Bakı bələdiyyələrinin əmlak vergisi saxtakarlığı

Bakı bələdiyyələrinin əmlak vergisi saxtakarlığı

Bələdiyyələr Bakı şəhərində yaşayış binaları üzrə əmlak vergisini yeni üsulla toplamağa başlayıb. Paytaxtın bəzi rayonlarının yerli özünüidarəetmə orqanları mənzil kommunal istismar sahələri ilə (“JEK”) razılaşmaya gedərək fiziki şəxslərdən əmlak vergisinin yığılmasını onlara həvalə edib. Razılaşma belə olub ki, arayış almaq üçün «JEK»ə müraciət edən vətəndaşlara əmlak vergisini ödəməyəcəyi halda sənəd verilməyəcəyi bildirilsin, zar-zor üsulla vergi toplanılmasına cəhd edilsin. Bunun müqabilində bələdiyyələr toplanan vergi məbləğinin təxminən 20-25 faizini xidmət haqqı kimi mənzil kommunal istismar sahələrinə ödəməyə razılıq verib. Əmlak vergisinin hesablanmasının qeyri-adi üsulu da «kəşf edilib».  Bələdiyyələr binanın layihəsindən asılı olaraq mənzilin hər kvadrat metrinə görə «havadan» vergi təyin edərək bunun əsasında hesablamalar aparırlar: «Leninqrad», «Kiyev», «Minsk» layihəli evlərin hər kvadratmetri üçün 0.24 manat, «Stalin», «Xruşşov» layihəli evlər üçün isə 0.28 manat. Bu isə “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və Vergi Məcəlləsinə ziddir.

Öncə ondan başlayaq ki, mənzil-kommunal istismar sahələrinin bələdiyyələrin əvəzinə vergi toplaması qanunsuzdur. Çünki qanunvericiliyə əsasən, bələdiyyələr yerli vergi və ödənişlərin toplanmasını təmin etmək məqsədilə öz vergi xidməti orqanlarını yaratmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununa əsasən, maliyyə fəaliyyəti üzrə yerli özünüidarəetmə orqanlarına aşağıdakı hüquqlar verilib:

- Məqsədli büdcədənkənar fondlar yaratmaq;

- Bələdiyyə lotereyaları buraxmaq;

-    Kredit almaq;

- Yerli vergi və ödənişlərin toplanması üçün vergi orqanı yaratmaq;

- Bələdiyyə xəzinədarlığı yaratmaq;

- Kassa əməliyyatı aparmaq üçün müvəkkil bank seçmək.

Bələdiyyələrin vergi xidməti orqanları yerli öüzünüidarəetmə orqanının qərarına əsasən, icra aparatının strukturunda yaradılmalıdır. Bələdiyyələr tərəfindən yaradılmış vergi xidməti orqanının fəaliyyəti isə “Bələdəyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”  ilə tənzimlənir. Vergi xidməti orqanının vəzifələrindən biri də yerli vergilərin və ödənişlərin qanunverciliklə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə yerli büdcəyə toplanmasına nəzarətdir. Ərazi, maliyyə imkanları, yerli vergilərin miqdarından, ödəyicilərin sayından və digər meyarlardan asılı olaraq bir neçə bələdiyyə saziş əsasında onlara xidmət edən birgə vergi orqanı yarada bilər. Qanunvericilikdən göründüyü kimi, yerli vergilərin bələdiyyə büdcəsinə ödənilməsi məqsədilə yerli özünüidaretmə orqanının dövlət və ya özəl strukturlarla müqavilələrin bağlanması nəzərdə tutulmayıb.

Bələdiyyə büdcəsinə israfçı yanaşma

“Bələdiyyələrin maliyyə əsasları haqqında” Qanununda göstərilir ki, bələdiyyə büdcəsi ölkənin büdcə sisteminin tərkib hissəsi olmasına baxmayaraq, dövlət büdcəsinin tərkibinə daxil deyil, müstəqildir. Mövcud maliyyədən necə istifadə etmək haqqında heç bir orqanın bələdiyyələrə göstəriş vermək və ya onun fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur.  Ancaq qanunvericiliyin bələdiyyələrin maliyyə müstəqiliyini tanıması onlara əsas vermir ki, vəsaitdən qeyri-səmərəli istifadə etsin. Çünki maliyyədən qeyri-səmərəli istifadə nəticə etibarilə bələdiyyənin büdcəsinin zəifləməsinə və ərazinin problemlərinin həll edilməməsinə səbəb olacaq. Bələdiyyələrin həm vergi xidməti şöbələrinin işçilərinə əməkhaqqı, həm də fiziki şəxslərdən əmlak vergisinin toplanması müqabilində «JEK»lərə faiz ödəməsi məhz israfçılıq əlamətidir. Dediyimiz kimi vergini yalnız bələdiyyələrə məxsus yerli vergi xidməti orqanları toplaya bilər. Bələdiyyələrin yerli vergiləri öz gücünə toplaya bilməməsi isə başqa bir yazının mövzusudur.

QEYRİ-QANUNİ HESABLANAN ƏMLAK VERGİSİ

Bələdiyyələr tərəfindən toplanmalı olan fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydaları Vergi Məcəlləsi ilə tənzimlənir. Belə ki, Məcəllənin 200-cü maddəsinə əsasən, binalar üzrə əmlak vergisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada, binaların inventar dəyərinə əsasən hesablanır. Qeyd edək ki,  Məcəllənin 198-ci maddəsinə əsasən, fiziki şəxslərin mülkiyyətində olan binanın inventar dəyəri  5000 manata qədər olduqda vergi tutulmur, 5000 manatdan artıq məbləğdən isə 0.1% əmlak vergisi ödənməlidir. İndiki halda bələdiyyələr mənzillərin sahəsini və layihəsini əsas götürərək vergi hesablayır. Öncə qeyd etdiyimiz kimi, əmlak vergisi YALNIZ binaların inventar dəyərinə uyğun hesablanmalıdır, digər hesablama qaydaları qeyri-qanunidir. Bələdiyyələrin binalara əmlak vergisi hesablayan zaman bazar qiymətini və yaxud mənzilin sahəsini əsas götürməsinin heç bir qanunvericilik əsası yoxdur. Çoxmərtəbəli binaların əmlak vergisini hesablanması üçün bələdiyyələr “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna əsasən, ərazilərində yerləşən əmlakın Nazirlər Kabinetinin 1999-cu il 28 iyun tarixli 110 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların invertar dəyərlərinin hesablanması” qaydasına əsasn qiymətləndirilməsi barədə qərar qəbul etməlidirlər. Əmlakın qiymətləndirilməsi isə peşəkar qiymətləndirici tərəfindən aparılmalıdır. Qiymətləndirmə bələdiyyələrin vəsaiti hesabına maliyyələşdirilməlidir. İnventar dəyəri müəyyənləşdikdən sonra hər bir mənzil sahibinin ödəyəcəyi əmlak vergisinin məbləği binanın dəyərindəki payına (və ya mənzillərin sahəsinə görə müəyyən edilmiş əmsala) uyğun hesablanmalıdır.

NƏTİCƏ NECƏ OLACAQ?

Bir necə il öncə Bakı şəhər Xətai bələdiyyəsi çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişi göndərmişdi. Həmin tədiyyə bildirişində göstərilən əmlak vergisi vergitutma obyekti olan mənzillərin sahəsinə əsasən hesablanmışdı. O vaxt Vergilər Nazirliyi və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin birgə əməkdaşlığı nəticəsində qeyd edilən qanun pozuntusunun qarşısı vaxtında alındı, bələdiyyənin özbaşına verdiyi qərar ləğv olundu. Ümid edirik ki, bu dəfə də hər iki dövlət qurumu növbəti bələdiyyə qanunsuzluğunun qarşısına qanuni sipər çəkmək üçün operativ tədbirlər görəcək.

1 Komment

  1. Hafiz 24 Noyabr 2021

    Salam hər vaxtınız xeyir Mən xətai rayonunda yaşayıram. Pensiyaçıya. Bələdiyyə mənə tədiyə bildiriş göndərib. Bu nə deməkdir?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər