“Royalbank”dan kredit alan müştərilər pulları geri necə qaytaracaqlar?
Mərkəzi Bankın İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə “Royalbank”ın lisenziyasının ləğv edilməsi ilə vətəndaşların həmin bankdan aldığı kreditlərinin taleyinin necə olacağı ilə bağlı suallar yaranıb.
Gün.Az bu suallara iqtisadi ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovla aydınlıq gətirib.
Ekspert bütün hallarda kreditorların kredit borclarının qalmayacağını və onların bütün kredit öhdəliklərini yerinə yetirməli olduqlarını deyib.
Belə ki, kreditorlar borclarını ya Mərkəzi Bankın razılığı ilə elə müflis olan bankın özünə, və yaxud müflis bankın bu halda “Royalbank”ın səhmlərini alacaq digər banka ödəyəcəklər.
“Əgər bu halda “Royalbank”ın səhmləri digər bank tərəfindən alınacaqsa, kreditorlar krediti həmin banka ödəyəcəklər. Əgər müflis olduqdan sonra səhmlər heç bir bank tərəfindən alınmazsa, bank bir subyekt kimi ləğv olunacaqsa, o zaman Mərkəz Bank “Royalbank”a müəyyən müddət verəcək ki, kreditorlarlar kredit hesablaşmalrını həyata keçirsin”.
Onun sözlərinə görə, bütün hallarda banka olan borclarla, bankın borcları hesablanacaq.
“Əgər bankın borcu çoxdursa, daha çox ödəniş edəcəksə təbii ki, bank aradakı fərqi ödəyir. Amma kreditor üzrə borclar daha çox olursa, potensial gəliri xərcindən çox olacaqsa o zaman banka həmin kreditorlarla işləmək üçün zaman verilir”.
Bildirək ki, qısa müddətdə “Royalbank” barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən “Royalbank”a müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir.
Lisenziyanın ləğvi məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirməməsi ilə bağlıdır.
0 Komment
Şərh yazın