Hadi Rəcəbli: “Əmək Məcəlləsinə edilən dəyişikliyin 2 məqsədi var”

Hadi Rəcəbli: “Əmək Məcəlləsinə edilən dəyişikliyin 2 məqsədi var”

MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ PENSİYAÇILARIN YAŞ HƏDDİNDƏN TUTMUŞ MÜƏLLİM VƏ HƏKİMLƏRƏ DÖVLƏT QULLUQÇUSU STATUSU VERİLMƏSİNƏ QƏDƏR ƏKSƏR SOSİAL MƏSƏLƏLƏR SAHƏSİNDƏ HÖKUMƏTİN PLANLARINI YALNIZ “MK”-NIN OXUCULARINA AÇIQLADI

“PENSİYALAR NECƏ HESABLANACAQ?”

-    “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik hansı zərurətdən yarandı? Dəyişiklik olduqdan sonra pensiyaların hesablanması necə həyata keçiriləcək?

-    “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik son vaxtlar parlamentdə qəbul olunan sosial xarakterli ən önəmli sənədlərdən biridir. Prezidentin parlamentə göndərdiyi sənəd əhalinin sosial müdafiəsini gücləndirilməsi ilə bağlıdır. 01 yanvar 2006-ci ildən etibarən sosial sığorta hesablanması ilə bağlı yeni olan fərdi uçot sistemi formalaşıb. Həmin sistemə uyğun olaraq işçilər ödənilən məbləğə uyğun pensiya alırlar. Belə olan təqdirdə, 01 yanvar 2006-ci ilə qədər işçilərin ödədiyi məbləğlər nəzərə alınmırdı. Bunu nəzərə alaraq qanuna dəyişiklik edildi ki, hər bir işçi üçün sosial müdafiəyə ödənilən məbləğ kimi 170 manat nəzərə alınsın. Amma bu çür hesablamalar da 01 yanvar 2006-cı ilə qədər təqaüdə çıxanların pensiyasında uyğunsuzluq yaradırdı. Elə vəziyyət yaranmışdı ki, 2006-cı ildən sonra təqaüdə çıxanlar həmin ildən əvvəl pensiyaya çıxanlardan təxminən 2 dəfə çox pensiya alırdı. Uzun müddət idi ki, müzakirələr gedirdi, nəhayət, prezident bu məsələyə nöqtə qoydu. “Əmək pensiyaları haqqında” qanuna edilən bu dəyişiklik 1 250 000 pensiyaçının 845 000 nəfərini əhatə edir. Bu dəyişiklikdən sonra hər il 390 000 000 manat əlavə vəsait tələb olunur. Belə bir önəmli addımı prezidentimiz atdı. Bu hesablama həm 2006-cı ilə qədər həm də 2006-cı ildən 2010-cu ilə qədər təqaüdə çıxanların pensiyasına tətbiq ediləcək. Hesablanma qaydasına gəlincə isə, ilk növbədə, staja uyğun olaraq orta rəqəmi müəyyənləşdirmək lazım gəldi.

Orta rəqəmin 1,94 manat olması qərara alınıb. Bildiyiniz kimi, fərdi uçot sistemində baza və sığorta hissə var. Baza hissəsi dövlət başçısının təsdiqi etdiyi məbləğlə müəyyənləşdirilir və hazırda bu rəqəm 85 manat təşkil edir. Sığorta hissəsi isə, işçinin ödədiyi sosial sığorta məbləğlərinə uyğun müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdən sonra pensiya hesablanmasını sadə misalla izah edək. Tutaq ki, təqaüdçü 40 il işləyib pensiyaya çıxıbsa, onda onun pensiyanın baza hissəsinin, yəni 85 manatın üzərinə 77, 60 manat (77, 60 manat = 40 x 1,94 manat) gəlinir. Deməli təqaüdçünün pensiyasının baza hissəsi olur 162,60 (85+77,60) manat. Bu dəyişiklik 01 iyul 2011-ci ildən həyata keçiriləcək və bunun üçün xüsusi komissiya yaradılıb. Dövlət Sosial Müdafiə Fondunun kompyuter sistemində bütün pensiyaçılar haqqında məlumatlar var və qısa müddət ərzində bu hesablamalar həyata keçiriləcək.
“MƏN PROFESSOR TANIYIRAM Kİ..”

-    Milli Məclisin Əmək Məcəlləsinə təklif etdiyi dəyişiklik (dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyənlər üçün 65 yaş məhdudiyyəti) heç də birmənalı qarşılanmayıb. Bəziləri bunu gənclər üçün yeni iş imkanlarının yaranması kimi qiymətləndirsə də, bəzilərinin fikrincə yaşlı nəsilin biliklərindən faydalanmağa ehtiyac var. Bu məsələyə Sizin şəxsi münasibətinizi bilmək maraqlı olardı?
-    Bu məsələ ilə bağlı mənim həm şəxsi, həm də rəsmi mövqeyim belədir. Çox təssuf ki, biz insanlar rahatlıq və sakitlik haqqında heç vaxt düşünmürük. Hazırda 130 manat alan həkim sabah pensiyaya çıxarsa, ən aşağısı 160 manat pensiya alacaq. Belə olan təqdirdə həkim niyə işdən getməsin? Təssəvür edirsiniz, 82 yaşlı kişi kənd məktəblərində müəllimlik edir. İbtidai sinifdə dərs deyən bu müəllim nə normal görür, nə dı eşidir. Bəziləri deyirlər, bu dəyişiklikdən sonra universtitetlərdə professorlar azalacaq və bunun nəticəsində də elmi şuralar boşalacaq. Bu fikrin haqlı tərəfləri var, amma mən professor tanıyıram ki, elmi ateizmdən müdafiə edib, indi isə dinşünaslıqdan dərs deyir. Başqa bir misal, bütün elmi fəaliyyəti sosialist iqtisadiyyatının təbliğindən ibarət olan professor indi kaptalist iqtisadiyyatından dərs deyir. Savadlı və gənc kadrlarımız heç bir təşəbbüs göstərmirlər. Cünki düşünürlər ki, artıq qarşıları kəsilib. Əmək Məcəlləsinə edilən dəyişikliyin 2 məqsədi var. Birincisi, cavanlar üçün yeni iş imkanları açılsın, ikincisi isə qocalar istirahət etsinlər. Bütün hallarda mən bu dəyişikliyi müsbət qiymətləndirirəm. Ancaq düşünürəm ki, bu dəyişiklikdən sonra müəyyən ağrılı günlərimiz olacaq. Və bunu da təbii qiymətləndirirəm. Hazırda çalışan pensiya yaşlı insanlardan soruşanda niyə işləyirsən, cavab verir ki, nəvələrimə köməklik edirəm. Niyə nəvə özü qazanmır ki, baba da ona köməklik edir? Bu düşüncə tərzini, mentaliteti dəyişmək lazımdır. Yaşlı insanların istirahətinə gəlincə, o qədər QHT-lər, bələdiyyələr və özəl qurumlarımız var ki, onlar rahatca öz biliklərinə və iş təcrübələrinə uyğun iş tapa bilərlər.

“POLADƏRİTMƏNİN TEXNOLOĞİYASI ÜZRƏ ALİ TƏHSİLİ VAR, LƏNKƏRANDA İŞ AXTARIR”

-    Azərbaycan dövlətinin iqtisadi inkişaf tempi yüksək olsa, əmək qabiliyyətli insanlar arasında müəyyən işsizlik səviyyəsinin olması sirr deyil. Müsabihələrinizin birində bunu insanların boş iş yerlərini bəyənməmələri ilə əlaqələndirmişdiniz. Sizcə, işsizliklə bağlı müavinətin verilməsində və məbləğində hansısa dəyişikliklər mümkündür?
-    Gələcəkdə işsizliklə bağlı müaviətin verilməsində və məbləğində dəyişikliklərin olması gözlənilir. Hazırda ölkəmizdə işsizliklə bağlı müavinət 6 aylıq müddətə verilir. Və o halda verilir ki, həmin şəxs məşğulluq orqanında qeydiyyatda olsun. Bundan əlavə işsiz hesab edilən şəxs iş təklifindən imtina edərsə, müavinətin verilməsi dayandırılır. İşsizliyin aradan qaldırılmasına gəlincə, Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra gənclərin işlə təmin olunma faizi yüksələcək. İxtisasın dəyişdirilməsi məsələsinə də diqqət yetirilməlidir. Misal üçün, Lənkəranda ali təhsilli şəxs işsızdır. İxtisasını öyrəndə məlum olur ki, poladəritmənin texnoloğiyası üzrə ali təhsili var. Axı, o, bu ixtisas üzrə Lənkəranda necə iş tapa bilər. Ona görə bu adam əlində diplomu tutub iş axtarınca, ixtisasını dəyişməlidir.
-    Qanunvericilikdə iş yerlərində əlillər üçün kvota nəzərdə tutulsa da, təssuf ki, buna əməl edən işəgötürənlər çox azdır. Bununla bağlı hansısa tədbirlərin həyata keçirilməsi mümkündür?
-    Bu işlə bağlı əmək müfəttişlərimiz məşğul olsa da, ictimaiyyət də qanuna əməl etməyənləri ictimai qınaq obyektinə çevirməlidir. Hətta əlillərlə bağlı dövlət qanunu olmasa belə, işəgötürənlər mərhəmətləri hesabına bunu etməlidirlər.
-    Müəssisələrdə həmkarlar ittifaqının işinin gücləndirilməsi ilə bağlı yaxın vaxtlarda hansısa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurmu?
-    Həmkarlar ittifaqı haqqında qanunumuz var. Məncə, həmkarlar ittifaqının işinin gücləndirilməsi üçün daha çox onun üzvləri aktiv olmalıdırlar. Təəssüf ki, həmkarlar ittifaqqları bir çox məsələlərdə uğurlu fəaliyyət göstərsələr də, putyovka məsələlərində çox zəif çıxış edirlər. Misal üçün, Sovet dövründə yay mövsümü üçün 50 min putyovka verirdilər ki, insanlar istirahət getsinlər. 100 000-ə yaxın uşağı pioner düşərgələrinə göndərərdilər. Hazırda bizdə bu sahə üzrə göstəricilər müqayisə gələcək səviyyədə deyil. Ola bilər ki, burda maddi məsələlər böyük rol oynayır.

“BOYLU-BUXUNLU, CÜSSƏLI BİR ŞƏXS TELEVIZIYAYA ÇIXIB NARAZILIQ EDIR Kİ, MƏNƏ YARDIM VERMİRLƏR”

-    Təhsil və səhiyyə müəssisələrində işləyənlərə dövlət qulluqçusu statusu verilməsi fikri hansı zərurətdən yarandı və bu, həmin şəxslərə hansı üstünlük verəcək? Dəyişiklik qeyd edilən müəssisələrdə işləyən bütün işçi heyətinə tətbiq olunacaq?
-    Bu məsələ ilə bağlı Milli Məclisdə konkret hər hansı layihə və ya sənəd yoxdur. Amma bir şeyi bilirəm ki, müəllimin və həkimin maaşı artırılmalıdır. Bunun bir yolu odur ki, səhiyyə sistemində orta və ali təhsilli həkim çoxluğu var. Təxminən 690 min texniki işçi var ki, fikrimcə, onların təxminən yarısına ehtiyac yoxdur. Bu cür ixtisarlar olduqdan sonra cəmi əmək haqqı fondu daha az işçilərə bölünəcək ki, bu da onların əməkhaqlarının artırılmasına səbəb olacaq.
-    Ünvanlı sosial yardımların verilməsi ilə bağlı Siz mətbuatda tez-tez çıxışlar edirsiniz. Bu sahədə koorupsiya hallarının qarşısının alınması üçün ünvanll sosial yardımların verilməsi mexanizmində dəyişiklər olundu. Bu sahənin təkmilləşdirilməsi üçün daha hansı fəaliyyətlərin həyata keçirilməsini məqsəduyğun hesab edirsiniz?
-    Son 3 ayda ünvanlı sosial yardımların verilməsi ilə bağlı köklü dəyişikliklər olub. Maraqlıdır ki, ünvanlı sosial yardımların verilməsi sahəsində baş verən hadisələr daha tez yayılır. Cünki ünvanlı sosial yardım alan şəxs üçün 1 manat da böyük puldur. Ünvanlı sosial yardımın mexanizmin dəyişdirilməsinə gəlincə, bir şey deyim. Şəriətə görə, fitrə kimə verilməlidir? Əlsiz-ayaqsız və ya tamam işləmək qabiliyyətinə malik olmayanlara. Bizdə TV-lərin birində boylu-buxunlu, cüssəli bir şəxs narazılıq edirdi ki, mənə yardım vermirlər. Bizdə camaat ünvanlı sosial yardıma əlbaxımlılıq kimi yanaşır, yardım hesabına bir müddət yeyib yatmağı düşünür. Əslində bu yardım insanları ələbaxımlılıqdan işləməyə sövq etməlidir.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər