Vergilər Nazirliyi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı geniş miqyaslı tədbirlərə aydınlıq gətirdi
Sahir Məmmədxanov: "İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində Vergilər Nazirliyində xüsusi Qərargah yaradıllıb"
- Sahir müəllim, daha bir məsələyə toxunmaq istərdik. Son günlər Vergilər Nazirliyi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı genişmiqyaslı tədbirlərə başlamışdır. Bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi nə ilə bağlıdır?
- Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında ölkədə məşğulluq problemlərinə toxunmuş, qeyri-leqal məşğulluğun yaratdığı fəsadları, vətəndaşların sosial və əmək hüquqlarının pozulması hallarının aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Bu problem Azərbaycan kimi inkişaf etməkdə olan əksər dövlətlərdə müşahidə olunan bir prosesdir. Geniş investisiya layihələrinin reallaşdırıdığı, böyük iqtisadi quruculuq proseslərinin getdiyi bir ölkədə məşğulluğun faktiki səviyyəsi yüksək olmalıdır.
Hazırda əmək münasibətlərinin tənzimlənməsi sahəsində dövlət orqanları müvafiq tədbirləri həyata keçirirlər. Azərbaycanın vergi orqanları da öz növbəsində, qeyri-leqal məşğulluğun aradan qaldırılması, muzdlu işçilər cəlb edilməsi zamanı əmək müqavilələrinin bağlanması zərurəti ilə bağlı vergi ödəyicilərini məlumatlandırırlar.
Qeyd edim ki, bəzi təsərrüfat subyektləri tərəfindən vergi orqanlarına təqdim olunan muzdlu işlə əlaqədar əmək haqqından gəlir vergisi hesabatlarında real vəziyyətə uyğun göstəriciləri əks etdirmirlər. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdiyi vergi bəyannamələrindəki əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əmək haqqı məbləği göstəriciləri ilə uzlaşmır və onlardan hətta bəzən bir neçə dəfə aşağı olur.
İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi, eləcə də əmək haqlarının real göstəricilərinin gizlədilməsi vergidən yayınma halları ilə yanaşı, muzdla çalışan işçilərin əmək hüquqlarını pozmaqla, gələcək dövlət sosial təminatından da məhrum edir. Bütün bunlar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsini zəruri edir və göstərilən halların aradan qaldırılması və gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının da üzərinə böyük vəzifələr düşür.
İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində Vergilər Nazirliyində xüsusi Qərargah yaradılmışdır. Hazırda Qərargah tərəfindən bu sahədə geniş tədbirlər aparılır.
Vergi ödəyiciləri bilməlidirlər ki, iş yerlərinin qeydiyyatı düzgün aparılmalı, fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməli, orta aylıq əmək haqları real müəyyən edilməlidir. İş yerlərinin rəsmiləşdirilməməsi öz növbəsində işəgötürənlər üçün ciddi maliyyə sanksiyaları və inzibati cərimələr deməkdir. Nəzərinizə çatdırım ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə işəgötürənə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərə cəlb edilməsinə görə - vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir. Bu kifayət qədər sərt sanksiyalardır.
Bildirmək istəyirəm ki, vergi orqanları bu sahədə geniş nəzarət tədbirləri həyata keçirəcəkdir və bu sahədə qanunvericiliyin müddəalarının tam mənada bərqərar olması təmin ediləcəkdir.
0 Komment
Şərh yazın