«Azersell»in baş mühasibi Emin Haşımov: «Mühasib ilk növbədə, dəqiq olmalıdır»
«ALİ TƏHSİLİNİ YENİCƏ BAŞA VURMUŞ MÜHASİBLƏRİN PRAKTİKİ BİLİKLƏRİ ÇOX AŞAĞI SƏVİYYƏDƏ OLUR»
“İMPROTEKS”DƏN «AZERCELL»Ə DOĞRU
- Söhbətimizə körpü salmaq üçün, zəhmət olmasa özünüz haqda məlumat verərdiniz. Hansı institutu bitirmisiniz, «Azercell»ə gəlməmişdən öncə haralarda çalışmısınız? Bu vəzifəyə gəlmək üçün hansı mərhələlərdən keçmisiniz?
- Öncə jurnalınızda mənə söz demək imkanı yaratdığınıza sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Özümə gəldikdə isə, 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə təhsilimi başa vurmuşam. Bu ixtisas üzrə təhsil aldığım müddətdə iqtisadiyyatın müxtəlif sahələrinin riyazi modellərinin, proqramlarının yazılması üzrə biliklər almışam. İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində əmək fəaliyyətinə başlamışam. 1980-ci ildə aspiranturaya qəbul olunmuşam. 1983-cü ildə elmi işimlə əlaqədar Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində əmək fəaliyyətimi davam etdirmişəm. Mühasibatlığa gəlişim də buradan başlayıb. Azərbaycana kompyuterləri ilk dəfə gətirən müəssisələrdən biri kimi hesablama mərkəzində mühasibat uçotunun müxtəlif sahələrinin (mal-materialların hərəkətinin uçotu, əmək haqının uçotu və s.) proqramlaşdırılması məsələləri ilə məşğul olmağa başladım. Onu da deyim ki, qoyulan məsələnin incəliklərini mühasibdən də yaxşı bilmək lazım idi ki, nəticə effektli olsun. Beləliklə iş prosesində mühasibat uçotunu dərindən öyrənməyə başladım. Daha sonra Azərbaycanda iri özəl şirkətlərdən biri olan “İmproteks” şirkətinin baş mühasibi vəzifəsində çalışmışam. 2000-ci ilin mart ayından “Azercell”də işləyirəm. 2001-ci ilin avqustundan baş mühasib vəzifəsinə təyin olunmuşam.
MƏSULİYYƏTİN VƏ QÜRURUN VƏHDƏTİ
- Necə fikirləşirsiniz, Azərbaycanın ən böyük özəl şirkətlərindən birinin maliyə-mühasibatlıq işinə rəhbərlik etmək məsuliyyətdir, yoxsa böyük uğurun göstəricisidir?
- Azərbaycanın qeyri-neft sektorunun ən iri şirkətinin mühasibatlığına rəhbərlik etmək həm böyük məsuliyyətdir və həm də böyük uğurun nəticəsidir. Məsuliyyətdir ona görə ki, şirkət sahibləri mənə inanıb bu vəzifəyə təyin ediblər. Bu inamı heç vaxt qırmaq olmaz. Böyük uğurun nəticəsidir ona görə ki, əvvəlki illərdə əldə etdiyim biliklərin sayəsində «Azercell» kimi mobil rabitə sahəsində lider şirkətin baş mühasibi vəzifəsində çalışıram. «Azercell»in hər bir əməkdaşı kimi mən də bu şirkətdə çalışdığıma görə qürur hissi duyuram. «Azercell Telecom» 13 ildən artıq bir müddətdir ki, Azərbaycanda mobil rabitə xidməti göstərir. Bu dövr ərzində abunəçilərimizin sayı 3,7 milyona çatıb. Bundan əlavə, həyata keçirdiyimiz fəaliyyət və sosial layihələrlə əlaqədar minlərlə müxtəlif tərəfdaş şirkətlərlə münasibətlərimiz var. İstənilən abunəçimizə və tərəfdaşımıza qarşı məsuliyyətli davranışımız uğurumuzu təmin edən amildir.
- Sizcə, ölkəmizin vergi, əmək, sosial müdafiə sahəsindəki qanunvericilik aktları təkmildirmi və bu aktlarda tez-tez edilən dəyişikliklər bir mühasib kimi işinizdə çətinlik yaratmır ki?
- Azərbaycan müstəqillik qazandıqdan sonra qanunvericiliyin digər sahələrində olduğu kimi vergi, əmək, sosial müdafiə sahəsində də daim təkmilləşmə aparılır. Mühasib işini doğru aparmaq üçün qanunvericilikdə edilən dəyişiklikləri daim izləməlidir. Bunun üçün kifayət qədər informasiya mənbəyi var. Hər bir nazirliyin saytında qanunlara edilmiş dəyişikliklər dərc olunur, sual-cavab rubrikasında maraqlı suallar olur. Əvvəllər Vergi Məcəlləsinə edilən düzəliş və dəyişiklikləri il başlayanda alırdıqsa, bu il 1 yanvar 2010-cu ildən Vergi Məcəlləsinə olunacaq dəyişikliklər 2009-cu ilin ortalarında artıq dərc edilib. «Azercell» kimi böyük şirkətlərdə bunları vaxtında bilib hazırlıq işlərini görmək mühüm əhəmiyyət kəsb edir.
YAXŞI MÜHASİB OLMAĞIN SADƏ RESEPTİ
- Mühasiblərin şirkətə işə qəbulu zamanı daha çox nələrə üstünlük verirsiniz?
- «Azercell»ə istənilən işçi götürülərkən bir neçə mərhələdən ibarət seçim prosesindən keçməli olur. Konkret mühasib vəzifəsinə işə qəbul olunan şəxs ilk növbədə, dəqiq olmalıdır. Bundan əlavə, tərəfimizdən irəli sürülən tələblərdən ən əsası mühasibatlığa aid verdiyimiz sualları cavablandırarkən ikili yazılışa dəqiq əməl olunmasıdır.
- Mühasib işini düzgün qurmaq üçün il növbədə nələr etməlidir? Yaxşı mühasibi bir neçə kəlmə ilə necə xarakterizə edərdiniz?
- İşini düzgün qurmaq istəyən mühasib ilk növbədə, öz işinə məsuliyyətlə yanaşmalıdır, əməliyyatları mühasibat hesablarına işləyərkən dəqiq olmalıdır, bütün işləri səbrlə görməlidir, sənədləşməni düzgün aparmalıdır, bu sənədlərin saxlanmasına xüsusi diqqət yetirməlidir, çünki sənədlərə istənilən vaxt (xüsusilə də, yoxlamalar zamanı) qayıtmaq lazım gəlir. Bütün bu dediklərimdən sonra yaxşı mühasibi bir neçə kəlmə ilə belə xarakterizə edərdim: məsuliyyətli, dəqiq, təmkinli, işgüzar və səliqəli olmalıdır.
- Karyerasının ilk pillələrində olan gənc mühasiblərə uğurla irəliləmək üçün nələri tövsiyə edərdiniz?
- Karyerasının ilk pillələrində olan gənc mühasiblərə uğurla irəliləmək üçün seçdikləri mühasib işini dərindən öyrənməyi, qanunvericilik bazasını bilməyi və işində diqqətli olmağı tövsiyə edirəm.
AVTOMATLAŞDIRMA MÜHASİBDƏ NƏYİ DƏYİŞİR
- Ali təhsilini başa vurub yeni işə başlayan gənc mühasiblərin səviyyəsi Sizi qane edir?
- Adətən, ali təhsilli məzunların arasında nəzəri biliklərə malik olan gənc mütəxəsislərə rast gəlinir. Lakin onların praktiki bilikləri çox aşağı səviyyədə olur ki, bunun da səbəbi təcrübənin olmamasıdır. Əgər mühasib peşəsini seçən şəxs işgüzardırsa, öyrənməyə maraqlıdırsa və peşəkarlar arasında əmək fəaliyyətinə başlayırsa, vaxt keçdikcə təcrübəyə yiyələnməklə səviyyəli mühasib olacaq.
- Mühasibatlığın avtomatlaşdırılması Sizcə, gələcəkdə işçilərin məsuliyyətsizliyinə səbəb ola bilərmi?
- Mühasibin əsas fəaliyyəti əməliyyatların qeyd olunması və onların müvafiq hesablara işlənməsindən ibarətdir. O, bu əməliyyatları vaxtı ilə müəyyən jurnallara, kitablara işləyirdisə, hazırda çoxlu sayda mühasibat uçotu proqramları mövcuddur və bu proqramlardan geniş surətdə istifadə olunur. Bu proqramlar müəssisənin maliyyə, uçot proseslərinə uyğun olaraq seçilir. Mühasibat uçotu proqramı müəssisə üçün düzgün quraşdırılıbsa, bu proqramdan istifadə edən mühasiblər öz işlərinin peşəkarıdırlarsa və onun imkanlarından tam şəkildə istifadə edirlərsə, müəssisənin mühasibat uçotunda işlər qaydasında olacaq. Məncə, mühasibatlığın avtomatlaşdırılması ilə işçilərin məsuliyyətsizliyi arasında heç bir əlaqə yoxdur, çünki məsuliyyətsiz işçi istər proqramdan istifadə etsin, istərsə də etməsin - o elə məsuliyyətsiz olaraq qalacaq.
Sonda istərdim ki, bizim işimizə və ölkəmizin aparıcı mobil operatoru olan «Azercell Telecom» şirkətinə göstərdiyiniz diqqətə görə sizə öz təşəkkürümü bildirim.
- Biz də jurnalın kollektivi adından müsahibə istəyimizi yerə salmadığınıza və səmimi söhbətinizə görə Sizə təşəkkür edirik.
0 Komment
Şərh yazın