30 YAŞLI GÜRCÜ NAZIR GÜCLÜ IQTISADIYYATIN VƏ UĞURLU ANTIKORRUPSIYA MÜBARIZƏSININ SIRLƏRINI “MK”YA AÇIQLADI

30 YAŞLI GÜRCÜ NAZIR GÜCLÜ IQTISADIYYATIN VƏ UĞURLU ANTIKORRUPSIYA MÜBARIZƏSININ SIRLƏRINI “MK”YA AÇIQLADI

Müsahibimiz Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Adarovna Kobaliyadır. Vera Kobaliya 24 avqust 1981-ci ildə Suxumi şəhərində doğulub. 1990-cu ildə Kral Corc adına orta məktəbi bitirib. 2004-cü ildə British Columbian universitetinin “Biznesin və informasiya texnologiyalarının idarə olunması” fakültəsini bitirib.

2001-2002-ci illərdə Kanada Beynəlxalq Səhiyyə Cəmiyyətinin (CSIH) layihə rəhbəri, 2004-2006-cı illərdə Kanada “Global TV”-sində əyləncəli proqramların prodüsseri, 2007-2008-ci illərdə “Bostons International”ın marketinq və satış üzrə meneceri, 2008-2010-cu illərdə Vankuverdə təsis olunmuş firmanın biznes-tərəfdaşı olub.
2010-cu ildə Gürcüstana qayıdaraq qaşqınların hüquqlarının müdafiəsi ilə məşğul olan “Ədalət uğrunda Koalisiya” qeyri-hökumət təşkilatına rəhbərlik edib. 2010-cu ilin 2 iyulundan Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziridir.

“BIZIM DÖVLƏT ORQANLARINDA IŞ TƏCRÜBƏMIZ YOXDUR, ANCAQ...”

- Gürcüstan yeni inkişaf yoluna qədəm qoyduqdan sonra gənc və perspektivli kadrların yüksək idarəetməyə cəlb olunması prosesi başladı. Necə oldu ki, Siz də bu prosesə qatıldınız. Zəhmət olmasa, iqtisadiyyat və davamlı inkişaf nazirinə gedən yola bir nəzər salardınız.

- Bizim Nazirlər Kabinetinə baxsanız, görərsiniz ki, nazirlərin hamısı cavan kadrlardır. Nazirlərin orta yaşı hardasa 32-dir. Prezidentimiz bu vəzifəyə seçiləndə 35 yaşı vardı. Bu bizim – daha doğrusu, xalqın seçimidir ki, biz konkret Qərb inkişaf yolunu, belə demək mümkünsə, Qərb təfəkkürünü seçmişik, Avropa Birliyi ailəsinə üzv olmaq prioritetini əsas götürmüşük. Xalq hazırki prezidenti seçməklə bu yola üstünlük verdiyini göstərib. Ona görə də bizim komandamız bu cür cavanlardan formalaşıb.
Mənim bu komandaya düşməyimə gəlincə, əvvəlcə onu deyim ki, Abxaziyada doğulmuşam. Bildiyiniz kimi, sonradan mənim Vətənim işğal olundu. Biz də başqaları kimi öz evimizi tərk etməyə məcbur olduq. Hazırda Gürcüstan da Azərbaycanla eyni taleni yaşayır, torpaqlarının 20 faizi işğal olunub, 500 min qaçqını var. Sonradan 15 il Kanadada yaşamışam, orda oxumuşam, işləmişəm. 2010-cu ildə məni Gürcüstana dəvət etdilər. Mənim üçün Abxaziyadan və Sxenvalidən gələn qaçqınlarla işləmək imkanı yarandı, ona görə də qalmağa qərar verdim. Mən qeyri-hökumət təşkilatının rəhbəri kimi işləməyə başladım. Biz qaşqınların vəziyyəti ilə bağlı beynəlxalq kampaniya təşkil elədik ki, bu da böyük əks-sədaya səbəb oldu. Bundan sonra mənim dövlət idarəçiliyində işləməyim reallaşdı. Başda mənim müavinim olmaqla bütün komandam, işlədiyim kadrlar biznesdən gəlib. Bizim dövlət orqanlarında iş təcrübəmiz yoxdur, ancaq böyük biznes təcrübəmiz var. Biz biznesin problemlərini gözəl bilirik. Başa düşürük ki, nə vaxtsa yenidən əvvəlki işimizə-biznesə qayıdacağıq. Hazırki 23 saatlıq gərgin rejimdən qurtulub öz işimizlə, ailəmizlə məşğul olacağıq.
- Gənc yaşda böyük bir yükün altına girmisiniz, eyni zamanda, yaşıdlarınız üçün uğurlu menecment nümunəsi yaratmısınız. Başqa sözlə desək, gəncləri ölkənin ictimai və iqtisadi həyatında fəal iştiraka ürəkləndirmisiniz, xofu dağıtmısınız. Sizin idarəetmə üsulunuzun sirr nədir, bunu xüsusi bir resepti varmı? İqtisadi və Davamlı İnkişaf naziri ölkə prezidenti kimi gənclərlə işləməyə üstünlük verir, yoxsa yaş məsələsinin onun üçün xüsusi əhəmiyyəti yoxdur, əsas bacarıqdır?
- Mən Avropa ölkələrinə, Amerikaya gedəndə ilk növbədə, orda oxuyan gürcüstanlı tələbələrlə görüşməyə çalışıram. Gürcü gəncləri Qərb universitetlərində ali təhsil almağa böyük üstünlük verirlər. Bu onlar üçün gözəl örnəkdir ki, mən 29 yaşımda nazir olmuşam. Bu, onlarda təhsillərində daha yaxşı çalışmaları üçün böyük stimul yaradır. Onlar başa düşürlər ki, Gürcüstanda istedadlı, savadlı gənclər üçün geniş imkanlar yaradılıb. Bu, onlar üçün böyük şansdır.
Mənim idarəetmə üsuluma gəlincə, deyim ki, komanda ilə işləməyə üstünlük verirəm. Hesab edirəm ki, insan nə qədər talantlı, istedadlı, təcrübəli olsa da, təkbaşına heç nə əldə edə bilməz, uğura çatmaq üçün mütləq komanda işi lazımdır. Məşhur bir amerikalı işadamının belə bir sözü var ki, mən hər şeyimi itirməyə razıyam, təkcə, komandamdan başqa. İnanıram ki, bu komanda ilə hər şeyi yenidən sıfırdan başlaya bilərəm. Biznesin ən böyük sirri də budur. Ən vacibi komandanı formalaşdıran insanlardır. Bizim nazirlikdə hər kəs bizneslə nəfəs alır. Biz Gürcüstanda özəl sektorun inkişafı üçün münbit zəmin yaratmağa çalışırıq. Tutaq ki, Gürcüstana gələn azərbaycanlı işadamı təkcə müəssisə qeydiyyatdan keçirib şirkət qurmaqda çətinlik çəkməməklə yanaşı, uzun illər bu ölkədə işləməyə maraqlı olmalı, özünü rahat hiss etməlidir. Biz belə bir sistem qurmağı hədəfləyirik. O işadamı üçün Gürcüstanın iqtisadiyyat nazirliyi açıq qapı nazirliyi olmalıdır. İşadamı nazirlikdən öz biznesini inkişaf etdirmək üçün istədiyi məlumatı ala bilməlidir. Onun biznesinin inkişafi isə Gürcüstanın inkişafı deməkdir.
“SIYASI NƏTICƏLƏRƏ SƏBƏB OLAN RISKLƏRDƏN QORXMAMAQ BÖYÜK UĞURLAR GƏTIRIR”
- Gürcüstan həm də yerləşdiyi regionda korrupsiyaya qarşı uğurlu mübarizə nümunəsidir. Bildiyiniz kimi son vaxtlar Azərbaycanda da korrupsiyay qarşı kompleks mübarizə tədbirləri həyata keçirilir. Bu sahədə qısa zamanda böyük uğurlar qazanmış bir ölkənin vətəndaşı və mühüm bir nazir postunun sahibi kimi Sizcə, antikorrupsiya tədbirlərinin uğurla nəticələnməsi üçün hansı vacib amillərə diqqət yetirmək lazımdır?
- Korrupsiya ilə mübarizə bizim üçün böyük önəm daşıyan bir məsələ idi. İndiki prezidentimiz bu posta seçiləndə bir nömrəli vəzifə kimi xalqı cana gətirmiş korrupsiyanı aradan qaldırmağa söz verdi. Gürcütanda hamı bu problemdən yorulmuşdu. Necə deyərlət, korrupsiyaya qarşı mübarizə prezidentin xalq qarşısındakı öhdəliyi idi. Korrupsiyaya qarşı mübarizədə birinci şərt odur ki, mübarizə aparan komandanın başında duran adam (prezident, nazir) buna inansın. Bilirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin başında prezident durur. Demək əsas şərt artıq yerinə yetirilib. Onun bu işdə başqa bir marağı yoxdur. İkincisi isə, risk etməkdən qorxmamalı, radikal addımlar atmaqdan çəkinməməlidir. Yadınızdadırsa, bizim prezident bir gündə bütün polis işçilərini buraxdı. Bu, minlərlə adamın işsiz qalması, eyni zamanda, onların müxalifət fikirli insana çevrilə bilməsi ehtimalının artması demək idi. Onların yerinə isə yeni fikirli, açıq dünyagörüşlü, məqsədə doğru qorxmadan irəliləyən oglan və qızlar işə götürüldü. Əvvəllər xalqın polisə etimadı yox idi, aparılan islahat nəticəsində indi polis xalqın güvəndiyi ən etibarlı dövlət orqanına çevrilib. Siyasi nəticələrə səbəb olan böyük risklərdən qorxmamaq böyük uğurlar gətirir.
- Gürcüstan iqtisadiyyatının ən böyük və inkişafda olan sektorlarından biri də turizmdir. Gürcüstan turizmi qonşu ölkələrlə müqayisədə qiymətlərin münasibliyinə və xidmətin səviyyəsinə görə fərqlənir. Turizmin inkişafı, daha çox əcnəbi tiristin ölkənizə cəlbi üçün hansı planlarınız var? Sirr deyil ki, Gürcüstanın qonşuları içərisində Azərbaycan turist cəlb etmək baxımından ölkəniz üçün gözəl fürsətdir. Azərbaycanlıların tursit kimi Gürcüstana cəlbi üçün hansısa xüsusi tdəbirlər planlaşdırısınızmı?
- Biz çox şadıq ki, azərbaycanlılar Gürcüstanı çox sevirlər. Buna görə də onlar özləri Gürcüstanı reklam edirlər. Azərbaycanlılardan kimsə gəlib burdakı vəziyyəti gördükdən sonra öz ətrafına, dost-tanışına Gürcüstanı tərifləyir ki, bu da elə dost münasibətlər nəticəsində yaranmış real reklamdır. Bizim ölkənin statistika orqanlarının rəsmi rəqəmlərinə görə, 2009-cu ildə Gürcüstana 450 min azərbaycanlı turist gəlib. Onların əksəriyyəti qış mövsümündə dağ-xizək kurortlarında dincəlmək üçün gəliblər. Azərbaycanlı turistlərin bu idman növünə böyek marağı var. Həmçinin, qara dəniz sahillərindəki kurortlara da azərbaycanlıların böyük axını var. Bu, azərbaycanlıların Gürcüstana olan isti münasibətindən qaynaqlanır. Bizim ünsiyyət qurmaq uçün ümumi dilimiz var ki, bu da çox kömək edir. Eyni zamanda, iki ölkənin yaxın olması da mühüm rol oynayır. Qatarla, maşınla, avtobusla Azərbaycandan Gürcüstana rahatca gəlmək mümkündür. Bunu da böyük əhəmiyyəti var. Bugünkü görüşlərimdə də azərbaycanlı işadamlarının ölkəmizə investisiya qoyması ilə bağlı danışıqlara apardıq. Biz çox istəyərdik ki, azərbaycanlı işadamları Gürcüstanın turizm sektoruna sərmayə qoysunlar, otellər tiksinlər. Azərbaycanlı işadamlarının otelləri idarəetməsi sizin ölkədən daha çox turistin cəlbinə imkan verərdi.
“DÖVLƏT MÜMKÜN QƏDƏR IQTISADIYYATDAN KƏNAR DURMALIDIR”
- Gürcüstan Cənubi Qafqazda münbit investisya səraitinə, iqtisadi inkişafına görə fərqlənir. Böhrandan sonra Gürcüstan iqtisadiyyatının uğurlu inkişafinda rəhbərlik etdiyiniz nazirliyin hansı xidmətləri var? Sizin üçün prioritet inkişaf istiqamətləri hansıdır?
- Bizim iqtisadi siyasətimiz liberalizmə söykənir. Biz özəl sektorun inkişafı üçün bütün süni əngəlləri – lazımsız icazələri, bürokratik maneə yaradan qaydaları aradan qaldırmışıq. Eyni zamanda, strateji obyektlər istisna olmaqla dövlət obyektlərinin maksimum özəlləşdirilməsini aparmışıq. Ən əsas məqam odur ki, özəlləşdirmə maksimum şəfafflıq şəraitində aparılıb. Biz özəlləşdirmə zamanı mütləq müqaviləyə o bəndi də salırıq ki, obyektin yeni sahibi onun işləməsi, inkişafı ilə bağlı üzərinə öhdəlik götürsün. Bu da yeni iş yerlərinin yaradılması, dolayısı ilə iqtisadi imkişafa təkan deməkdir. İkinci əsas şərt odur ki, Gürcüstanda özəl sektora yatırım qoymaq, işləmək qaydaları çox sadələşdirilib. Dünya Bankının açıqlamasına görə, son 5 ildə biznesin aparılması qaydalarının sadələşdirilməsinə, asanlaşdırılmasına görə, Gürcüstan lider ölkələrdən biri olub. Bu o deməkdir ki, Gürcüstana gəlib müəssisə qeydiyyatdan keçirmək, biznes qurmaq, işçi işə götürmək qaydaları çıx şəffaf və asandır, əlavə vaxt aparmır. İşadamlarının gərgin qrafiki olur, bizim ölkədə belə administrativ məsələlər onların vaxtını almır, biznesmenləri əlavə yollar axtarmaq üçün baş sındırmağa vadar etmir. Biz də Azad Sənaye Zonası var ki, orda istehsal olunmuş məhsul ixrac olunanda belə ondan vergi tutulmur. Biz bu cür müxtəlif yollarla ölkəmizə investisiya cəlb etməyə çalışırıq.
- Monopoliyanın qarşısını almaq üçün Sizcə nə etmək lazımdır?
- Özəl sektorun inkişafını şərtləndirən birinci amil bu sahədə rəqabət aparmaq üçün tərəflərə bərabər şərtlərin yaradılmasıdır. Dövlət mümkün qədər iqtisadiyyatdan kənar durmalı, ona qarışmamalıdır. Biznes sektoru qərarları özü qəbul etməlidir. Harda bu şərtlər varsa, demək, o ölkədə monopoliya yoxdur.
- Siz bundan əvvəl Bakıda olmuşdunuz? Şəhərimiz xoşunuza gəldi?
- Xeyr, birinci dəfədir Bakıda oluram. Şəhəriniz məni valeh etdi. 3-4 il əvvəl mənim xarici işlər nazirliyində işləyən bir tanışım Bakıdan qayıdandan sonra mənə danışırdı ki, dünyanın hər tərəfində olmuşam, hər cür gözəlliyə şahidlik etmişəm, ona görə də məni nə iləsə təəcübləndirmək qeyri-mümkündür, ancaq Bakı məni heyrətləndirdi.
- Soruşmadınız ki, dostunuzu burda nə heyrətləndirib?
- Bakının sürətli inkişafı. Bakıda olduğum bir gündə mən də gördüm ki, şəhəriniz necə sürətlə dəyişir, hər tərəfdə qaynarlıq, tikinti. Dünyanın hətta ən inkişaf eləmiş ölkələrində belə qlobal maliyyə böhranından sonra bu cür sürətli inkişafa rast gəlmək mümkün deyil.
- Mənim üçün çox xoşdur, bu sözləri Sizdən eşitmək.
- Eləmi? (gülür). Təyyarəyə gecikirik, inşallah növbəti dəfə Sizə daha çox vaxt ayıraram.
- Onda sonuncu sual.
- Olsun
- Gürcüstanda qadınların ictimai həyatda iştirak səviyyəsi Sizi qane edirmi? Gənc yaşda karyerada böyük uğurlar qazanmış bir xanım kimi həmyaşıdlarınıza karyera qazanmaq yolunda baryerlərin dəf olunması üçün nə məsləhət görərdiniz? Sizin fikirləriniz Azərbaycan xanımları üçün də faydalı olardı?
- Qadınlar biznesdə də, siyasətdə də özlərini sınamaqdan çəkinməməlidirlər. Təbii, razıyam ki, bunun üçün müəyyən bir səviyyə olmalıdır. Mən həmişə qadın işadamları, qadın menecerlərlə görüşəndə birinci növbədə maraqlanıram ki, onların nə qədər qadın işçisi var, onları vəzifə pillələrində tez-tezmi irəli çəkirlər. Bu, çox vacibdir, çünki biz qadınlar öz həmcinslərimizə bu imkanları yaratmasaq, onda heç kim bizə belə şərait yaratmayacaq.
Redaksiyadan: Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Kobaliya ilə qısa söhbətimizə yalnız bunları sığışdıra bildik. Müsahibənin təşkilində göstərdiyi köməyə görə Gürcüstanın ölkəmizdəki səfirliyinin işçilərinə və Bakıya birgünlük səfəri müddətində gərgin iş qrafikinə baxmayaraq Nəqliyyat, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri yanaşı bizimlə də görüşməyə vaxt tapan xanım Kobaliyaya dərin təşəkkürümüzü çatdırırıq

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər