Uğurlu karyera üçün mütləq xarizmatik olmaq lazımdır?

Uğurlu karyera üçün mütləq xarizmatik olmaq lazımdır?

“MK”-nın amerikalı psixoloqu Susan Mcaninch rəhbər üçün xarizmadan da vacib keyfiyyətlərin qazanılması yollarından danışır

Sual- Hörmətli Susan xanım, uzun müddətdir ki, bir təşkilatda calışıram. Rəhbərlik yaxşı işlədiyimi bildirsə də, təəssüf ki, məni işimdə irəli çəkmir. Səbəbini soruşduqsa isə, bildirir ki, sifətimdə insanlara rəhbərlik edə biləcək xarizma yoxdur.  Zəhmət olmasa, bildirərdiniz ki, xarizmanı necəsə qazanmaq olar,  yoxsa bu,  anadangəlmə olmalıdır?

Mahmud Əhmədov

Cavab-Əziz Mahmud bəy, belə maraqlı suala görə təşəkkür edirəm. Gəlin, əvvəlcə xarizmanın nə olduğuna nəzər salaq. Xarizma nadir və qeyri-adi şəxsi keyfiyyət və ya liderlikdir, bu qabiliyyət öz sahibinə digər insanlara təsir etmək və onları ruhlandırmaq imkanı verir. Xarizma dedikdə, yadıma bir sıra dünyəvi və dini liderlər düşür: Qandi, Martin Lüter Kinq, Mustafa Kamal Atatürk və sair. Şəxsi həyatımıza gəldikdə, siz də, elə mən də tanıdığımız bir neçə xarizmatik insanın adını çəkə bilərik. O insanlar ki, həyatın özündən daha müdrik görünür, maraqlı və cəzbedicidir, hamı belə insanları dinləməyi və onların fəaliyyətini izləməyi, onların arxasınca getməyi üstün tuturlar.    
Bəs, xarizmanı sonradan qazanmaq və inkişaf etdirmək mümkündürmü?
Əksər sosioloqlar hesab edirlər ki, hər bir fərddə dünyaya gəldiyi anda inkişaf etməmiş xarizma rüşeymləri olur və zaman ötdükcə irsiyyətin və ətraf mühitin qarşılıqlı təsiri, yəni təbiət və tərbiyənin təması nəticəsində əlverişli mühitə düşdükdə bu rüşeym dəyişir və inkişaf edir. İnsanların xarakterik xüsusiyyətləri və xasiyyətlərinin səciyyəvi cəhətləri hər bir insanı unikal varlıq edən müstəsna keyfiyyətlərdir. Bəzi xarakterik xüsusiyyətlərə misal göstərək: açıq, qapalı, yeniliyə açıqlıq, vicdanlı, emosional, stabil, mülayim, üzüyola, qətiyyətli, səbrli, nikbin, bədbin, təşəbbüskar, bol enerjili, az enerjili, ehtiyatlı, çılğın, cəzbedici, mehriban, məqsədyönlü, dözümlü, şən, ciddi... Bu siyahını hələ çox uzatmaq olar.
İnsanın səciyyəvi cizgiləri ənənəvi davranış, temperament və emosiya modelləri kimi özünü büruzə verir. Zaman keçdikcə onlar daha da möhkəmlənir və stabil xarakter almağa başlayır. Bu müddətdə insan öz xarakterinin mənfi və müsbət cəhətləri üzərində işləyərək, onları idarə etməyi öyrənə bilər. Məsələn, o, bol enerjili olmasından hədəflərə çatmaq üçün yararlana ya da öz qəzəbinə nəzarət etməyi öyrənə bilər. İnsani xarakterlər sonradan öyrənilən (sonradan qazanılan) və kəskin üsullarla birdən-birə dəyişdirilən nüanslar deyil. Beləliklə, sizin qısa sualınıza verə bildiyim uzun cavab belədir: xarizma insanın məqsədyönlülük, cəzbedicilik, qətiyyətlilik, ünsiyyətcillik və digər xarakterik xüsusiyyətlərinin kombinasiyasıdır və sonradan qazanıla bilməz. Əgər insanda xarizma yaradacaq həmin xüsusiyyətlərin nadir kombinasiyası varsa, onda o, həmin xarizmanı daha da inkişaf etdirə bilər. Əgər insanda xarizma yoxdursa, onu inkişaf etdirmək olduqca çətin, əksər hallarda isə qeyri-mümkündür.   
Xahiş edirəm ki, məni diqqətlə dinləyəsən. Xarizma ilə bağlı gətirdiyim izahata görə heç də həvəsdən düşmə. Çox az insan, sözün əsl mənasında xarizmatikdir, yaxşı lider və ya rəhbər olmaq üçün xarizmaya sahib olmaq mütləq deyil. Mən dəqiq bilmirəm ki, müdiriniz sizdən xarizma tələb edərkən məhz nəyi nəzərdə tutur? Karyerada uğur və irəliləyişə nail olmaq üçün çoxlu sayda digər zəruri fərdi keyfiyyətlər var: ruhdan düşməmək (məğlubiyyətlərə qarşı tolerantlıq), qərar vermə bacarığı, qətiyyətlilik, uzaqgörənlik, təcrübə, özünəinam, çalışqanlıq və s.   
Əgər öz iş yerinizdə irəliləməkdə maraqlısınızsa, öz zəif və güclü tərəflərinizi qiymətləndirməyiniz üçün ən yaxşı məqamdır.
Siz işinizdə o zaman rahat ola bilərsiniz ki, təklif etdikləriniz (sizin güclü tərəfləriniz) ilə işinizin sizdən tələb edilənlər arasında mükəmməl uyğunluq tapmağa müvəffəq olasınız. Uğurlu karyera yüksəlişinin təməli dörd vacib komponentin kombinasiyası üzərində dayanır: bacarıq, dəyərlər, maraqlar və şəxsi keyfiyyətlər. İnsanın təbiətindən və anadangəlmə xarakterlərindən fərqli olaraq, bacarıqlar elə bir xüsusi qabiliyyətlərdir ki, onları məşq və təcrübə nəticəsində öyrənmək mümkün olur. Bəzi bacarıqlar var ki, ümumi xarakter daşıyır, onlardan bir çox işlərdə istifadə edə bilərsiniz. Elə bacarıqlar da var ki, məhz müəyyən vəzifə və işlər üçün tələb olunur, spesifik və texniki xarakter daşıyır.   
Dəyərlər sizin evdə və ya iş yerində şəxsi məmnunluq səviyyənizi və mənəvi aləminizi müəyyən edən faktorlara təsir edir. Buna nümunə olaraq, digərlərinə kömək etmək, rəqabət, təklikdə və ya digərləri ilə birlikdə işləməyə üstünlük vermək, özünütəsdiq, reputasiya, tanınma, ailə üçün vaxt ayırmağa duyduğunuz ehtiyac hissi və s nüansları qeyd etmək olar. Maraqlar isə elə fəaliyyət növü və ya məşğuliyyətlərdir ki, siz adətən onları etməkdən zövq alırsınız.
Öz bacarıq, dəyər, maraq və şəxsi keyfiyyətlərinizin inventarizasiyasını aparın. Əgər buna çətinlik çəkirsinizsə, digər insanlardan bu işdə sizə kömək göstərməyi xahiş edin.
Bacarıqlar – sizin adi insanlardan, əksəriyyətdən daha yaxşı şəkildə etdiyiniz bütün fəaliyyətlər - haqqında düşünün və bu bacarıqların siyahısını hazırlayın. Əgər istəsəniz, siz onları müxtəlif kateqoriyalar üzrə təsnifləşdirə bilərsiniz. Özünüzü daha güclü hesab etdiyiniz və edərkən daha çox zövq aldığınız 10 ən yaxşı bacarığınızı müəyyən edin.  
Dəyərlər – öz dəyərlərinizi tanıyın və onların siyahısını tərtib edin. Siz onları işgüzar dəyərlər və ailə/şəxsi dəyərlər olmaqla iki qrupa bölə bilərsiniz. Siyahınızda ən vacib 10 dəyəri yazın.  
Maraqlar – öz şəxsi və peşəkar maraqlarınızı müəyyənləşdirin. Sizin maraqlarınız dəyər və bacarıqlarınız ilə üst-üstə düşürmü? Siyahıya həqiqətən də sizi ən çox maraqlandıran amilləri daxil edin.   
Şəxsi keyfiyyətlər –bütün xarakterik xüsusiyyətlərinizi yazın. Həmçinin, başa düşməyə çalışın ki, eyni bir xasiyyət situasiyadan asılı olaraq mənfi və ya müsbət kimi şərh oluna bilər. Bu siyahını özünü daha çox büruzə verən və vacib hesab etdiyiniz 10 xarakterik xüsusiyyətə qədər qısaldın.   
Bu çalışma sizə özünüzü başa düşməyə, güclü tərəflərinizi və inkişaf etdirmək istədiyiniz sahələri müəyyənləşdirməyə imkan verəcək, həmçinin, öz müdirinizə nələri təklif etməli olduğunuzla bağlı aydın təsəvvür yaradacaq. Xarizma ilə və ya onsuz, siz düşündüyünüzdən və rəhbərinizin gözlədiyindən daha çox şeyə sahibsiniz.  Uğurlar

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər