Maliyyə sanksiyasının hesablanması qaydası ilə praktiki sual
Belə olan halda 58.1-ci maddə ilə vergi ödəyicisinə 50% maliyyə sanksiyası tətbiq edilə bilərmi? Bildiyim qədər dövriyyə olmadıqda 58.1-ci maddə ilə maliyyə sanksiyası yuxarıdakı hal üçün tətbiq edilmir..
Sual: Sualım 58.1-ci maddəyə əsaslanır. ƏDV ödəyicisi təqdim etdiyi hesabatda 5000 manat əvəzləşmə göstərib və dövriyyə sıfırdır. Səyyar vergi yoxlama zamanı məlum olub ki, bu əvəzləşmədən 2000 manat düz əvəzləşdirilməyib. Belə olan halda 58.1-ci maddə ilə vergi ödəyicisinə 50% maliyyə sanksiyası tətbiq edilə bilərmi? Bildiyim qədər dövriyyə olmadıqda 58.1-ci maddə ilə maliyyə sanksiyası yuxarıdakı hal üçün tətbiq edilmir.
Elşən Kərimov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 24-cü maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək, habelə hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə) məlumat vermək vergi orqanının vəzifələrinə, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə qanununla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, fiziki və hüquqi şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyası və inzibati cərimələr tətbiq etmək, müəyyən edilmiş müddətdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
Göründüyü kimi, vergi daxilolmalarına nəzarətin təmin olunması, vergilərin hesablanması, dövlət büdcəsinə tam həcmdə ödənilməsinin təmin edilməsi və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiq edilməsi vergi orqanlarının hüquq və vəzifələrinə aid edilmişdir. Bu baxımdan da büdcəyə ödənilməli olan vergi məbləğinin hər hansı şəkildə dövlət büdcəsindən yayındırılması, məsələn, hesabat təqdim edilməməklə bəyan edilməməsi, bəyan edilməli məbləğin azaldılması Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tətbiqinə əsas verir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın