Boynunun ölçüsünü bilməyən tiran: Müəmmər Qəddafi
"MK" jurnalının baş redaktoru Qalib Toğrulun təqdimatında
“Xalq liderinin həmişə gözünün önündə olmasını istəyir. Onun üçün fərqi yoxdur, ya kürsüdə olsun, ya da dar agacında”. Bu, dilçi alim, 90-cı illərin əvvəllərində aktiv siyasi fəaliyyətlə məşğul olmuş və müəmmalı şəkildə dünyasını dəyişmiş Aydın Məmmədovun fikridir. Müasir dünyanın diktatura coğrafiyasında yaşayan xalqlara münasibətdə bəlkə də bu aforizm yerində deyilmiş ən sərrast ifadədir. Bir vaxtlar Müəmmər Qəddafi də xalqın sevimlisi olub. Xalq onu televizorda görməyəndə gözü darıxıb, radioda eşitməyəndə qulağı cingildəyib. Qəddafi bütün keyfiyyətləri ilə (kimsə bunları keyfiyyətsilikdə adlandıra bilər) xarizmatik bir lider idi. Yeganə danılmaz fakt budur. Yerdə qalanlar – Qəddafinin iqtisadi, siyasi, etnik-milli, mədəni fəaliyyətləri barədə deyilənlər və yazılanlar isə bir təfərrüatdır. Biz artıq bitmiş bir nağıldan yoxa çıxıb əfsanənin içindəki həqiqət payını müəyyən eləməyə çalışacağıq. Son günlər Liviyanı cənnət kimi təqdim etməyə çalışanların çox olduğunu nəzərə alaraq yazıya elə iqtisadiyyatdan başlayırıq.
YAŞIL İQTİSADÇI
Liviya iqtisadiyyatı xam neftin satışı üzərində qurulmuş ənənəvi Afrika ölkəsidir. Neftin çıxarılmasına Qəddafinin hakimiyyətə gəldiyi 1969-ci ildən bir qədərəvvəl başlanılsa da, neft sənayesinin inkişafı 70-ci illərdən vüsət alıb. Son rəqəmlərə görə, OPEK ölkələrinin heft hasilatında Liviyanın payı 7%-dir. Çıxarılan neftin 63%-i Avropaya, əsasən də İtaliyaya ixrac olunur. Dünya Bankının məlumatına görə (2009), Liviya ümumi daxili məhsulun (ÜDM) həcminə görə (62.36 milyard), dünyada 63-cü, adambaşına düşən ÜDM-ə görə isə (9714 dollar) 49-cu olub. Bu dediyim kimi 2009-cu ilə aid olan rəsmi göstəricidir. İndi internerdə dolaşan çox məşhur bir məlumatda isə (yəqin bu sizin də rastınıza çıxıb) adambaşına düşən ÜDM göstəricisi 14192 dollar göstərilir.
Bu rəqəmlərin hansının həqiqəti əks etdirməsi düzü, məni heç maraqlandırmır da. Çünki sadə camaatın gözündə rəqəmlər iqtisadçıların gözbağlayıcı tryuku, həqiqəti pərdələmək üçün ən sınanmış vasitədən başqa bir şey deyil. Kimisə bu rəqəmlər çaş-baş salmasın deyə, neft ölkəsinin vətəndaşları kimi müqayisə aparmaq xatirinə burda öz ölkəmizin də analoji göstəriclərini vermək istəyirəm. 2010-cu ildə Azərbaycanda ÜDM-in həcmi 54.3 milyard dollar, adambaşına düşən ÜDM göstərcisi isə 5797.8 dollar olub.
Neft pullarının taleyi hər yerdə olduğu kimi Liviyda da ən qızğln müzakirə obyekti olub. Qəddafi rəsmi çıxışlarında dəfələrlə neft pullarını ölkə vətəndaşları arasında bərabər bölünməsi fikrini səsləndirib, Liviyada minimum əmək haqqqının min liviya dinarı (təxminən 830 dollar) səviyyəsinə çatdıracağına söz verib. Sonra da üzünü öz təbirincə desək, dünya imperializminə tutub: “Bundan sonra kim deyə bilər ki, Liviyada yoxsul var”.
İnternetdə dolaşan məlumatlara görə, Qəddafi Liviya vətəndaşı olan hər ailə üzvünə illik 1000 dollar, işləməyənlərə ayrıca 730 dollar, hər doğulan uşağa 1000 dollar, yeni evlənənlərə ev almaq üçün 64 min dollar paylayırmış. Üstəlik, benzinin qiyməti 14 sent, xaricdə təhsil dövlət hesabına, təhsil, səhiyyə pulsuz imiş və sair və ilaxır. Qəddafi idarəetmədə çox qeyri-adiliklərə, osmanlı türkləri demişkən, imza atmış adamdır. Məsələn, maliyyə nazirliyi də daxil olmaqla bütün hökuməti istefaya göndərən Qəddafi yalnız xarici işlər, müdafiə və daxili işlər nazirliklərini saxlayıb. Səbəbini də belə izah edib ki, “indi xalqı nazirliklər yox, elə özü idarə edəcək”. Bundan sonra məmurlar bütün səviyyələrdə sabotaja başlayıb. Sadə adamlar bankda hesab belə aça bilməyiblər, açsalar belə ora pul köçürə bilməyiblər, köçürsələr belə ondan istifadə edə bilməyiblər. Belə vəziyyətdə hansı neft pullarının xalqa çatdırılmasından danışmaq olar. Belə çıxır ki, Liviyanın yeganə ağlabatan üstünlüyü benzinin qiymətinin qəpik-quruş olmasıdır. Baxmayaraq ki, Qəddafinin “yaşıl iqtisadiyyatı” ölkə ərazisində qazanılmış bütün gəlirlərin yerli əhali arasında bərabər şəkildə bölünməsi tezisinə əsaslanırdı.
Qəribədir: nə torpaq, nə onun təkindəkilər, nə meşə, nə su, ümumiyyətlə heç nə xalqın deyildi, ancaq sadalananların istifadəsindən qazanılan gəlirlər xalqın olmalı idi.
QIRMIZI SİYASƏTÇİ
Qəddafi hakimiyyətə çevriliş yolu ilə gəlib. Hakimiyyətdə olduğu 40 ildən çox müddətdə siyasi baxışlarında ciddi dəyişikliklər olub. Əvvəlcə öz inqilabını dünyaya yaymaq qərarına gəlib. O, Fidel Kastronun inqialbçı yoldaşı Çe Gevaranın yarımçıq qalmış ideyalarını həyata keçirmək, dünyanı “düz yola qaytarmaq” üçün xeyli tər töküb. Dollara qarşı müharibə elan edən Qəddafi bütün ərəb ölkələrini bir federativ dövlətdə birləşdirib vahid valyuta – qızıl dinar tətbiq etmək istəyib. Vaxtilə dollardan qızıl standarta keçməyə çağıran, ancaq uğursuzluğa düçar olan Şarl de Qoll kimi Qəddafi də ideyasını reallaşdıra bilməyib. Sonra dünyanı qorxu ilə tərbiyə etmək iddiasına düşən Qəddafi terrora dəstək verib. Terrorçu təşkilatları maliyələşdirib, bütün dünyada terror aktları təşkil edib. Bir xaxtlar Liviya ərazisi terrorçuların təlim keçməsi üçün özü boyda düşərgə olub. O zaman ABŞ hərbi gəmiləri mütəmadi Liviya sahillərindən terrorçuların düşərgəsini, hətta Qəddafini məhv etmək üçün paytaxt Tripolini bombalayıb. Terroru yeganə çıxış yolu hesab etdiyi dövrdə Qəddafinin törətdiyi ən böyük terror aktı 270 nəfərin ölümü ilə nəticələnən 1988-ci ilin 20 dekabrında Şotlandiya üzərində ABŞ təyyarəsinin partladılması olub. Hətta bir ara Qəddafi atom bombası yarat-maq iddiasına da düşüb. Məqsəd isə dünyanı qorxu ilə “müalicə etmək” olub. Çox qəribədir ki, XXI əsr başlayan kimi Qəddafi də siyasətini dəyişib. Terrordan, atom bombası hazırlamaqdan rəsmi şəkildə imtina etdiyini açıqlayıb, hətta MAQATE-nin nümayəndələrini Liviya ərazisinə buraxıb. Görünür qocaldıqca “müdrikləşən” tiran səylərinin əbəs olduğunu, dünyanı qorxuyla dəyişməyin və idarə etməyin mümkün olmadığını anlayıb. Qəddafi hətta onun terrorundan zərəçəkənlərin ailələrinə milyardlarla kompensasiya da ödəyib.
Liviyanın əli olan bütün terror aktlarına görə rəsmi şəkildə üzr istəyib. Bir qədər də Qəddafinin xalq hakimiyyəti adlanan Cəmahiriyyəsi barədə. Hakimiyyətinin 8 illiyində Qəddafi Liviyada Cəmahiriyyə, yəni, xalqın hakimiyyətini elan edib. Parlamenti “xalqdan ayrı düşmüş juliklərin və oğru siyasətçilərin yığnağı” adlandıran Qəddafi “saxtakarlıq vasitəsi olan gizli səsverməni” də ləğv edərək namizədlərin müxtəlif Diktatorun qürubu səviyyəli hakimiyyət orqanlarına ictimai müzakirədən sonra açıq səsvermə yolu ilə seçilməsini məsləhət görürdü.
Qəddafi guya ali hakimiyyəti də xalqa təhvil verib, kənara çəkilmişdi. Onun heç bir vəzifəsi yox idi. O, sadəcə, “xalqın atası”, lideri idi. Ancaq nədənsə, Liviyada “xalqın atasından” xəbərsiz quş da uça bilməzdi.
TÜND ADAM
Qəddafinin ömrünün sona yaxınlaşdığı günlərdə müxtəlif saytlarda onun fəlsəfi baxışlarını əks etdirən əsərlər, seirlər belə çap olunmağa başladı. Bunların doğrudan da, Qəddafi tərəfindən yazılıb-yazılmadığını bircə Allah bilir. Hətta ölümündən sonra Qəddafinin vəsiyyətnaməsi də ortaya çıxdı. Vəsiyyətnamədə o, mübarizəsini xalq qarşısında borcu və şərəfi ilə əsaslandırır: “Əgər bu mübarizədə qələbə mənə qismət olmasa, inanıram ki, gələcək nəsillər bu işin öhdəsindən gələcək. Kim ki, öz vətəni uğrunda döyüşür, o qəhrəmandır. Kim ki, vətənini satır, o satqındır. Mən bütün ailə üzvlərimlə, Liviyaya sadiq olan vətəndaşlarla, bütün dünyada - ürəyində belə olsa məni müdafiə edən insanlarla vidalaşıram”.Hər bir diktator mütləq boynunun ölçüsünü bilməlidir. Çünki bu, gec-tez ona lazım olacaq. Qəddafi bu həqiqəqti unutduğundan şərəfli adlandırdığı mübarizənin sonunda sərfəsiz və təhqiramiz bir ölümlə azadlıq, hakimiyyət verdiyini güman etdiyi kütlənin əlində mur dar edildi. Kəndiri öz boynuna keçirməli olan əlləri ilə ümidsiz-ümidsiz başını şillə-təpikdən qoruya-qoruya canını tapşırdı.
Tiran öldü! Növbəti şüarın “Yaşasın tiran!” olmayacağına kim təminat verə bilər?!
0 Komment
Şərh yazın