Nazirlər Kabineti ƏDV-lə bağlı yeni və mühüm qayda təsdiqləyib

Nazirlər Kabineti ƏDV-lə bağlı yeni və mühüm qayda təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması” Qaydalarını təsdiqləyib. “APA-ECONOMICS”in məlumatına görə, Qaydalara əsasən, Azərbaycanın gömrük orqanlarına gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxslər ƏDV üzrə gömrük borcunun ödəyicisi hesab edilirlər. 

Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə Gömrük Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirməli olan şəxs həmin mallar üçün hesablanmış ƏDV üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Qaydalarda deyilir ki, ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür. ƏDV üzrə gömrük borcunun məbləği hesablanarkən, malların Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin cəmi əsas götürülür.Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini - “D”, aksiz vergisini - “A”, gömrük rüsumlarını - “R”, qüvvədə olan vergi dərəcəsini isə - “V” hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaq: ƏDV = (D + A + R) x V/100.
Qaydalara əsasən, ƏDV üzrə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara hesablanmış ƏDV üzrə gömrük borcu həmin mallar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, ƏDV üzrə gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır. Gömrük Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, ƏDV üzrə gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq ödənilməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər