TQDK-nin sədri test üsulunun ləğv olunması variantından danışdı

TQDK-nin sədri test üsulunun ləğv olunması variantından danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsindən
 
- Yeni hazırlanan “Ali təhsil haqqında” qanunda Azərbaycanda test üsulu ilə qəbulun məzmununun dəyişdiriləcəyi bildirilir. Bu, nə dərəcədə həqiqətə uyğundur?
 
- Mən də bu barədə mətbuatda oxumuşam. Ona görə də mən heç bir fikir səsləndirə bilmərəm. Amma belə təkliflər varsa, onların arxasında elmi fikirlər durursa, onları səsləndirmək üçün TQDK-nın noyabrın 23-24-də keçirəcəyi konfrans çox yaxşı bir tribunadır.
 
- Testin Azərbaycanda 20 ildir tətbiq olunur, amma hələ də test üsulunun ləğv olunacağı ilə bağlı fikirlər səslənir. Bu, sadəcə kimlərində arzusudurmu, yoxsa Azərbaycanda test üsulu ləğv edilə bilər?
 
- Biz istərdik ki, hər bir insan öz arzusuna çatsın. Amma bu insanlar kimə nə arzulayırlar? Test üsulunun ləğvi deyəndə nəyi nəzərdə tuturlar? Konkret olaraq təşkilatın ləğvini, yoxsa mərkəzləşmiş imtahanların keçirilməsinimi? Təhsil sahəsində olan problemləri həll etmək üçünmü bunu arzulayırlar, yoxsa ayrı məqsədlərlə? Bu suallar açıq qalır. Təbii ki, biz test üsulu deyəndə çoxsaylı imtahanları nəzərdə tuturuq. Bu imtahanların formaları tədricən dəyişəcək. Mərkəzləşmiş buraxılış imtahanlarında yazı işlərindən daha çox istifadə edəcəyik. Kompyuter vasitəsilə imtahan keçirilməsini nəzərdə tuturuq. Bu, bizim gələcək planlarımızdır. Açıq testlər, müxtəlif növ yazı işlərini biz imtahanlarda təqdim etməyə hazırıq və mərhələ-mərhələ təqdim edəcəyik. Burada yalnız imtahanın forması dəyişə bilər. Amma mərkəzləşmiş qaydada eyni standartlara cavab verən, bir standartla biliyin qiymətləndirilməsi təhsil sistemi üçün çox vacib mərhələdir. Onu kiminsə istəyinə görə ləğv etmək mümkün deyil. Gəlin bu məsələləri siyasiləşdirməyək. Test pisdirsə, onda niyə ali məktəblərdə semestr imtahanlarını test üsulu ilə keçirməyə başlayıblar? Nə üçün orta məktəblərdə Təhsil Nazirliyi özü vaxtilə mərkəzləşmiş buraxılış imtahanlarını, indi isə müəllimlərin işə qəbul imtahanını testlə keçirməyə üstünlük verir? Bu suallara hər bir insan özü-özlüyündə cavab versin. Biz “Bu sahədə dünyada olan yenilikləri Azərbaycanın təhsilinə töhfə vermək üçün necə tətbiq etmək lazımdır?” kimi sualların üzərində işləyirik və bu suallara cavab axtarırıq.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər