NKA aparatı quraşdıran şəxs hansısa halda müştəriyə kassa mədaxil qəbzi verə bilər?

NKA aparatı quraşdıran şəxs hansısa halda müştəriyə kassa mədaxil qəbzi verə bilər?

Oxucumuzun bu mövzu ilə sualına Vergilər Nazirliyi aydınlıq gətirir

Sual: Salam! Bir təşkilat olaraq mal almaq istəyirik, dükana kassa aparatı quraşdırılıb, lakin aparat nasazdır, kassa çekin əvəzinə dükanın sahibindən Kassa Mədaxil qəbzi götürmək olar? Hörmətlə, Rüstəm.
Rüstəm Əzizov

Cavab: İlk öncə bildiririk ki, Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmələri müəyyənləşdirilmişdir.
Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir (Vergi Məcəlləsi, maddə 16.1.9).
Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən isə istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyinin 28.04.20008-ci il tarixli əmri ilə təsdiq edilmiş (Ədliyyə Nazirliyində 14.05.2008-ci il tarixində 3393 nömrə ilə qeydiyyata alınmış) “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir.
Belə ki, NKA xarab olduğu dövrdə nağd hesablaşmalar vergi uçotuna alınarkən vergi ödəyicisinə verilən “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı”nda əks etdirilməlidir.
Alınmış malların rəsmiləşdirilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, Vergi Məcəlləsinin X fəslinə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə, öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Buna əsasən vergi ödəyicisi tərəfindən mallar sahibkarlıq subyektlərindən alındıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron vergi hesab-fakturası, qaimə-faktura, qəbz, çek və s.) rəsmiləşdirilir.
Sorğunuzda qeyd olunan halda, vergi ödəyiciləri tərəfindən malların digər vergi ödəyicilərinə verilməsi Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli 163 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı”nda nəzərdə tutulan qaimə-faktura formasına uyğun olaraq rəsmiləşdirilir. Obyektinə NKA quraşdırılmış vergi ödəyicisi nağd pulun qəbulu zamanı NKA-dan çek təqdim etməlidir. NKA nasaz olduqda isə yuxarıda qeyd edilənlərə əməl edilməklə alıcının tələbinə əsasən “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı”nda müvafiq qeydlər aparılmaqla kassa mədaxil qəbzi verilə bilər.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər