Azərbaycanda nağdsız hesablaşmaların aparılmasına nəzarət məqsədilə xüsusi qərargah yaradılıb

Azərbaycanda nağdsız hesablaşmaların aparılmasına nəzarət məqsədilə xüsusi qərargah yaradılıb

Nağdsız hesablaşmaların aparılması, POS-terminallarınn quraşdırılması istiqamətində görülən işlərlə bağlı cümə axşamı Vergilər Nazirliyində toplantı keçirilib. Toplantıda Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri, bank və biznes sektorunun nümayəndələri iştirak edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də POS-terminallarınn quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilib.
Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi istiqamətində görüləcək işlərin icrasına nəzarət etmək məqsədilə xüsusi Qərargah yaradılıb. Bu Qərargahın fəaliyyəti, işlərin koordinasiyalı şəkildə qurulması, eləcə də prosessinq mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi ümumilikdə ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan verib, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunub.
Bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində zəruri sayda POS-terminalların ölkəyə gətirilməsi təmin edilib, 2012-ci ilin fevral ayından 2012-ci ilin may ayının 15-dək Bakı şəhərində 14 min obyektdə 17 mindən çox POS-terminal qeydiyyatdan keçirilib.
Bütövlükdə respublikanın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə POS-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılıb. Hazırda respublika üzrə 26 443 obyektdə 30 940 aktiv POS-terminal qeydiyyata alınmışdır ki, bunun da 93,7 %-i və ya 28 976 ədədi Bakı şəhəri ərazisində yerləşən obyektlərdədir.
Nəqliyyat sektorunda da POS-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir. Hazırda 830-dan çox taksidə POS-terminalların quraşdırılması başa çatıb. Qeyd edilib ki, nəqliyyat vasitələrində tətbiq olunan POS-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına da malikdir.
Tədbirdə qeyd olunub ki, nağdsız ödəmələrin aparılması üçün müvafiq infrastrukturun artıq mövcud olmasına və son illər ölkəmizdə plastik kart sahiblərinin sayının bir neçə dəfə artaraq 4,6 milyon nəfərə çatmasına baxmayaraq, onlardan istifadə hələ lazımi səviyyədə deyil. Toplantıda nağdsız ödənişlərin genişləndirilməsi, POS-terminallardan istifadənin artırılması sahəsində müvafiq strukturların üzərinə düşən işlərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rabitə xidmətləri sahəsində görülən, elektron xidmətlərin, mobil texnologiyaların tətbiqi sahəsində son aylar aparılan işlər barədə məlumat verib və bildirib ki, rabitə sektoru da nağdsız ödəmələrin genişləndirilməsinə öz töhfəsini verməkdədir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov nağdsız ödənişlərin genişləndirilməsinin ölkə iqtisadiyyatı üçün mühüm aspektləri barədə danışıb, təmsil etdiyi qurumun da bu sahədə gördüyü işlərə toxunub.
Nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat sahəsində nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı məsələlərə toxunub, taksilərdə, dəmiryol sahəsində POS-terminalların tətbiqi, sürücülərin maarifləndirilməsi sahəsində aparılan işlər barədə danışıb.
Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev isə son dövrlərdə nağdsız ödəmələrin infrastrukturunun genişləndirilməsi sahəsində aparılan işlərin, qısa müddət ərzində böyük sayda POS-terminalların qurulmasının əhəmiyyətinu vurğulayıb. Prosesin banklar və prosessinq mərkəzləri tərəfindən də dəstəklənməsinin və davam etdirilməsinin, vətəndaşların maarifləndirilməsi prosesinə bankların da qoşulmalı olduğunun vacibliyi vurğulanıb. Qeyd olunub ki, nağdsız ödəmələrin genişləndirilməsi sahəsində bu gün aparılan işlər gələcəkdə bank sektorunun inkişafına da müsbət təsir edəcək.
Toplantıda biznes və bank sektorunun nümayəndələri də çıxış edərək məsələ ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər