İŞƏGÖTÜRƏNLƏR MƏŞĞULLUQ XİDMƏTİNƏ BİR İLDƏ NEÇƏ HESABAT VERMƏLİDİRLƏR?

İŞƏGÖTÜRƏNLƏR MƏŞĞULLUQ XİDMƏTİNƏ BİR İLDƏ NEÇƏ HESABAT VERMƏLİDİRLƏR?

DÖVLƏT MƏŞĞULLUQ XİDMƏTİNİN  (DMX) ƏMƏK BAZARININ TƏHLİLİ VƏ STATİSTİKASI ŞÖBƏSİNİN MÜDİRİ İSA HƏSƏNOVUN "MK"-ə MÜSAHİBƏSİNDƏN

- “Məşğulluq haqqında” qanunun 17-ci maddəsinə əsasən, məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakının təşkil etmək məqsədi ilə, işəgötürənlər hesabatlar təqdim etməlidirlər. İşəgötürənlər yerli məşğulluq orqanlarına Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş statistik formaları verməlidirlər.  Təqdim olunan hesabatlar 5 statistik formadır. Formalar haqqında oxuculara bir az geniş məlumat verim.

Birinci Statistik forma “Boş iş yerləri (vakansiya) haqqında hesabat” adlanır.  Bu hesabat forması işəgötürənlər tərəfindən boş iş yerləri yarandığı təqdirdə 5 gündən gec olmayaraq yerli məşğulluq orqanlarına  təqdim edilməlidir.  Formada əsasən boş iş yerinin sayı, vəzifə (peşənin) adı, tələb olunan işçinin göstəriciləri (cinsi, yaş həddi, təhsili və s.), əmək haqqının məbləği və digər məlumatlar öz əksini tapır.  Bir daha qeyd edim ki, bu forma yalnız müəssisədə vakansiya yarandıqda verilir. Əgər müəssisədə vakansiya 5 aydan bir yaranıbsa, onda bu forma da 5 ayda bir dəfə təqdim olunur.
2-ci forma artıq işə qəbul edilən və işdən çıxarılan (o cümlədən, kvota üzrə) işçilər haqqında hesabat formasıdır. Aylıq olan bu hesabat forması növbəti ayın 10-a kimi təqdim olunmalıdır. Bu hesabat forması vasitəsiylə təşkilat işçilərin sayı, daxil olan və işdən çıxan işçilər haqqında məlumatları verir. 2-ci forma məlumatverici olmaqla yanaşı, 1-ci formaya da nəzarət etmək imkanı verir. Belə ki, 2-ci formaya əsasən, əgər yeni işə qəbul olunan varsa, deməli artıq işəgötürən boş yerləri haqqında hesabat təqdim etməli idi.
3-cü forma (“İş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hesabat”) ildə bir dəfə təqdim edilir. Qeyd edək ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar iş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hesabatı hər il iyul ayının 1-ə olan məlumata əsasən, avqust ayının 1-dək  yerli məşğulluq orqanlarına təqdim etməlidirlər.  Hesabatda iş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında məlumatlar öz əksini tapır. Bu, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyənləşdirilməsi üçün vacib formadır. Son 2 formadan, həmçinin,  əmək bazarının təhlili üçün istifadə olunur.
4-cü forma “İşçilərin sayı və ştatlar ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqında hesabat” formasıdır. Müəssisə, idarə və təşkilatlar işçilərin sayı və ya ştatların ixtisarından (işçilərin sərbəstləşdirilməsindən) ən azı 2 ay əvvəl işdən çıxarılacaq işçilər haqqına məlumatlar verməlidirlər. Bu formanın məqsədi odur ki, məşğulluq idarələri işdən çıxarılacaq işçilər haqqında məlumat əldə etsin və onların işlə təmin olunması ilə bağlı işlər görsün. Bir daha qeyd edim ki, bu forma yalnız işçilərin sayı və ştatları ixtisar edilməsi halları olduqda təqdim edilməlidir.

Sonuncu, yəni 5-ci forma “İşçilərin hərəkəti haqqında hesabat” formasıdır ki, bu forma yarimillik və illik olaraq hesabat dövründən sonrakı ayın 20-dək məşğulluq orqanlarına təqdim edilməlidir.  Qeyd edim ki, bu forma özündə əvvəlki 4 formanın göstəricilərini geniş şəkildə əhatə edir. Belə ki, bu formada işçilərin sayı, işə qəbul olunan və işdən çıxanlar haqqında məlumatlar öz əksini tapır. Həmçinin, hesabatda işdən azad olunan işçilərin işdən çıxma səbəbləri də öz əksini tapmalıdır.
Hesabat formaları saytımızda (www. Cec.az) yerləşdirilib və oxucular bu formaları saytdan əldə edərək hesabatları elektron təqdim edə bilərlər.
Anar Bayramov

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər