Amerikalılar hamıya - iş yerlərini tez-tez dəyişən cavanlara və kreslodan dördəlli yapışan qocalara - bir gözlə baxırlar

Amerikalılar hamıya - iş yerlərini tez-tez dəyişən cavanlara və kreslodan dördəlli yapışan qocalara - bir gözlə baxırlar

SUSAN MCANICH: “İŞ İLƏ İŞÇİ ARASINDA İDEAL UYĞUNLUQ İŞİN ÖZÜNDƏN ÇOX, BIZIM ÖNƏM VERDIYIMIZ DƏYƏRLƏRDƏN ASILIDIR”

-    Mənim üçün maraqlıdır ki,  Amerikada işçilərin tez-tez iş dəyişməsi adi haldırmı? Qısa müddət çalışdıqdan (misal üçün, 1-2 ay) sonra başqa işə keçən işçinin hərəkəti cəmiyyət tərəfindən necə qəbul olunur? Bir də uzun müddət bir vəzifədə uğurlu çalışaraq yerini heç kes vermək istəməyən işçiyə amerikalılar necə münasibət bəsləyirlər?

-İlk öncə onu deyim ki, mən biznes məsələləri üzrə psixoloq deyiləm, ona görə də biznes sferası və işlə bağlı məsələlərdə məhdud peşəkar təcrübəm var. Bununla belə, işəgötürənlərin işçilərdən nə gözlədikləri barədə müəyyən təsəvvürüm var: İşinin öhdəsindən gəlmək. İşçilər nə qədər stabil işləsələr, iş bir o qədər yaxşı yerinə yetirilmiş olar. Ona görə də, işçilərin tez-tez işlərini dəyişmələri qəbuledilən deyil. Bu nə biznes üçün, nə də işçi üçün yaxşı haldır. İşçi işdən çıxarılarsa, yaxud da çıxarsa, bunun həmin işçinin imicinə təsiri olur. Çünki həmişə işəgötürən və işçi arasında problemin nədə olması ilə bağlı suallar yaranır və onların hər birinin verdiyi izahat müxtəlif olur.
Əgər işçi işdən çıxırsa və tez-tez iş yerini dəyişırsə, bunun səbəblərinin aydınlaşdırılması maraqlı olardı. Bizim hər birimiz seçim edərkən bəzən ətraflı düşünmədən addım atırıq. Bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq, əslində iş ilə işçi arasında ən yaxşı uyğunluq işin özündən yox, daha çox bizim önəm verdiyimiz dəyərlərdən asılıdır. Dəyərlər bizim inandıqlarımız, münasibətlərimiz və mühakimələrimizdir. Fərd özü üçün ən vacib dəyərləri müəyyənləşdirmirsə, çox vaxt yalnış qərarlar vermək riski ilə üz-üzə qalır və iş yerin tez-tez dəyişir.
Karyera mütəxəssisləri işlə bağlı dəyərləri bir neçə kateqoriyaya bölürlər:
-    Vacib dəyərlər . Bunlar qeyri-maddi və gözlə görünməyən dəyərlərdir. Məsələn, başqalarına kömək etmək, işə görə hörmətə layiq görülmək, digərlərinə təsir etmək, mütəxəssis olmaq, yaradıcı olmaq və sair;
-    Kənar dəyərlər. Bunalar maddi və görünən dəyərlərdir. Məsələn, işçinin ətrafı, işdə vəzifə, iş yerinin verdiyi faydalar, əməkhaqqı və qazanmaq potensialı, nəzarət imkanına və səlahiyyətə malik olmaq, səyahət imkanları, komanda işi, müntəzəm iş saatları, işin prestiji və sair;
-    Həyat tərzi dəyərləri. Məsələn, harada və necə yaşamaq, boş vaxtı necə keçirtmək və sair.
Cavan olanda iş yerinin tez-tez dəyişdirilməsi daha çox anlaşılan və qəbul ediləndir. Çünki bu mərhələdə həmin şəxs özünün iş ilə bağlı dəyərlərini və marağını müəyyənləşdirməyə başlayır. Yeni işəgötürənin nə düşünəcəyi ilə bağlı narahatlığı minimuma endirmək üçün gənc işçi özünün keçmişi barədə onunla danışmalıdır və bu zaman özünün dəyərlərini göstərməyə çalışmalıdır. Həmçinin, gənc işçi hər bir işdə nəyə nail olduğunu göstərməli və əvvəlki işlərin hansı tərəflərinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirməlidir.
Siz amerikalıların uzun müddət bir yerdə qalıb mükəmməl iş sərgiləyən və işini dəyişməkdə maraqlı olmayan işçilərə qarşı münasibətləri barədə də soruşdunuz. Mətbuatdan oxuduqlarım və şahidi olduğum bir neçə hadisədən deyə bilərəm ki, elə amansız şirkətlər var ki, tamah və güc məqsədilə bütün vasitələrlə (qanuni və qanunsuz yollarla) təcrübəli işçiləri işdən çıxmağa məcbur edirlər. Əksər şirkətlərin müəyyən bir yaşda pensiyaya çıxmaq kimi tələbləri var. Adətən bu, təxminən 65 yaşda olur. Sizin sualınızda vacib məqam ondan ibarətdir ki, daha yaşlı işçi daha yaxşı iş görür. Ona görə də gənclər uğur nərdivanını çıxmaqda çətinliklə üzləşə və daha yaşlı, lakin təcrübəli işçilər tərəfindən əngəllənə bilərlər. Ancaq əksər amerikalılar təcrübəyə önəm verir və yaşlı işçiyə hörmətlə yanaşırlar.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər