İldəbir gün həmrəy olan millətin bayramı
Baş redaktor Qalib Toğrulun təqdimatında
Bazar günü evdə yerli kanallardan birində son illər qulağımızı yağır eləmiş bir cümləni - Azərbaycan analoqu olmayan bir ölkədir – eşidəndən sonra düzü, əhvalım qarışdı, televizoru söndürüb hava almaq üçün həyətə düşdüm. Bu cümləni son illər tez-tez eşitdiyimizdən artıq vərdiş eləmişik,daha etirazımız-filanımız yoxdur. Qəribə də olsa, bu fikrin əsaslandırması da çox sadədir: “Bizdə analoqu olmayan inkişaf gedir”. Bilmədim yer üzündə belə tayı-bərabəri olmayan ölkədə yaşadığıma görə sevinim, yoxsa kədərlənim. İl sonunda kədərlənmək yaxşı əlamət olmadığından qərar aldım ki, sevinməsəm belə, heç olmasa mısmırığımı da sallamayım. Bu cür dağınıq fikirlərlə həyətdəki meyvə budkasının yanından keçəndə satıcı Elçinin tanış səsi gəldi: “məllim, analoqu olmayan apelsin gətirmişik, Malayziyadan, istəmirsən? ” Sağ olsun, Elçini özü də bilməyə-bilməyə keyfimə doğranmış soğanın acılığını bir az azaltdı, qırışığım açıldı. İşə gəlib kompyuter arxasında oturandan sonra “Başredaktordan” rubrikasına qeyri-ixtiyari bunları yazmağa başladım. Ancaq əvvəldən fikrimdə tutmuşdum ki, ilin son sayına 31 dekabr Həmrəylik Günü münasibətilə yazı yazım. Bilmirəm bi zəhrimar “analoq” hardan girdi həmrəyliklə mənim arama.
Analoqdan söz düşmüşkən, doğrudan da biz analoqu olmayan bir millətik. Çox güman ki, bu yer üzündə heç bir millətin həmrəylik günü adında bayramı yoxdu. Millət ildə bir gün həmrəy olmaz ki... Yaxşı yadımdadır, həmrəylik bayramına ilk etiraz Avropadakı bəzi Azərbaycan dərnəklərindən gəlmişdi. Müstəqilliyimizin ilk dönəmlərində Avropada Azərbaycan dərnəklərinin əksəriyyətinin qurucusu Türkiyədən mühacirət eləmiş azəri kökənli qardaşlarımız olduğundan onlar bu sözü başa düşə bilmirdilər, çünki osmanlı türkcəsində “həmrəylik” sözü yoxdu. Onlar bu sözün əvəzində “dayanışma” kəlməsini işlətdiklərindən israr edirdilər ki, “həmrəylik” “dayanıma” ilə əvəz olunsun. Düz də edirdilər, çünki “həmrəylik” sözü yarıfars, yarıərəb kəlmələrdən düzəlmiş hibrit bir ifadədir.
Nəsə, Allah şeytana lənət eləsin, fikrimi toplamağa imkan vermədi, istədiklərimi yaza bilmədim. Ancaq sözümün sonunda Sizə həmrəyliyin tarixçəsi ilə bağlı əvvəldən fikrimdə tutduğum kədərli, eyni zamanda ibrətamiz bir əhvalat danışmaq istəyirəm. Sərhədlər söküləndən sonra Arazın hər iki sahilinə toplanmış azəri türkləri qışıqırararq bir-birlərindən qohum-qardaşlarını soraqlayırlar. Arazın sularının səsi bir-birlərini eşitməyə imkan verməyəndə hər iki sahildəkilər qərar alırlar ki, axtardıqları qohumlarının adlarını bir vərəqə yazıb daşa büküb Arazın üstundən qarşı tərəfə tullasınlar. Belə daşlardan biri əsrin əvvəllərində İrana köç eləmiş qardaşını görmək, soraqlamaq arzusu ilə ora gəlmiş yaşlı bir kişinin başına dəyir. Şahidlər danışırlar ki, yarılmış başından süzülən qan damlaları qocanın üzündən aşağı süzülməyə başladı. Ancaq qoca başının hayında olmadı, başını yaran o daşı yerdən götürüb qardaş əvəzi sinəsinə basdı, balasını oxşayan ata kimi daşa sığal çəkdi, qardaşının ətrini o daşdan aldı...
Bax, budur, həmrəylik! Özü də sözün əsl mənasında analoqu olmayan həmrəylik.
Sizə yeni ildə həmrəng, həmxasiyyət yox, həmrəy olmağı arzulayıram!
Bayramımız mübarək!
0 Komment
Şərh yazın