İcarə zamanı vergi öhdəlikləri ilə bağlı maraqlı sual

İcarə zamanı vergi öhdəlikləri ilə bağlı maraqlı sual

 Hüquqi şəxs (ƏDV ödəyicisi) VÖEN-i olan fiziki şəxsə icarəyə obyekt vermişdir. Aylıq icarə haqqı 236 manat (36 manat - ƏDV). Burada 14 % icarə haqqına görə ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Salam.Sual  Hüquqi şəxs (ƏDV ödəyicisi) VÖEN-i olan fiziki şəxsə icarəyə obyekt vermişdir. Aylıq icarə haqqı 236 manat (36 manat - ƏDV). Burada 14 % icarə haqqına görə ödəmə mənbəyində vergi tutulmalıdırmı? Zəhmət olmasa həm Fiziki şəxsin, həm də Hüquqi şəxsin hansı öhdəlikləri yaranır və hər ikisi hansı hesabatları təqdim etməlidir, bu haqda geniş məlumat verərdiniz. Əvvəlcədən təşəkkür cavablandırdığınız üçün.
Orxan Namaz

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün fiziki şəxslərə icarə haqqı ödəyən şəxslər həmin fiziki şəxslərin bu gəlirlərindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisini tutmalı və tutulmuş vergini gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli, bu müddətdə müvafiq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.
Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən isə rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər yuxarıda qeyd olunan maddə üzrə vergitutma obyekti deyildir.
Vergi Məcəlləsinin 72-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi hesabatları Vergi Məcəlləsində müəyyənləşdirilən müddətlərdə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada və yerdə vergi orqanına təqdim edilməlidir. Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” formasında hüquqi şəxslərə ödənilən icarə haqqının məbləğlərinin əks etdirilməsi nəzərdə tutulmuşdur.
Göstərilənlərə əsasən vergi orqanında qeydiyyatda olan fiziki şəxs tərəfindən təsərrüfat subyekti hüquqi şəxslərdən icarəyə götürüldükdə, həmin hüquqi şəxslərə ödənilən icarə haqqından Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən ödəmə mənbəyində verginin tutulmamasına baxmayaraq bu ödəmələr barədə məlumatları əks etdirən (1606.1.1-ci sətirdə) “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” hesabatı vergi orqanına təqdim edilməlidir. Hüquqi şəxslərə ödənilən icarə haqqından ödəmə mənbəyində verginin tutulmamasını nəzərə alaraq sözügedən bəyannamənin 1606.1.1-ci sətrinin “Gəlirin məbləği” sütununda ödənilən icarə haqqının tam məbləği göstərilməli, “Verginin məbləği” sütununda isə rəqəm göstərilməməlidir.
Digər tərəfdən, Vergi Məcəlləsinin 218.2-ci, 124.3-cü və 104.1-ci maddələrinin müddəaları nəzərə alınmaqla əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığına və onların bu gəlirindən ödəmə mənbəyində vergi tutulmadığına görə həmin hüquqi şəxslər tərəfindən hesabat ili ərzində əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli və hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklərə uyğun olaraq, Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Panda 01 İyun 2021

    Vergilərdə hüquqi və fiziki şəxslərin oxşar və fərqli cəhətləri hansılardır?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər