MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARI VƏ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARINA RƏSMİ BAXIŞ

MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARI VƏ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARINA RƏSMİ BAXIŞ

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov "MK"-nın 3 cü sayina (avqust, 2009) müsahibəsindən

Təxminən 100 il bundan öncə Rusiya imperiyasını devirən, SSRİ kimi böyük ölkənin təməlini qoyan V.İ.Lenin “uçotu” kommunizmin yarısı adlandırmışdı. Çox keçmədi ki, kommunizmin bir əfsanə olduğu aydınlaşdı. Ancaq «hər əfsanədə bir həqiqət var», deyirlər. Bu əfsanə ilə bağlı ən böyük həqiqət hər bir yeni iqtisadi formasiyanın özünə uyğun yeni, mükəmməl uçot sistemi tələb etməsidir.
Sosializm xülyasının puça çıxması, bazar iqtisadiyyatının həyatımıza nüfuz etməsi bir daha sübut etdi ki, yeni iqtisadi münasibətlər sisteminə keçid bütün sahələrdə yeniləşməni, köhnə iş metodlarından əl çəkib, beynəlxalq standartlara uyğunlaşmanı qaçılmaz edir. İqtisadiyyatdakı forma dəyişikliyinin yeni, Qərb ölkələrində sınaqdan çıxmış vasitələrlə uçota alınması, hesabatlarda əks olunması kimi böyük bir işin öhdəsindən uğurla gələn Maliyyə Nazirliyi Milli Mühasibat Uçotu Standartları və  Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını hazırlamışdır. Standartların hazırlanmasına böyük enerji və vaxt sərf etmiş Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərova suallarımızı cavablandırdığına görə bir daha təşəkkürümüzü bildirir və yeni standartların ətraflı izahını oxuculara təqdim edirik.


MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARI VƏ MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARI NECƏ HAZIRLANMIŞDIR?

- 29 iyun 2004-cü il tarixli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda uçot siyasətinin əsas istiqamətləri müəyyən edilmişdir. Həmin Qanunda konseptual baxımdan standartlara uyğun uçotun aparılması qaydaları qeyd olunub. Bu Qanunun tələblərinə əsasən 2006-ci ilin versiyası üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcümə olunmuş rəsmi mətnlərinin Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi Fondu tərəfindən təsdiq edilməsi işi təşkil olunmuşdur. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına adı çəkilən Fondun müəyyən etdiyi qaydalara uyğun olaraq beynəlxalq audit şirkətləri (PricewaterhouseCoopers, Ernst&Young, Moore Stephens) tərəfindən rəy verilmişdir. Bu standartlar əsasında tərəfimizdən 37 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, 27 adda Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqi üzrə Şərhlər və Tövsiyələr, bundan başqa İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında 24 adda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, 1 adda Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı, habelə “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”  hazırlanmışdır. Milli standartlar “Mühasibat uçotu haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2005-ci il tarixli 250 s nömrəli Sərəncamı ilə yaradılmış Muhasibat Uçotu üzrə Məsləhət Şurası tərəfindən rəy verildikdən sonra təsdiq edilmişdir. Qanunun 6.0.2 və 6.0.3-cü maddələrinə əsasən Milli Mühasibat Uçotu Standartları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. Lakin milli standartlarla beynəlxalq standartlar arasında konseptual baxımdan fərq olmasa da müəyyən texniki fərqlər mövcuddur. Belə ki beynəlxalq standartlarda maliyyə hesabatlarının nümunəvi forması əks etdirilməmiş, yalnız bu hesabatlar üzrə minimum tələblər göstərilmişdir. Ona görə Milli Standartları hazırlayan zaman mühasiblərə kömək üçün maliyyə hesabatlarının tərtibi üzrə lazımi formaların nümunələrini hazırladıq və standartlara əlavə etdik. Mühasibat balansı, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin  hərəkəti və s. kimi hesabatların formalarını hazırlamışıq. Yeni Hesablar Planına gəlincə isə, deyim ki, sintetik hesablar planı artıq təsdiq edilmişdir. Köhnə hesablar planından fərqli olaraq subhesabları Yeni Hesablar Planında göstərmədik və bu məsələdə təşkilatlara sərbəstlik verdik. Təşkilatlar uçot siyasətinə və iş xüsusiyyətlərinə uyğun olaraq özləri istifadə edəcəyi subhesabları müəyyənləşdirə bilər. Əgər əvvəllər təşkilatlar 3-5 səhifəlik uçot siyasəti hazırlayırdısa, indi vəziyyət dəyişib, həmin sənəddə istifadə olunan amortizasiya, qiymətləndirmə metodları və istifadə ediləcək standartlar haqqında geniş məlumat verilməlidir. Misal üçün sırf istehsal müəssisəsi olan təşkilat təbii ki, uçot siyasətinə 41 saylı “Kənd təsərrüfatı” standartını daxil etməyəcək. Deməli, təşkilat uçot siyasətində istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi standartlar haqqında açıqlamalar verməlidir.

KİÇİK SAHİBKARLIQ SUBYEKTLƏRİ ÖZ UÇOTUNU NECƏ QURMALIDIR?


- “Mühasibat uçotu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri maliyyə hesabatlarını kiçik sahibkarlıq subyeklərində sadələşdirilmiş uçotun Qaydalarına uyğun olaraq tərtib etməlidirlər.  Hazırda kiçik sahibkarlıq subyektləri uçotlarını Maliyyə Nazirliyinin İ-06 saylı 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”na əsasən aparmalıdır. Bu Qaydalar vergi qanunvericiliyinə uyğun tərtib edildiyindən kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılmasında və müvafiq maliyyə hesabatlarının hazırlanmasında heç bir uyğunsuzluğa səbəb olmamışdır.  Bu səbəbdən sadələşdirilmiş vergi ödəyicisi olmayan kiçik sahibkarlıq subyektlərində ötən illərdə istifadə olunan hesablar planı üzrə mühasibatlığın aparılması tövsiyə olunur. Həmin Qaydalarda sadələşdirilmiş vergi ödəyicisi olan və olmayan kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması qaydaları geniş şəkildə izah olunmuşdur. Kiçik sahibkarlıq subyektləri mühasibat uçotunu vergi qanunvericiliyi üzrə apardığı üçün onların maliyyə hesabatları vergi qanunvericiliyinin tələbləri əsasında tərtib edilməlidir.

İCTİMAİ ƏHƏMİYYƏTLİ QURUMLAR MALİYYƏ HESABATLARINI NECƏ HAZIRLAMALIDIR?


- “Mühasibat uçotu haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bütün ictimai əhəmiyyətli qurumlar tələb olunan maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edirlər. Qanunun 2.1.9-cu maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlara  kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində Nazirlər Kabinetinin  müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları daxildir. Nazirlər Kabinetinin  20 iyun 2005-ci il tarixli 108 saylı Qərarı ilə təsdiq olunan meyar göstəriciləri bu cür müəyyən olunmuşdur: İllik gəlir 30 mln manat, hesabat dövrü ərzində işçilərin orta sayı 1200, balansın yekun məbləği 100 mln manat. Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 140 nömrəli Qərarı ilə 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı təsdiq olunmuşdur. Bu siyahıda “Azərenerji” ASC, “Azərcell” Birgə Müəssisəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ-ın “Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodu, ARDNŞ-ın «Azərneftyağ Neft Emalı» zavodu, Azərbaycan Respublikasının Dövlət Neft Kəmərləri İdarəsi,ARDNŞ-ın «Marketinq və İqtisadi Əməliyyat İdarəsi», ARDNŞ-ın «Azneft» İstehsalat Birliyi, Azərbaycan Dövlət Dəmir Yolu, Bakı Metropoliteni, «Azərbaycan Hava Yolları» QSC, «Azərbaycan Hava Yolları» QSC-nin «Milli Aviasiya Şirkəti», Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «Azəriqaz» QSC, «Azəriqaznəql» İstehsalat Birliyi, “Azərsu” ASC, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi, «Azərkimya» Dövlət Şirkəti, «Azərkimya» Dövlət Şirkətinin «Etilen-polietilen» zavodunun adları qeyd olunmuşdur. Bu təşkilatlar hesabat dövründən sonrakı il başa çatdıqdan sonra illik maliyyə hesabatlarını hazırlamalıdırlar. Beynəlxalq təcrübəyə əsasən, bu cür hesabatlar 3-4 ay ərzində hazırlanmalıdır. Konsolidə edilmiş hesabatlar isə 6 ay ərzində yekunlaşdırılmalıdır. Bundan başqa, Qanunun 10.1.2 maddəsinə əsasən Ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilat¬ları öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilərlər. Bu hesabatlar aşağıdakı komponentlərdən ibarətdir:
-    Mühasibat balansı;
-    Mənfəət və zərər haqqında hesabat;
-    Kapitalda dəyişikliklər haqqında hesabat;
-    Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
-    Uçot siyasəti və izahlı qeydlər.

KOMMERSİYA TƏŞKİLATLARI MALİYYƏ HESABATLARINI NECƏ HAZIRLAMALIDIR?


- “Mühasibat uçotu haqqında” Qanunun 10.1-ci maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidirlər. Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları Maliyyə hesabatlarının Beynəlxalq Standartlarının əsasında hazırlandığı üçün bu təşkilatlar da yuxarıda adı çəkilən maliyyə hesabatlarını tərtib etməlidir. Eyni zamanda  Qanunun 9.0.2-ci maddəsinə əsasən kiçik sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib edə bilərlər.

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI HESABATLARINI NECƏ TƏRTİB ETMƏLİDİR?


- “Mühasibat uçotu haqqında” Qanunun 13-cü maddəsinə əsasən, bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər. Qeyri-hökumət təşkilatları isə tələb olunan maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edirlər. Qanunun 6.0.3-cü maddəsinə əsasən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını Büdcə təşkilatları üçün Milli mühasibat uçotu standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli mühasibat uçotu standartlarının əlavəsində açıqlanmalıdır. Büdcə təşkilatları Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq aşağıdakı hesabat formalarını tərtib etməlidirlər:
- Malıyyə vəzıyyətı haqqında hesabat;
- Malıyyə fəalıyyətı haqqında hesabat;
- Kapitalda dəyişikliklər haqqında hesabat; 
- Pul vəsaıtlərının hərəkətı haqqında hesabat;
Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı isə birbaşa heç bir Beynəlxalq Standarta əsaslanmamışdır. Bu Standart hazırlanarkən İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarının prinsipləri nəzərə alınmışdır. Lakin buna baxmayaraq, edilən təşkilatlar da büdcə təşkilatları tərəfindən tərtib olunan yuxarıda göstərilmiş hesabat formalarını tərtib etməlidir.

MALİYYƏ HESABATLARI KİMLƏRƏ TƏQDİM OLUNMALIDIR?

- Bu məsələ demək olar ki, mübahisəlidir. “Mühasibat uçotu haqqında” Qanunun 4.2-ci maddəsində qeyd olunmuşdur ki, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Yalnız Qanunun 12.2-ci maddəsinə əsasən təbii inhisar fəaliyyəti subyektləri və dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyinin müraciəti əsasında təqdim edirlər. Yalnız bu maddədə konkret göstərilir ki, qeyd edilən təşkilatlardan Maliyyə Naziriliyinin müraciəti əsasında hesabatı əldə etmək mümkündür. Digər təşkilatların maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi Qanunda öz əksini tapmamışdır. Fikrimcə, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirmək nəzarət forması deyil. Dövlət tənzimlənməsi dedikdə, bu sahədə ilk növbədə normativ hüquqi paketlərin hazırlanması, metodiki koordinasiya, monitorinqlərin aparılması başa düşülür.  Hal-hazırda təşkilatlar tərəfindən maliyyə hesabatlarının hansı qurumlara təqdim olunması barədə işlər aparılır.

MALİYYƏ HESABATLARINDA VERGİ VƏ MALİYYƏ UÇOTU FƏRQLƏNİR?

- Standartlarda uçot və vergi mənfəəti fərqləndirilir. Vergi hesabatlarının vergi qanunvericiliyi əsasında hazırlandığını nəzərə alsaq, bu hesabatlar üzrə əldə edilmiş mənfəət vergi məqsədləri üçün mənfəəti əks etdirir. Belə ki, vergi qanunvericiliyinə uyğun olaraq gəlirdən çıxılmayan və məhdudlaşdırılan xərclər, maliyyə uçotu zamanı xərc kimi tanınır və mənfəətin müəyyən olunmasında rol oynayır. Bundan başqa, həmçinin gəlirlərin tanınması məsələsində fərqlər mövcuddur. Təsisçini və maraqlı tərəfləri daha çox müəssisənin rentabelli işləməsi maraqlandırır. Çünki həmin maliyyə hesabatının göstəriciləri qərarların düzgün verilməsi, xarici və daxili investisiyaların cəlb edilməsi məqsədilə hazırlanan rəqəmlərdir. Xarici investisiyaların cəlb olunması və şəffaflığın təmin edilməsi məqsədilə hesabatların internet səhifələrində yerləşdirilməsi də Qanunda əks olunmuşdur.

YENI MALIYYƏ HESABATLARININ TƏRTIBINƏ DAIR GÖRÜLƏCƏK TƏDBIRLƏR ÜZRƏ MÜHASIBLƏRƏ BƏZI TÖVSIYƏLƏR

Hazırda mühasiblər elə düşünürlər ki, milli və beynəlxalq standartlara keçmək çox çətin bir işdir. Mühasiblərə demək istəyirəm ki, Standartlara keçmək üçün təşkilatın ilk növbədə uçot siyasəti hazırlanmalıdır. Uçot siyasətində istifadə olunacaq amortizasiya və qiymətləndirmə metodları və standartlar əks etdirilir. Bundan sonra Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən təşkilatın işçi hesablar planı hazırlanır. Bu işçi hesablar planı əsasında təşkilatın iş xüsusiyyətlərinə uyğun olaraq beynəlxalq tələblər nəzərə alınmaqla, mühasibat uçotu hesablarının müxabirələşdirilməsi hazırlanır. Bundan sonra artıq konversiyanının aparılması məqsədilə köhnə hesabların qalıqlarından yeni hesablara keçmək üçün təşkilatın bir il əvvəlki bütün hesablarının qalıqları araşdırılır. Belə ki, bu qalıqlar bir-bir təhlil edilərək, standartlara uyğun şəkildə yenidən formalaşdırılır. Bundan sonra il ərzində aparılmış əməliyyatlar da təhlil edilir və standartlara uyğun şəkildə yenidən müxabirələşmələr verilir. Nəhayət alınmış qalıqlar üzrə təşkilatın maliyyə hesabatları tərtib edilir. Əgər təşkilat maliyyə əməliyyatlarını vaxtında qeydə alarsa, onda bu hesabatların hazırlanması üçün çox əziyyət çəkməli olmayacaq. İnanıram ki, mühasiblər öz fəaliyyətlərilə standartların hazırlanması zamanı çəkdiyimiz zəhmətin hədər getməsinə imkan verməyəcəklər.

MALİYYƏ NAZİRLİYİ MAARİFLƏNDİRMƏ İLƏ BAĞLI HANSI İŞLƏRİ GÖRÜB?

- Maarıfləndirmə işinin həyata keçirilməsi və mühasiblərə kömək məqsədilə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış bütün standartlar və standartların tətbiqi üzrə şərhlər və tövsiyələr, habelə bu qanunla tənzimlənən digər normativ hüquqi aktlar Nazirliyin rəsmi internet saytında yerləşdirilmişdir. Bundan başqa mühasibat uçotu sahəsində keçirilən konfranslarda iştirak edərək yeni standartların tətbiqi ilə bağlı  məruzələrlə çıxış etmişik. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalında  və digər mətbu orqanlarda mütəmadi olaraq məqalələr dərc etdirmişik. Lakin bütün bunlar mühasiblərin bu sahədə əsaslı biliklər aldə etməsi üçün kifayət deyildir. Qısa müddət ərzində bu sahədə əsaslı biliklərə malik olan peşəkar kadrların formalaşması məqsədilə müəssisələrin peşəkar mühasibat təşkilatları və təlimçilərlə əməkdaşlıq etməsi zəruridir. Praktika göstərir ki, bəzi mühasibat təşkilatları tərəfindən tədris prosesində maliyyə hesabatlarının beynəlxalq standartları üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada qəbul edilmiş rəsmi anlayışlardan fərqli olan terminlərdən və özləri tərəfindən hazırlanaraq Maliyyə Nazirliyi ilə razılaşdırılmayan tədris materiallarından istifadə edilməklə mühasiblər arasında çaşqınlıq yaradılır. Belə halların qarşısının alınması və peşəkar mühasibat təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün müvafiq qanunvericilik aktının təsdiq edilməsinə zərurət yaranmışdır. Bu məqsədlə Maliyyə Nazirliyi dövlət tənzimlənməsini həyata keçirmək üçün peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edilməsini, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartlarının tədrisi ilə bağlı dərs vəsaitlərinin hazırlanmasının təşkil edilməsinini nəzərdə tutur. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 4.3.6-cı maddəsinə əsasən mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə, peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir.
Eyni zamanda bəzi auditorların bu sahədə bilik və bacarıqlarının artırılması lazımdır. Çünki hesabatlara məhz auditorların rəyi əlavə olunur.
Bu baxımdan, həm auditorların, həm də bu sahədə tədris fəaliyyətini həyata keçirən müəllim heyətinin biliklərinin artırılması günün vacib tələblərindən biridir. Təəssüflə qeyd edirəm ki, hazırda mühasibat uçotu fakültəsi olan ali məktəblərin bəzilərində qüvvədən düşmüş «Mühasibat uçotu haqqında» Qanuna əsasən dərslər keçirilir. Auditorların və bu sahədə tədris fəaliyyətini həyata keçirən müəllim heyətinin biliklərinin artırılması məqsədli şəkildə dövlət səviyyəsində həyata keçiriləcək proqram əsasında mümkündür.

HESABATIN APARILMAMASINA GÖRƏ HANSI CƏRİMƏLƏR TƏTBİQ OLUNUR?

- MDB ölkələrindən fərqli olaraq Azərbaycan Respublikasında mühasibat uçotu üzrə qanunvericiliyin pozulması və maliyyə hesabatlarının tərtib edilməməsinə görə cərimələr nəzərdə tutulmuşdur. Bu yaxınlarda İnzibati Xətalar Məcəlləsində mühasibat uçotunun düzgün aparılmamasına görə nəzərdə tutulan cərimələr artırılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər üçün qırx manatdan altmış manatadək miqdarda nəzərdə tutulmuş cərimə məbləği üş yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər üçün yüz manatdan yüz əlli manatadək miqdarda nəzərdə tutulmuş  cərimə məbləği  isə min beş yüz manatdan iki min manatadək artırılmışdır. Hesab edirik ki, cərimələrin bu qədər artırılması mühasibat uçotu sahəsində yeni standartların tətbiq edilməsi və bu standartlar əsasında maliyyə hesabatlarının hazırlanması üzrə mühasiblərin məsuliyyətini daha da artıracaqdır.
Lakin mühasibat uçotu subyektlərinin əsas hissəsini təşkil edən digər kommersiya təşkilatları, o cümlədən kiçik sahibkarlıq subyektləri üçün onların tərtib etdikləri maliyyə hesabatlarının müvafiq dövlət orqanına təqdim olunması qaydalarının qanunvericiliklə müəyyən edilməməsi səbəbindən təşkilatlara cərimələr tətbiq edilməsi üzrə müəyyən problemlər yaranır. Bundan başqa qanunvericiliyin tələbinə görə bəzi təşkilatlar maliyyə hesabatlarını nizamnamələrində nəzərdə tutulmuş müddətdə auditor rəyi ilə birlikdə mətbuatda və internet səhifəsində dərc etdirməlidirlər və onların üzərində nəzarətin forması, habelə bu tələbin məcburi qaydada tətbiqi üçün imperativ norma müəyyən edilməmişdir. Göründüyü kimi bu sahədə vahid tənzimləmə mexanizmi hazırlandıqdan, mühasibat uçotuna dair normativ-hüquqi baza daha da təkmilləşdirildikdən, qanunvericilik aktları arasındakı ziddiyyətli məqamlar aradan qaldırıldıqdan, müvafiq maliyyə hesabatlarının tərtib və təqdim edilməsi qaydaları hazırlandıqdan, həmçinin hesabatların təqdim edilməsi və dövlət orqanları arasında səlahiyyət bölgüsü dəqiqləşdirildikdən sonra cərimələrin uğurla tətbiqinə keçilməsi mümkün olacaqdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər