“Bütün narazılıqlar sığortaya inamsızlıqdan qaynaqlanır”
«THAMES İNSURANCE GROUP»UN İDARƏ HEYƏTİNİN SƏDRİ SAMİR MUSTAFAYEV «MK»NIN SUALLARINA CAVAB VERİR
«Thames İnsurance Group» 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkət Azərbaycan və Böyük Britaniya arasında müştərək yaradılıb və hər iki tərəfdən səhmdarlara malikdir. «Thames İnsurance Group» Azərbaycan və Qırğızıstan Respublikalarında uzun müddət fəaliyyət göstərən törəmə şirkətlər qrupuna daxildir. 2004-cü ilin əvvəlindən həmin şirkətlər qrupunun Qafqaz və Orta Asiya üzrə regional mərkəzi kimi «Thames İnsurance Group» seçilib. «Thames İnsurance Group» 2004-cü ildə Qırğızıstan Respublikasındakı «Anglo-Kyrgyz İnsurance Company»nin təsisçisi hüququnu almaqla Azərbaycanda xarici ölkədəki şirkətə təsisçilik edən ilk və yeganə sığorta şirkətinə çevrilib.
Şirkətin idarə heyətinin sədri Samir Mustafayevlə söhbətimiz daha çox maarifləndirmə xarakteri daşıyır
- Azərbaycanda 24 növ sığorta var. Onlardan ən populyarı əmlak sığortası, kasko sığortası, yük sığortası, üçüncü şəxs qarşısında məsuliyyətin sığortası, tibbi sığorta, həyat sığortası və sairdir. Bizim şirkətdə əvvəllər ümumi sığorta fəaliyyətinin içərisində avtomobil sığortası daha çox paya malik idi. Avtomobil satışı ilə məşğul olan böyük şirkətlərlə işləyirdik. Sonra baxdıq ki, bu, o qədər də faydalı deyil. Avtosalondan maşın alanların hamısı sığorta üçün bizə müraciət etdiyindən bizim seçim etmək imkanımız olmurdu. Yeni maşın alanların içərisində qadınlar da vardı, sürücülük təcrübəsi olmayan gənclər də. Onlar axınla gəldiyi üçün fərdi yanaşma tətbiq etmək mümkün olmurdu. Düzdür, məbləğ də çox olurdu, ancaq itki də az deyildi. Maşının sığortası üçün müraciət edən ayrı-ayrı şəxslərə isə fərdi yanaşma təbiq edə bilirdik. Sürücü cavandırsa, təcrübəsi azdırsa, demək risk böyükdür, ona görə də beləsindən yüksək sığorta haqqı alırsan. Ona görə də bir neçə il əvvəl siyasətimizi dəyişdik. İndi faiz nisbətində götürsək, sığorta portfelinin yarısı əmlak sığortasının payına düşür. Sonra təxminən 30 faiz kasko sığortasıdır, yerdə qalan 20 faiz isə digər sığorta növləri arasında bölünüb.
AVTOMOBİLLƏRİ SIĞORTA EDƏNDƏ İLK NÖVBƏDƏ NƏLƏR NƏZƏR ALINIR
- Bizi ilk növbədə müştərinin sürücülük təcrübəsi maraqlandırır. Təcrübə iki ildən aşağı olanda risk də artır. Sonra avtomobilin istehsal tarixi əsasdır. 94-95-ci illərdə istehsal olunmuş avtomobillərdə tez-tez özü-özünə alışma, qəzaya yol açan texniki nasazlıq olur. Bizim də başımıza gəlib belə hadisələr. Təbii ki, sığorta müqaviləsinə uyğun olaraq dəyərini ödəmişik. Biz 1995-ci ildən əvvəl buraxılmış maşınları sığorta eləməməyə çalışırıq. Ancaq bizim ixtiyarımız da yoxdur ki, müştəriyə deyək, yox, sənin avtomobilin köhnədir, ona görə sığorta eləmirik. O zaman biz sığorta tarifini bir az artırıq, çox yox, 0,2-0,3 faiz. Elə bir fərq eləməsə də hadisə olanda, bizə müəyyən köməyi dəyir. Sonra nəzər alırıq ki, avtomobil qarajdamı saxlanılır, dayanacağamı qoyulur və sair. Bu da sığorta tarifini müəyyənləşdirəndə elə bir fərq eləmir, təxminən ümumi məbləğin 0,1 faizi qədər.
- Samir müəllim, bəzi avtomobil sahibləri sığorta ilə bağlı narazılıq edilər. Əgər hər şey bu qədər sadədirsə, nədən yaranır bu narazılıqlar?
- Narazılıqlar hadisə baş verəndən sonra başlayır. Düzdür, bizim şirkətin təcrübəsində belə fakt olmayıb. Biz hadisə zamanı öhdəmizə düşəni yerinə yetirmişik. Hər şey məlumatsızlıq nəticəsində formalaşmış sığortaya inamsızlıqdan qaynaqlanır. Bunu da biz, sığorta şirkətləri eləməliyik, dövlət eləməli deyil ki… Hadisə olan kimi dərhal polisə və sığorta şirkətinə zəng olunmalıdır. Olur ki, sürücü içkili vəziyyətdə maşını idarə edir, qəza törədir. Məlumdur ki, sürücü içkili vəziyyətdə qəza törədəndə sığorta ödənişi edilmir. O da bunu bilir, zəng edir qohumuna, qardaşına ki, gəl. Sığorta şirkətinin nümayəndəsi də ora gedəndə deyir, sükan arxasında filankəs olub. Bəzən olur, qəzadan 3 gün sonra zəng edirlər ki, şoka düşmüşəm, özümdə olmamışam. Qanunla bu halda sığorta şirkəti sığortaolunana kompensasiya ödəməkdən imtina etməlidir. İmtina edəndə də narazılıq yaranır. Qəza baş verəndə dərhal sığorta şirkətinə zəng etmək birinci şərtdir.
Bəzən də narazılıqlar sürücünün lazımi sənədləri təqdim etməməsindən yaranır. Qəzadan sonra yol polisindən müəyyən sənədlər (4 nömrəli forma, hadisənin baş verməsi haqqında arayış) alınıb sığorta şirkətinə təqdim olunmalıdır, sürücülər bunu etmirlər. Bəzən qəzada günahkar olduqlarına görə, bal yazılmasından qorxurlar, bəzən də sadəcə sənədləri verməyə tənbəllik edirlər. Çalışırıq ki, onları başa salaq. Axı, bunların hamısı müqavilədə nəzərdə tutulub. Sadəcə, müştərilərin əksəriyyəti oxumadan müqaviləyə qol çəkirlər, sonra da narazılıq yaranır.
Biz 1996-cı ildən fəaliyyət göstəririk, hələ bizdən Maliyyə Nazirliyinə bir şikayət getməyib. Zənnimcə, bu, böyük göstəricidir.
SIĞORTALANMIŞ MAŞINDAN TAKSİ KİMİ İSTİFADƏ EDİB QƏZA TÖRƏDƏNDƏ KOMPENSASİYA ÖDƏNİLİR?
- Biz fərdi avtomobilləri sığorta eləyəndə sığorta şəhadətnaməsində qeyd edirik, əgər bu maşından taksi məqsədilə istifadə olunsa, biz ona kompensasiya ödəməyəcik. Bu barədə yol polisinə də rəsmi məktub yazmışıq. Çünki bu zaman risk artdığından sığorta məbləği də yüksək olmalıdır. Bir var, sürücü gündəlik ev, iş və digər məişət ehtiyacları üçün maşın sürsün, bir də var, ondan gəlir əldə etmək üçün bütün günü şəhəri dolaşsın. Bizim təcrübəmizdə belə bir hadisə olmuşdu. Təbii ki, sürücü bunu gizlədirdi. Əməkdaşlarımız müəyyənləşdirdilər ki, qəza törədilən maşının damında taksi lövhəsinin cızıq izləri var. Biz həmin sürücüyə müəyyən qədər kompensasiya ödədik, düzü, o da razı qaldı. Başa düşdü ki, səhv edib. İnanmırmış ki, biz ona nəsə ödəyərik.
- Tutaq ki, qəza törətmiş hər iki avtomobil başqa-başqa şirkətlərdə sığortalıdır. Bu zaman sığorta ödənişi necə aparılır. Kim, nə qədər ödəyir?
- Bu hadisəyə sığortada reqress deyilir. Əvvəlcə, təqsirkar müəyyənləşənə qədər hər şirkət sığortaladığı avtomobilin xərcini ödəyir. Məhkəmə olur, müəyyənləşir ki, hadisə zamanı təqsir kimdə olub. Bundan sonra kim artıq ödəyibsə, onun pulunu əksik ödəyən geri qaytarır.
QƏSDƏN QƏZA TÖRƏTMƏK NƏ DEMƏKDİR?
- Qanunda var ki, sürücü qəzanı qəsdən törətdikdə sığorta şirkəti pulu ödəməyə bilər. Bəziləri bu «qəsdən» sözünü düzgün başa düşmürlər. Sürücü dəli deyil ki, maşınını qəsdən divara vursun. Əgər sürücü qırmızı işıqda keçirsə, demək qəsdən, bilə-bilə qəza riskini artırır. Yeni dəyişikliklərdən sonra sığorta şirkətinin pulu ödəməkdən imtinası ilə bağlı istisnalar azaldılıb. Məsələn, əvvəllər kobud ehtiyatsızlıq da istisna sayılırdı. Onu da çox yerə yozmaq olar. İndi belədir ki, hər kəsin istisnası onun sığorta polisində yazılır. Bu da rəqabəti artırmaq üçündür. Məsələn, sürücü bizim şirkətə gəlib şərtləri soruşur, hansı hallarda sığorta məbləğinin ödənilməyəcini – istisnaları öyrənir, sonra gedib başqa bir şirkətdən məlumatları alır. Müqayisə aparır, sərf edəni seçir.
İCBARİ SIĞORTA MEXANİZMİ NECƏ OLMALIDIR
- Avtomobillərin icbari sığortası 3-cü şəxs qarşısında məsuliyyətin sığortasıdır. Çoxdan söhbət gedir ki, Milli Məclisə yeni qanunun layihəsi verilib, ancaq hələ bir xəbər yoxdur. O qanun işləsə, çox gözəl olar, sürücülər özlərini rahat hiss edərlər ki, bir naşı sürücü gəlib maşını vuranda, xəsarət yetirəndə sığorta şirkəti bizim xərcimizi ödəyəcək. İcbari sığortada bir məqam düz deyil ki, hamı sığorta haqqı kimi 10 manat ödəyir, maşının bahalığına, ucuzluğuna əhəmiyyət verilmir. Əgər maşının icbari sığortası varsa, hadisə baş verəndə sığorta şirkəti maksimum 5 min manat ödəyə bilər. Bu nə deməkdir? Min manat maşının təmirinə, əgər maşında 4 nəfər olubsa və hamısı xəsarət alıbsa, onların xəstəxana xərclərinin ödənməsi üçün hərəsinə min manat ödənilir. İndiki dövrdə min manat çox xırda məbləğdir. Xarici maşının sadəcə buferi cızılanda 300-400 manat lazım olur. Bizdə neçə illərdir, avtomobillərin icbari sığorta haqqının artırılması ilə bağlı müzakirələr aparılır, ancaq hələ ki, yekun qərar verilməyib. Rusiyada avtomobilin icbari sığorta haqqı təxminən 120 dollardır, sığorta ödənişi isə hardasa bizdəkindən 5 dəfə çoxdur.
Tibbi sığorta sahəsində də eyni vəziyyətdir. Könüllü tibbi sığorta mexanizmi gözəl işləyir. Ancaq icbari tibbi sığorta sahəsində vəziyyət ürəkaçan deyil. Bizdəki xarici şirkətlər işçilərini könüllü tibbi sığorta elətdirir, imkanlı adamlar isə özləri bundan yaralana bilirlər. Mən kasıb təbəqəni nəzərdə tuturam ki, icbari tibbi sığorta onlar üçün əlverişlidir. Məncə, icbari tibbi sığorta mexanizmi belə olmalıdır: adambaşına təxminən 30-40 manat civarında illik sığorta haqqı. Onu işçi də ödəyə bilər, dövlət də. Bu pullar hansısa fonda yığılmalıdır. Sabah hansısa sığortalı işçi müalicə üçün dövlət müəssisəsinə gedəndə xərcini həmin fond ödəməlidir.
Könüllü tibbi sığorta isə belədir ki, biz sığorta şirkəti olaraq əvvəlcə hansısa özəl tibb müəssisəsilə, sonra isə könüllü tibbi sığorta ilə bağlı müraciət edənlə müqavilə bağlayırıq. Burda bir nüans var. Özəl tibb müəssisələrilə işləmək asandır. Çünki orda həkimlərin xəstədən əlavə haqq tələb etməsi yoxdur. Dövlət tibb müəssisələrində isə vəziyyət başqa cürdür. Hamımız bilirik ki, belə xəstəxanalarda tibbi personala əlavə pul ödəməsən, müayinə olunmaq, müalicə almaq mümkün deyil.
KÖNÜLLÜ TİBBİ SIĞORTANI KİMLƏR ELƏTDİRƏ BİLƏR
- Əvvəlcə müraciətə edən şəxsin hansısa xroniki xəstəliyinin olub-olmaması araşdırılır. Məsələn, şəkərli diabet xəstəsidir, ya yox. Bundan əlavə, yaş məhdudiyyəti də var. Biz 50 yaşından yuxarı adamları tibbi sığorta eləmirik. Nəinki biz, heç bir sığorta şirkəti sığortalamır. Çünki bu halda risk böyük olur. Məncə, icbari sığortada belə məhdudiyyətlər olmamalıdır. Könüllü tibbi sığortanın imkanları genişdir. Hətta müqavilədə nəzərdə tutulur ki, əgər ölkədə xəstənin müalicəsi, əməliyyat olunması mümkün deyilsə, xaricdə həyata keçirilsin. Təbii ki, burda da limit var. Sığortalının ödədiyi sığorta haqqından asılı olaraq xaricdəki müalicə üçün 15, 20 və yaxud 30 min manat nəzərdə tutulur.
ƏMLAKI SIĞORTA ELƏTDİRMƏK NİYƏ SƏRFƏLİDİR?
- Əmlak sığortası da çox sərfəlidir. Məsələn, mən bağ evimi başqa bir şirkətdə sığorta elətdirmişəm. Öz şirkətimdə eləməyin bir mənası yoxdur, çünki bu, pulu bir cibdən o birinə qoymaq olardı. Ev - fərqi yoxdur, bağ evi, yaşadığın ev- daşınmaz əmlakın qiymətinin illik 0,3 faizi məbləğində sığortalanır. Bu zaman yanğın, zəlzələ, təbii fəlakət zamanı evə nə qədər ziyan dəysə, sığorta şirkəti o zərəri ödəyir. Ev tamamilə yararsız hala düşübsə, o zaman sığorta olunan zaman hansı məbləğdə qiymətləndirilibsə, o pul ödənilir.
Əgər əmlak sığorta olunarkən içərisindəki qiymətli əşyalar da – mebel, televizor, hansısa avadanlıq – sığorta edilərsə, bu zaman sığorta haqqının məbləği də dəyişir. Əvvəlcə onların hamısının şəkilləri çəkilir, qiymətləndirilir.
- Qiymətləndirməni kim aparır, şirkətin işçiləri?
- Yox, biz qiymət qoymuruq. Əmlakın sahibi sığorta olunan daşınmaz əmlakın, əşyaların qiymətlərini deyir. Bizim qiymətləndiricilər də onun reallığa uyğun olub-olmadığını yoxlayır. Bəlkə əmlakın sahibi 2 min manatlıq bir əşyanı 4 minə alıb. Hadisə baş verəndə isə sığorta şirkətinin nümayəndəsi ziyan dəymiş əmlakın şəklini çəkir, zərərin məbləğini müəyyənləşdirir, sonra ödəniş edilir. Oğurluq olduqda sığorta ödənişi etmək üçün əmlak sahibi bizə polisdən, yanğın zamanı isə Fövqəladə Hallar Nazirliyinin yerli orqanından arayış təqdim etməlidir.
HƏYAT SIĞORTASI «ÖLÜM SIĞORTASI»DIRMI?
- Prinsipcə bu, elə düzgün yanaşmadır. Həyatını sığorta elətdirən özü müəyyənləşdirir məbləği. Bu, 100 min manat da ola bilər, 400 min manat da. Həmin məbləğə uyğun olaraq şkala tutulur və orda göstərilir ki, əmək qabiliyyətinin nə qədərini itirəndə hansı məbləğin ödənişi nəzərdə tutulur. Öləndə isə həyatını hansı məbləğə sığorta etdiribsə, həmin pul ödənilir. Yeni dəyişiklikdən sonra həyat sığorta ilə məşğul olmaq üçün ayrıca şirkət açılmalıdır. Əvvəllər sığorta şirkətləri başqa sığorta növləri kimi həyat sığortası ilə də məşğul ola bilirdilər. Mən yeni dəyişikliyi dəstəkləyirəm. Bu növ sığorta fəaliyyətilə məşğul olmaq üçün artıq müəyyən tələblər qoyulub. Məsələn, nizamnamə fondunun məbləğilə bağlı, o yüksək olmalıdır. Ancaq hansısa sığorta şirkəti yeni zamanda həyat sığortası ilə məşğul olmaq istəsə, törəmə şirkət yaratmaq yetərlidir.
BİR ƏMLAKIN BİR NEÇƏ ŞİRKƏTDƏ SIĞORTA OLUNMASINA QANUN İCAZƏ VERİRMİ?
- Mən Sizi başa düşdüm. Siz əmlakı bir neçə şirkətdə sığorta elətdirib, hadisə zamanı hərəsindən 100 faiz məbləğ almağı nəzərdə tutursunuz. Yox, bu mümkün deyil. Bir neçə şirkətdə 100 faizin daxilində sığorta elətdirmək mümkündür. Yəni, bu faizi sığorta elətdirən də bölə bilər, təkrar sığorta şəklində sığorta şirkəti də. Ancaq bütün hallarda – bir şirkətdə də sığorta elətdirsəniz, 5 şirkətdə də – sizin aldığınız məbləğin cəmi 100 faizə bərabər olacaq. Hər şirkətdən 100 faiz sığorta ödənişi almaq mümkün deyil. Bir misal çəkim. Tutaq ki, avtomobilinizi siz deyən kimi, 3 şirkətdə tam məbləğdə sığorta etdirmisiniz. Hadisə olur, bir maşınla toqquşursunuz. Hadisə yerinə mütləq yol polisi gəlir, araşdırır, sonra işi verir məhkəməyə. Məhkəmə də çağırır sığorta şirkətlərini. Dəyən zərər şirkətlər arasında bölünür. Mexanizm elə qurulub ki, hər şirkətdən dəyərin zərərin tamını almaq mümkün deyil. Belə hallar çox olur. İşin axırı məhkəmə olduğundan sığotraolunanın istəyi baş tutmur.
ÖDƏNİLƏN ƏN YÜKSƏK SIĞORTA MƏBLƏĞİ
- Biz çox bahalı bir ekskavatoru sığorta eləmişdik. Onu böyük bir platformanın üstünə qoyub daşıyırdılar. Bir dəfə platforma yeraltı keçiddən keçəndə traktor keçiddən hündür olduğundan körpünü dağıtmışdı, özü də böyük ziyan görmüşdü. O zaman həm ekskvatorun, həm də körpünün təmiri üçün 80 min manat ödədik. O ekskvatorun dəyərinin bir hissəsini təkrar sığorta elətdirmişdik. Yəni, xərcin hamısını biz çəkməli olmadıq.
Bizim özümüzün ödədiymiz tam məbləğə gəlincə, «Avropa» otelində nömrələrin bir neçəsini sığorta eləmişdik, yanğın oldu, təxminən 30-40 min manat sığorta ödənişi etməli olduq.
TƏKRAR SIĞORTANIN ÜSTÜNLYÜYÜ
- Adətən, böyük məbləğlər, təxminən 100 mindən yuxarı olanlar təkrar sığorta olunur. Tutaq ki, 400 min manatlıq sığortanın 20 faizini özümüzdə saxlayırıq, qalanını təkrar sığorta elətdiririk. Burda riskin bölünməsindən əlavə incə bir məqam da var ki, təkrar sığorta olunan məbləğin 15 faizi komissiya haqqı kimi bizə geri qaytarılır.
1 Komment
Resadet 17 Fevral 2022
Salam. Sabahınız xeyir olsun. 20 Yanvar tarixinde Lenkeran-Lerik yolunda Senaye Sığortalı Mitsubishi Pajero markalı avtomobilin yolun kenarında dayanıqlı veziyyetde olan idare etdiyim avtomobile arxadan vurması neticesinde yaranan zererin aradan qaldırılması üçün ödenilecek mebleğle bağlı hadisenin üzerinden 15 iş gününü keçdik, haradasa 1 aya yaxın vaxt keçmesine baxmayaraq heç bir irelileyis yoxdur. Bununla bağlı şirketin Bakı ofisine defelerle zeng etmeyime baxmayaraq zenglerim uyğun şexslere istiqametlendirildi, sizinle elaqe saxlayacaqlar kimi sözler deyilib amma elaqe saxlayan olmadı. Bununla bağlı hara sikayet etmeliyem. Zehmet olmasa bu barede yardımçı olasınız. Hörmetle, Reşadet
Şərh yazın