Yol hərəkəti qaydalarında radikal dəyişiklik

Yol hərəkəti qaydalarında radikal dəyişiklik

Ölkə prezidenti “Yol hərəkəti haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni dəyişiklikləri radikal hesab etmək olar. Əgər qanunun icrasına nəzarət yüksək səviyyədə olsa, artıq əvvəlki tək cərimənin ödənilməsindən yayınmaq mümkün olmayacaq. Eyni zamanda, cərimənin ödənilməsi sistemi, qaydası, forması ilə bağlı tələblər də sərtləşdirilib ki, bu da yol polisi sistemində olan xoşagəlməz halların minimuma endirilməsinə hesablanıb. Necə deyərlər, yaşayarıq, görərik.

SÜRÜCÜ NƏ QƏDƏR BALI OLDUĞUNU İNTERNETDƏN ÖYRƏNƏ BİLƏCƏK

Qanuna edilən dəyişikliyə əsasən, yol hərəkəti sahəsində dövlətin üzərinə yeni öhdəlik qoyulub. Belə ki, 4-cü maddənin 27-ci bəndində qeyd olunur ki, dövlət yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaqla yanaşı şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etməlidir. Prezident digər fərmanı ilə Daxili İşlər Nazirliyinə hər bir şəxsin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barəsində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumat ala bilməsi üçün həmin məlumatların nazirliyin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilməsi və onların daim yenilənməsini təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

HANSI HALDA RAPORT GÖNDƏRİLƏCƏK?

Qanunun “Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri” adlı 85-ci maddəsinə bir çox dəyişikliklər edilib. Belə ki, dəyişikliyə qədər inzibati cərimə 20 manatdan artıq olmayanda inzibati xəta törətmiş şəxs ona qarşı edilən inzibati tənbehlə razılaşıb cəriməni yerində ödəmək istəyəndə yol polisi bu barədə qaydanı pozana, kötüyündə ona qol çəkdirməklə ciddi hesabat sənədi olan nömrəli qəbz verə bilirdi. Artıq bu mümkün olmayacaq. Yeni dəyişikliyə əsasən, yol polisi nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürəti həddini saatda 10 kilometrdən çox aşdıqda, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparır. Əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, dövlət yol polisi əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, yol polisi əməkdaşı onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərir.

PROTOKOLDA YENİ NƏLƏR QEYD OLUNACAQ?

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa yeni “Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlbetmə qaydası” adlı 85-1 maddəsi əlavə edilib. Yeni maddə 12 bölmədən ibarətidir. 1-ci bölmədə qeyd olunur ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və onun surəti dərhal barəsində protokol tərtib olunan şəxsə verilir. Əgər yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsində texniki nəzarət vasitələrindən istifadə olunubsa, mütləq protokolda onların göstəriciləri qeyd olunmalıdır. Bundan əlavə, yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurularsa və ya ona maddi zərər yetirilərsə, bu hallar protokolda əksini tapmalıdır.

SÜRÜCÜLÜK VƏSİQƏSİ HANSI HALLARDA GÖTÜRÜLƏCƏK?

Dəyişikliyə əsasən, yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşdıqda, yol polisi əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxsə cəriməni yol polisində olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda qeyd edilir. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmək hüququ verən, xüsusi hazırlanmış və dövlət yol polisi əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir, sürücülük vəsiqəsi inzibati protokola əlavə edilir. Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə minənədək uzadılır.

ÖDƏMƏ QAYDALARINDA HANSI DƏYİŞİKLİK OLUB?

Qaydanı pozan sürücü cəriməni plastik kart vasitəsilə ödədikdə, yol polisi əməkdaşı iki nüsxədə qəbz çap edir. Bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır. Qeyd edək ki, cərimə bildirişi xüsusi hazırlanmış və nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir. Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti üzrə Dövlət Yol Polisi İdarəsinə göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti verilir. İnzibati xəta haqqında işə Dövlət Yol Polisi İdarəsində baxılması nəticəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, müvafiq cərimə bildirişi tərtib olunur. Qərarın surəti və müvafiq cərimə bildirişi işə baxılmasında iştirak edən inzibati xəta törətmiş şəxsə dərhal və şəxsən verilir. İşə baxılmasında iştirak etməyən inzibati xəta törətmiş şəxsə həmin sənədlər üç günədək müddətdə qanunla nəzərdə tutulmuş qaydada verilir.

CƏRİMƏNİ TEZ ÖDƏ, 10 FAİZ QAZAN

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir. İnzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona bank tərəfindən qəbz verilir. Ödənişi qəbul edən bank cərimə bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü ərzində Dövlət Yol Polisinə məlumat verir.

GÜNƏ 2 FAİZ DƏBBƏ PULU

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

CƏRİMƏNİ ÖDƏMƏMƏYƏ GÖRƏ MAŞINI “ŞTRAFNOYA” APARACAQLAR?

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya yol polisi inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Həmin qərar inzibati xəta törətmiş şəxsə bu maddənin yeddinci hissəsinə uyğun olaraq təqdim edilir. Həmin nəqliyyat vasitəsi dövlət yol polisi əməkdaşı tərəfindən dayandırılır, şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi yol polisinin mühafizə olunan duracağında saxlanılır. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır.

CƏRİMƏNİ VAXTINDA ÖDƏMƏSƏN, “PRAVANI” ƏLİNDƏN ALACAQLAR

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, Ədliyyə Nazirliyi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülür.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər