Hansı halda xeyli miqdarda vergiləri ödəməkdən yayınan şəxs məsuliyyətdən azad olunur?
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, baş ədliyyə müşaviri Vidadi Məmmədovun “Vergilər” qəzetinə müsahibəsindən:
- Təcrübə göstərir ki, ölkədə vergitutma mexanizmlərinin nə qədər təkmil olmasından asılı olmayaraq, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən vergilərin müxtəlif üsullarla ödənilməkdən yayındırılması hallarına həmişə rast gəlinir. Əsas məsələ bu kimi neqativ halların qarşısını almaq və cəmiyyətdə belə təzahürlərlə mübarizənin profilaktikasını aparmaq məqsədilə nəzarət mexanizmlərini daim təkmilləşdirməklə yanaşı, vergi inzibatçılığını möhkəmləndirən, vergiləri ödəməkdən yayınan sahibkarları məsuliyyətə cəlb edən sərt qanunvericiliyin də olması zəruridir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan maddə ilə nəzərdə tutulmuş cinayət xeyli miqdarda - yəni maddənin qeyd hissəsində göstərilən 2000 manatdan 50000 manatadək məbləğdə vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma olduqda baş vermiş hesab edilir.
Həmin cinayət əməli formal tərkiblidir. Xüsusiyyətlərindən asılı olaraq, saxta və ya təhrif olunmuş mühasibat və vergi sənədlərini rəsmiləşdirərək tərtib etmə anından, vergitutma obyektini gizlədərkən sənədlərin təqdim edilmə vaxtının bitdiyi andan, vergi və məcburi dövlət sosial sığorta haqlarını birbaşa ödəməkdən yayındırma hallarında onları ödəmək üçün müəyyən edilmiş müddət keçdiyi andan cinayət başa çatmış hesab olunur.
Mövcud təcrübə göstərir ki, CM-in 213-cü maddəsi ilə nəzərdə tutulmuş vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırma əməlləri fiziki şəxslər tərəfindən əsasən dövriyyənin həcmini azaltmaqla, xərclərini artıq göstərməklə, fəaliyyətlərinin bir hissəsini və əlavə gəlir mənbələri haqqında məlumatları təhrif etməklə, habelə saxta sənədlər təqdim etməklə törədilir.
Hüquqi şəxslər tərəfindən qeyd olunan cinayət əməli təşkilatın, müəssisənin həyata keçirdiyi kommersiya və ya başqa təsərrüfat-maliyyə əməliyyatlarının tam və ya qismən rəsmiyyətə salınmaması, vergi tutulması üçün əhəmiyyətli olan zəruri faktların qəsdən saxtalaşdırılmasına yönəldilmiş həqiqətə uyğun olmayan yalan məlumatların sənədlərə daxil edilməsi, əmlakın gizlədilməsi yolu ilə törədilir. Bununla yanaşı, qeyd olunan cinayəti törədən fiziki şəxslər kimi hüquqi şəxslərin rəhbərləri də bir çox hallarda gəlirlərini azaltmaqla və xərclərini artıq göstərməklə mənfəət vergisini ödəməkdən yayınırlar.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə nəzərdə tutulmuş vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinin bir sıra tövsifedici əlamətləri vardır ki, onlar həmin qanunazidd əməlin daha təhlükəli yollarla törədilməsinə qarşı yönəldilmiş və daha ağır növ cəzaları nəzərdə tutur.
Demokratik prinsiplər əsasında qurulmuş Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, CM-in 213-cü maddəsi ilə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs öz əməli nəticəsində dövlətə vurduğu ziyanı tamamilə ödədikdə məsuliyyətdən azad olunur. Qanunun həmin norması təcrübədə geniş tətbiq edilir və onun müəyyən prosedur qaydaları mövcuddur. İstintaq zamanı şəxsin CM-in 213-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi hərtərəfli araşdırılaraq sübuta yetirilməli, şəxsiyyəti yoxlanılaraq cinayəti ilk dəfə törədib-törətməməsi aydınlaşdırılmalı, dövlətə vurulmuş ziyanın ödənilməsinə dair təsdiq olunmuş sənəd iş materiallarına əlavə edilməlidir.
0 Komment
Şərh yazın