFQ Sığortalıya təqdim edilməlidir?
Əgər müqavilə imzalanmamış EQF təqdim edilərsə və sığortalı hər hansı səbəbdən müəyyən müddət keçdikdən sonra müqavilədən imtina edə və onu imzalamaya bilər. Belə olan halda EQF-nin ləğv edilməsi hansı qaydada həyata keçməlidir?
2. Həyatın yığım sığortası müqavilələri üzrə sığorta haqqı aylıq olaraq 36 ay ərzində ödənilir. Bu müqavilələr üzrə EQF aylıq olaraq təqdim edilməlidir, yoxsa 3 illik müddətə hesablanmış ümumi məbləğə?
İntiqam Seyfulla, [email protected] (04.01.2018)
Cavab: Bildiririk ki, sığorta fəaliyyətinin mahiyyəti sığorta müqaviləsinin bağlanması ilə bir şəxsin (sığortalının) özünün və ya digər şəxsin (faydalananın) ehtimal olunan risklərinin sığortaçıya ötürülməsi, bunun üçün sığortalı tərəfindən müqavilənin müddətində sığorta haqqlarının ödənilməsi, müqavilədə nəzərdə tutulan sığorta hadisəsi baş verdikdə isə sığortaçı tərəfindən faydalanan şəxsə sığorta ödənişinin edilməsidir.
Sığorta xidmətinin başlanmasına əsas verən sənəd tərəflər arasında bağlanılan müqavilənin olduğunu və sığorta fəaliyyəti çərçivəsində göstərilən xidmətin özəlliyini nəzərə alaraq sığorta xidməti üzrə elektron qaimə-fakturası sığorta müqaviləsi bağlanılaraq qüvvəyə mindiyi tarixdə verilməlidir.
Malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə-fakturanın üzərinə 2 dəfə sıxmalıdır. Sonra açılan pəncərədə “Qaiməni ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir və “Qəbul” düyməsini sıxır.
Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə təsdiqlənir və nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv olunub” kimi əks olunur və sətrin rəngi qırmızıya çevrilir.
Onu da xatırladaq ki, elektron qaimə-fakturanın göndərilməsindən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) özə çıxdıqda dəqiqləşdirilmiş elektron qaimə-faktura hazırlanır.
Bunun üçün müvafiq pəncərədə “Qaimənin tipi“ bölməsində “Dəqiqləşdirilmiş” sözünü qeyd etmək və dəqiqləşdirilən e-qaimə-fakturanın seriya və nömrəsini daxil edib “Axtar” düyməsini sıxmaq lazımdır. Bu zaman qaimə üzrə məlumatlar ekrana çıxacaqdır.
Müvafiq düzəlişlər edilərək gücləndirilmiş elektron imza təsdiqləndikdən sonra e-qaimə-fakturaya yeni seriya və nömrə verilir.
Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş elektron qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən ayın sonuna kimi təsdiq edilməlidir. Əks halda elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.
Bax: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 dekabr 2007-ci il tarixli 519-IIIQ nömrəli Qanununun 1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
0 Komment
Şərh yazın