Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs mənfəət vergi bəyannaməsini təqdim edə bilər?
Vergi Məcəlləsinə edilən son dəyişikliyin bu məsələyə təsiri
Sual: Salam. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs mənfəət vergi bəyannaməsini təqdim etməlidirmi? Vergi bəyannaməsinin 221.7-ci bəndi 01.01.2013-cü il tarixindən qüvvəyə minibsə, bu bəndi əvvəlki illərə şamil edib maliyyə sanksiyası təqdim etmək nə dərəcədə düzgündür? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Qəniyeva Aytən
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığına görə bu fəaliyyət növü ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi sayılırlar.
«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, o cümlədən də həmin Məcəlləyə yeni 221.7-ci maddə əlavə edilmiş və bu Qanun 01.01.2013-cü il tarixdən qüvvəyə minmişdir.
Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən 01.01.2013-cü il tarixindən etibarən əmlakın icarəyə verilməsindən və royaltindən gəlir əldə hüquqi şəxslərin bu fəaliyyət növü ilə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, müvafiq hesabat dövrləri üzrə hər bir fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotunu ayrıca aparılmalı, digər fəaliyyətdən əldə edilən gəlirlərindən Vergi Məcəlləsinin 218.1-ci maddəsi nəzərə alınmaqla sadələşdirilmiş vergi hesablayaraq hesabat rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına “Sadələşdirilmiş verginin bəyannaməsi”ni, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirdən isə mənfəət vergisi hesablanaraq “Mənfəət vergisi bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri qeyd edilən müddətlərdə dövlət büdcəsinə ödəməlidir.
Cavab: Qeyd edilən Qanun qüvvəyə minənədək isə Vergi Məcəlləsinin 218.2-ci, 124.3-cü və 104.1-ci maddələrinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığına görə onların bu gəlirindən ödəmə mənbəyində vergi tutulmur, sahibkarlıq fəaliyyəti çərçivəsində əldə etdiyi hər iki fəaliyyət növləri (əmlak icarəsi və digər fəaliyyət növləri) üzrə gəlirlərin və xərclərin uçotunu bir yerdə apararaq, mənfəət vergisinin ödəyicisi olmaqla ümumi fəaliyyəti üzrə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim edilməli və hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın