MÜHASİB HAQQINDA 6 MİF-DƏN 1-CİSİ
Mühasib sənətinə bütün dövrlərdə xalqların ehtiyacı olub. Hesabatlar və rəqəmlər üzrə mütəxəssis olmadan hətta ən kiçik firma belə keçinə bilməz. Mühasib gəlirlərin və xərclərin uçotunu aparır, maliyyə axınlarını nizamlayır. Əgər şirkətdə yaxşı mühasib varsa, rəhbərlik və işçilər sakitcə işləyə, yaşaya və yata bilərlər, çünki müəssisədə maliyyə problemi olmayacaq, üstəlik vergi müfəttişləri may böcəyi görmüş ördək kimi üç gündən bir damınıza qonmayacaq.
Mühasiblik əli-ayağı təmiz, ofis işi olsa da, kənardan göründüyü kimi asan da deyil. Müvafiq diplomu olanların heç də hamısı, mühasib piroqundan dadandan sonra, onun şirin olduğu nəticəsinə gəlib bu sahədə işləməyiblər. Həqiqi mühasib olmaq üçün xüsusi istedad, polad xarakter lazımdır.
Bütün sənət sahibləri barədə olduğu kimi «hesab-kitab» aparanlar haqda da cəmiyyətdə düzgün olmayan miflər dolaşır. Onların birincisinə nəzər salaq.
I MİF. Hesablama ilə məşğul olan digər peşə sahibləri kimi mühasiblər də riyaziyyatı dərindən mənimsəməlidirlər. Qalan bütün keyfiyyətlər zaman keçdikcə təcrübə ilə yerinə oturacaq.
ƏSLİNDƏ, bu, yanlış yanaşmadır. Mühasib ilk növbədə, səbrli, oturmağı bacaran, dəqiq, dürüst olmalıdır. «Yüz ölç, bir biç» məsəlini atalar məhz mühasib barədə söyləyiblər. Ən kiçik səhv belə bütün hesabatın baş-ayaq alınmasına, nəhəng bir işin yenidən görülməsinə səbəb ola bilər. Ən dəhşətlisi odur ki,
mühasibin istənilən səhvi ona baha başa gəlir. Bir rəqəmdə, hərfdə və yaxud vergüldə yanılmağın bədəli ağır olur. Bu zaman vergi müfəttişləri və digər nəzarətedici orqanlar tərfindən cərimə sanksiyaları öz-özünə təmin olunur. Bir nəfərin səhvindən bütün müəssisə zərər görməli olur. Bu cür məsuliyyətin altına girməyi bacarmaq lazımdır. Əla mühasib olmaq üçün lazım olan keyfiyyətləri belə sıralamaq olar:
1. Riyazi qabiliyyət. Qeyd etdiyimiz kimi onsuz keçinmək mümkün olmadığı kimi təkcə onun mövcudluğu da yetərli deyil.
2. Analitik təfəkkür. Mühasib ən azı iki addım qabağı görməli, bilməlidir ki, həyata keçirilən fəaliyyət hansı nəticələrə səbəb olacaq. Axı, o, hansısa səviyyədə şirkətin vəsaitinin bölüşdürülməsinə və sərmayə kimi qoyulmasına məsuliyyət daşıyır.
3. Müstəqil qərar vermək qabiliyyəti. Ölkəmizdə istənilən qanunu çox təəssüf ki, müxtəlif cür yozmaq, izah etmək mümkündür. Bu cür qarmaqarışıq vəziyyətdə şəraitdən baş çıxarmaq və düzgün yolu seçmək asan deyil. Tez-tez rast gəlinən haldır ki, müəssisə rəhbərləri, işadamları da çaşbaş qalır, sonda qərar qəbul etmək üçün mühasibin rəyini əsas götürürlər. Onu da qeyd edək ki, zaman mühasibin doğru qərar verdiyini təsdiqləsə, tərif tərif dalınca gəlir, yox əgər… Allah ondan saxlasın!
0 Komment
Şərh yazın