Vergi yoxlamalari ile bağlı Vergilər Nazirliyinə aktual sual
Hörmətli Vergilər Nazirliyi, Bilmək istərdim ki, bir müəssisədə hər il yoxlama keçirilə bilərmi? Yəni ötən 2011-ci ildə bizdə yoxlama keçirilib, 2012-ci ildə bir başqa sahə üzrə yoxlama keçirilib və bu il də başqa bir sahə üzrə yoxlama keçirilir. Vergi orqanı yalnız bizi yoxlamalıdır, yoxsa qanunvericilik bir müəssisədə hər il yoxlama keçirilməsini mümkün edir?
Sual.Hörmətli Vergilər Nazirliyi, Bilmək istərdim ki, bir müəssisədə hər il yoxlama keçirilə bilərmi? Yəni ötən 2011-ci ildə bizdə yoxlama keçirilib, 2012-ci ildə bir başqa sahə üzrə yoxlama keçirilib və bu il də başqa bir sahə üzrə yoxlama keçirilir. Vergi orqanı yalnız bizi yoxlamalıdır, yoxsa qanunvericilik bir müəssisədə hər il yoxlama keçirilməsini mümkün edir? Bu Vergi Məcəlləsi ilə necə tənzimlənir?
Rasim Həsənov
Cavab.İlk öncə nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 23.1).
Vergi Məcəlləsinin 36-cı maddəsinin müddəalarına uyğun olaraq vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
- verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;
- artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;
- Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
- Vergi Məcəlləsinin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə;
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.
Göründüyü kimi, növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmamaqla, növbədənkənar səyyar vergi yoxlaması isə yuxarıda sadalanan hallardan biri olduqda həyata keçirilə bilər.
Əlavə olaraq onu da bildiririk ki, vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır (Vergi Məcəlləsi, maddə 36.6).
0 Komment
Şərh yazın