Mühasibat, vergi işi və audit xidmətləri açmaq istəyən nələri bilməlidir?
Sənədlərin siyahısı, rüsumların məbləği və lizensiya haqqqında ətraflı məlumat
Sual: Salam. Maliyyə mühasibat, vergi işinin təşkili audit xidmətlərini təqdim edən firma yaradaraq fəaliyyət göstərmək istəyirəm. Bilmək istəyirəm bunun üçün mən nə etməliyəm (lisenziya, qeydiyyat və s.)? Xahiş edirəm sualıma cavab verəsiniz. Təşəkkür edirəm.
Sərvanov Şakir
Cavab: İlk növbədə bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən şəxslər tərəfindən hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana ərizə ilə müraciət edilməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə (əsasnamə);
- qurumun yaradılması barədə qərar;
- hüquqi ünvanı təsdiq edən sənəd;
- təsisçi hüquqi şəxslər barədə məlumat;
- təsisçi fiziki şəxslər barədə məlumat;
- rəhbərin (qanuni təmsilçinin) təyin edilməsi barədə qərar;
- nizamnamə kapitalının (şərikli mayanın) ödənilməsini təsdiq edən sənəd (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə, yəni 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmayıbsa);
- hüquqi şəxsin rəhbəri və ya qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd (hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır).
«Dövlət rüsumu haqqında» Qanunun 20-ci maddəsinə əsasən bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün tələb olunan dövlət rüsumunun məbləği 220 manat, fəaliyyətini kənd təsərrüfatı sahəsində həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün həmin məbləğ 3 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün isə 11 manat təşkil edir.
Odur ki, kommersiya hüquqi şəxsi yaradıldıqda qeyd olunan sənədlər əlavə edilməklə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə hüquqi şəxsin yerləşdiyi ərazi üzrə vergi orqanına (Bakı şəhərində Bakı şəhəri Vergilər Departamentinin H. Əliyev prospekti 105 ünvanında yerləşən “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi”) müraciət edilməlidir.
Əlavə olaraq onu da qeyd etmək istərdik ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının rüsumsuz olaraq elektron qaydada aparılması mexanizmi istifadəyə verilmişdir. Bu imkandan istifadə etmək üçün bir sıra şərtlərə əməl edilməlidir. Təsisçilər rezident şəxslər olmalı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada haqqı ödənməklə elektron imza hüququ əldə edilməli və s.
Kommersiya hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını, habelə sənədlər təqdim olunmalı olan vergi orqanları barədə məlumatı və sənədlərin formalarını Vergilər Nazirliyinin internet səhifəsinin “Bir pəncərə” bölməsindən (http://www.taxes.gov.az/1/index.shtml), vergi orqanlarına qeydiyyat proseduraları, vergitutma məqamları, vergi öhdəlikləri və vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında qeydiyyata alınmasına dair prosedur qaydaları barədə ətraflı məlumatı isə həmin internet saytının ana səhifəsində yerləşdirilən “Sahibkarın vergi bələdçisi” (http://www.taxes.gov.az/?name=pages&page=beledchi&lang=) bölməsindən əldə edə bilərsiniz.
Onu da bildiririk ki, sorğunuzda qeyd etdiyiniz fəaliyyət növü (vergi işinin təşkili) Azərbaycan Respublikasının Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanına əsasən xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməmişdir.
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə müəyyən olunan auditor xidmətinin göstərilməsindən ibarət olan auditor fəaliyyəti isə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən qurum kimi Auditorlar Palatası müəyyən edilmişdir.
Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikası ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxs auditor təşkilatı hesab olunur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın