Son 40 gündə Bakıda qida zəhərlənməsi ən çox qarpız və pomidor məhsullarından olub

Son 40 gündə Bakıda qida zəhərlənməsi ən çox qarpız və pomidor məhsullarından olub

İyunun 1-dən bu günə kimi 148 nəfər qida zəhərlənməsi diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edib. Bunu bazar ertəsi Trend-ə stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, həmin xəstələrin 108-i xəstəxanaya yerləşdirilib. Stansiyaya müraciət edən şəxslərin 15-i qarpızdan (12-si xəstəxanaya yerləşdirilib), 5-i balıqdan (hamısı xəstəxanaya yerləşdirilib), 3-ü göbələkdən (hamısı xəstəxanaya yerləşdirilib), 4-ü tortdan (hamısı xəstəxanaya yerləşdirilib), 2-si dönərdən (hər iki şəxs xəstəxanaya yerləşdirilib), 12-si təzə pomidordan (8-i xəstəxanaya yerləşdirilib), 8-i dondurmadan (6-sı xəstəxanaya yerləşdirilib) zəhərlənib. 101 nəfər isə qarışıq qidalardan (70-i xəstəxanaya yerləşdirilib) zəhərlənib.
Vahidova deyib ki, ötən il iyunun 1-dən iyulun 4-dək isə 174 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etmişdi. Onların 129-u xəstəxanaya yerləşdirilmişdi. Ötən il də zəhərlənmələrin arasında qarpızdan zəhərlənmələr çoxluq təşkil etmişdi. Ötən il 17 nəfər qarpızdan (12-si xəstəxanaya yerləşdirilib), 7 nəfər balıqdan (6-sı xəstəxanaya yerləşdirilib), 5 nəfər göbələkdən (5-i də xəstəxanaya yerləşdirilib) 5 nəfər təzə pomidordan (3-ü xəstəxanaya yerləşdirilib), 3 nəfər tortdan (2-si xəstəxanaya yerləşdirilib), 5 nəfər dondurmadan (2-si xəstəxanaya yerləşdirilib), 132 nəfər qarışıq qidadan (99-u xəstəxanaya yerləşdirilib) zəhərlənib.
Həkim deyib ki, insanlar yay aylarında daha çox zəhərlənməyə səbəb olan qarpızdan olduqca ehtiyatla istifadə etməlidirlər.
"Mümkün qədər çalışıb açıq havada, günəş şüası altında saxlanılan qarpızları almasınlar. Çünki qarpızlar uzun müddət açıq havada qaldıqda onun tərkibi dəyişir, küçədə maşınların havaya buraxdığı tozlar da qarpızın qabığı vasitəsilə onun tərkibinə sovrulur. Ona görə də belə qarpızlardan zəhərlənmələr çox olur", - Vahidova deyib.
Həkim əlavə edib ki, qarpızı kəsildikdən sonra soyuducuda da üstü açıq saxlamaq olmaz. Onun üstü mütləq örtülməlidir. Qarpız uzun müddət saxlanıla bilməz.
"Zəhərlənmələrin baş verməməsi üçün evdə xanımlar qidaların saxlanma şərtlərinə də ciddi riayət etməli, köhnə qidalardan istifadə etməməlidirlər. Məsələn, üstü kiflənmiş lavaşdan istifadə etdiyi üçün 3 nəfər zəhərlənib. Onlar lavaşın üstünün kifini silərək onu yeyiblər. Bu isə zəhərlənmə yaradıb. Ona görə də, köhnə qidalardan istifadə etmək olmaz", - Vahidova qeyd edib.

0 Komment

    Şərh yazın