Bank hansı halda müştərinin dövriyyəsi haqqında vergi orqanına məlumat verə bilər?

Bank hansı halda müştərinin dövriyyəsi haqqında vergi orqanına məlumat verə bilər?

"Vergi Məcəlləsi" və "Banklar haqqında" AR qanundan çıxarışla məsələnin izahı

Sual: Vergi orqanlarından Banka müştərinin dövriyyəsi haqqında məlumatın verilməsi barədə bildiriş daxil oluqda bank ilk əvvəl bu barədə müştəriyə yazılı müraciət edir. Əgər müştəri banka rəsmi məktubla müraciət edərək bu məlumatın ancaq məhkəmə qərarı vasitəsi ilə verilə bildiyini bildirərsə, bu zaman bank həmin məlumatı müştərinin məlumatına məhəl qoymadan vergi orqanına verə bilərmi?
Əhməd İsmayılov

Cavab: Bildiririk ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilmiş və həmin Qanunda 01.01.2013-cü il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunla Vergi Məcəlləsinin 76-cı maddəsinə də dəyişiklik edilərək yeni redaksiyada verilmişdir.
Belə ki, Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, fəaliyyəti dayandırıldığı zaman bank əməliyyatlarının aparılması, mühasibat və hesabat sənədlərinin məhv olunması (itirilməsi) halları aşkar edildikdə, vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə, onlara əraziyə (yaşayış sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı vergi məsələlərinə dair beynəlxalq müqavilələrin məlumat mübadiləsi haqqında müddəalarına əsasən digər dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün həmin müqavilənin tətbiq edildiyi şəxsin Azərbaycan Respublikasındakı banklarda olan hesabları və həmin hesablar üzrə əməliyyatlar barədə məlumatların alınması üçün sorğu edildikdə, vergi orqanları kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə yazılı bildiriş göndərməklə, həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir.
Vergi Məcəlləsinin 76.2-ci maddəsinə əsasən də kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs Vergilər Nazirliyinin təsdiq etdiyi formada Vergi Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günu müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.
Eyni zamanda, “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.
Göründüyü kimi, Vergi Məcəlləsinin və “Banklar haqqında” Qanunun müddəalarına əsasən hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və Vergi Məcəlləsinin 76.2-ci maddəsində göstərilən qaydada verilir.
Odur ki, bank əməliyyatları aparan şəxs vergi orqanları tərəfindən göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günu müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər