“İnformasiya əldə etmək haqqında” qanun dəyişdi.
Bu gün Milli Məclisdə “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər də müzakirə olunub. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Millət vəkili İqbal Ağazadə deyib ki, fiziki şəxslərin fəaliyyəti ölkənin siyasi, iqtisadi və hərbi maraqları ilə bağlı ola bilməz: “Hər şeyi qarışdırmısınız. Hər şey ona hesablanıb ki, informasiya əldə edilməsin. “Kommersiya sirri haqqında” qanuna və Vergilər Məcəlləsinə edilən dəyişiklik bu qanuna da edilib. Bu, Azərbaycan Konstitusiyasına, Avropa Konvensiyasının ruhuna ziddir”.
Millət vəkili Zahid Oruc bu dəyişikliklərin demokratik cəmiyyət quruculuğuna təsir göstərəcəyi barədə fikirləri əsaslı saymadığını dilə gətirib: “Dünyada dövlətin əleyhinə aparılan proseslər zamanı bu məqamlardan istifadə edirlər. Digər tərəfdən, guya bu məlumatları tapmaq o qədər çətindir? Dövlət qurumları məlumatları qorumayacaqsa, bu, onların zəifliyi olacaq və həmin məlumatları cəmiyyətə çatdıranlar üçün problem olmayacaq”.
Millət vəkili Rafael Cəbrayılov hesab edir ki, informasiya hüququnun qanuna uyğun məhdudlaşdırılması da normal bir haldır: “Fiziki şəxslər də lazım gələndə dövlət maraqlarına kifayət qədər zərbə vura bilirlər”.
Millət vəkili Aqil Abbas isə “Diffomasiya haqqında” qanunun hazırlanması barədə Prezident Administrasiyasının rəsmiləri tərəfindən açıqlamalar verildiyini xatırladıb: “Diffomasiya haqqında” qanunu qəbul etsək, bu qanun necə olacaq? Bu qanunlar necə uzlaşacaq?”
Spiker Oqtay Əsədov isə “Diffomasyia haqqında” qanun layihəsi barədə deyilənlərin əsaslı olmadığını söyləyib: “Belə bir məsələ yoxdur, müzakirə olunmur”. Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bu dəyişikliklərin heç kimin əleyhinə olmadığını dilə gətirib. Millət vəkili Aydın Mirzəzadə hüquq və azadlıqlardan sui-istifadənin yolverilməz olduğunu vurğulayıb: “İyunun 5-dən cəbhə xəttində Ermənistan tərəfdən həmlələr başlayıb. Hərbi planlar, texnika barədə Ermənistana məlumat verməliyik? 2001-ci ildə ABŞ Əfqanıstanda terrorizmə qarşı mübarizəyə başlayarkən ABŞ teleşirkəti “Taliban” lideri Mola Ömərdən müsahibə götürmüşdü və müsahibəni efirə verəcəyini bəyan etmişdi. ABŞ teleşirkətə müraciət etdi, bu müsahibənin yayımlanmasının ölkənin mili maraqlarına zidd olduğunu bildirdi. Teleşirkət də müsahibəni vermədi. Ölkənin maraqları əsas götürülməlidir”.
Daha sonra qanun layihəsi səsverməyə çıxarılıb və 93 lehinə, 2 nəfər əleyhinə olmaqla qəbul edilib.
0 Komment
Şərh yazın