Malların olmamasına görə maliyyə sanksiyası satış qiymətindəki ƏDV məbləğinə tətbiq edilir?
Dövlət Vergi Xidməti suala aydınlıq gətirir
Sual: Cəmiyyət əlavə dəyər vergisinin ödəyicisidir. Vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən OVN zamanı malların əskik gəlməsinə görə (elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi) maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən maliyyə sanksiyası təqdim edilmiş malların satış qiymətinə tətbiq edilir. Satış qiymətinə ƏDV-nin daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm. Eyni zamanda əməliyyatın hansı qaydada (pərakəndə və ya topdan) aparıldığı müəyyən edilməmişdir.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Əlavə olaraq bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.
0 Komment
Şərh yazın