İşçinin ƏMƏK HAQQISINDAN ödənilən YIĞIM SIĞORTASI haqqında BİLMƏLİ OLDUQLARIMIZ

İşçinin ƏMƏK HAQQISINDAN ödənilən YIĞIM SIĞORTASI haqqında BİLMƏLİ OLDUQLARIMIZ

Gəlir vergisi və sosial ayırma üzrə güzəştləri olan yığım sığortasından kimlər faydalanmalıdır?
 
Həyatın yığım sığortası insanları ölüm, müəyyən yaşa çatma, ailə başçısının və əmək qabiliyyətinin itirilməsinə görə gəlirlərin azalması və s. kimi hallardan sığortalayaraq, həmin hallar baş verən zaman maliyyə vəsaiti ilə təmin edir. Yığım tərkibli həyat sığortasının özəlliyi bundadır ki, o, təkcə həyatımızı sığortalamır, həmçinin bəzi vergi güzəştlərindən və yığılmış vəsaitlərin investisiya faizlərindən gəlir əldə etməyə şərait yaradır. Həyatın yığım sığortası - bank depozitlərinə yaxşı alternativdir.
 
Həyatın yığım sığortası ilə bağlı suallarımızı cavablandıran «PAŞA Həyat» Sığorta Şirkətinin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirdi ki, Azərbaycanda həyat sığortası xidmətləri ölkənin sığorta bazarının yeni bir sahəsi kimi xarakterizə olunur:  «Həyatın yığım sığortası sığorta olunanın müqavilə müddətinin sonuna qədər yaşaması və ya bu müddət ərzində ölməsi halında müqavilədə nəzərdə tutulmuş məbləğin sığorta şirkəti tərəfindən sığorta olunana ödənilməsini nəzərdə tutan sığorta məhsuludur. Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanılır. Adətən, həyat sığortası üzrə müqavilə iki yolla bağlanılır. Birinci halda istənilən müəssisə, idarə və təşkilatda çalışan şəxs sığorta şirkətinə birbaşa müraciət edərək həyatın yığım sığortası üzrə müqavilə bağlayır. Bu müqavilə ikitərəfli qaydada (sığortaçı ilə sığortalı arasında) bağlanılır. Həmin müqaviləni işçi çalışdığı işəgötürənə təqdim edir və təşkilat hər ay müqavilədə qeyd olunan məbləği işçinin əməkhaqqından çıxır və göstərilmiş məbləğə uyğun gəlir vergisi və məcburi dövlət sosial sığorta haqlarını həmin məbləğə əlavə edərək həmin sığorta şirkətinin hesabına köçürür. İkinci halda isə müqavilə üçtərəfli qaydada (sığorta şirkəti, işəgötürən və sığorta olunan arasında) bağlanılır».
Yığım sığortasının əhəmiyyəti
 
Bu sığorta məhsulunun əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin (kontraktının) bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcburi dövlət sosial sığorta haqlarının işçilərin xeyrinə işlədiyi barədə onları maarifləndirməkdən ibarətdir.
 
E.Hüseynquluyevin bildirdiyinə görə, bu sığorta növünün tətbiqi ilə əmək müqaviləsinin bağlanmasında və gəlirlərinin rəsmiləşdirilməsində işçinin marağı əhəmiyyətli dərəcədə artır. Vətəndaş anlayır ki, onun gəlirləri rəsmiləşərsə, dövlətin bu sahədə tətbiq etdiyi vergi və digər güzəştlərdən istifadə imkanı olacaq və daha çox gəlir əldə edəcəkdir. Bu sığorta növünün əsas üstünlüklərindən biri də işçilərin müqavilədə göstərilmiş məbləğ üzrə məcburi dövlət sosial sığorta haqlarından və vergidən azad olunmasının onların iş yerində qalmasına stimul verməsidir. Bundan başqa, bu sığorta növü təkcə yığım xarakteri daşımır, həm də ölüm riskindən də sığortalayır. Əlbəttə, sığorta şirkəti olaraq heç kimə bu riskə görə sığorta ödənişi arzulamırıq. Lakin nə qədər acınacaqlı olsa da, insanın həyatda nə ilə qarşılaşacağını əvvəlcədən müəyyən etmək mümkün deyil. Ən azı, bu riskin baş verməsi halında şəxs öz yaxınlarını, heç olmasa, maddi cəhətdən dəstəkləmiş olacaq».
 
E.Hüseynquluyev müqavilə şərtləri ilə bağlı məlumat verərək bildirdi ki, müvafiq qanunvericiliyə uyğun olaraq,  həyatın yığım sığortası üzrə şəxs iki sığorta riskindən (ölüm və müəyyən yaşa, müddətə qədər yaşamaq) sığortalanır. Minimum 3 illik bağlanılan həyatın yığım sığortası müqavilələrində qanunvericiliklə vergi və məcburi dövlət sosial sığorta haqları üzrə güzəştlər nəzərdə tutulduğundan, bu sığorta növü üzrə müqavilələr adətən 3 illik və əmək münasibətlərində olan şəxslər tərəfindən bağlanılır.
 
Həyat sığortası həm də investisiya - sərfəli yatırım rolu oynayır. Bu nə deməkdir? Ekspertin fikrincə, adətən, həyatın yığım sığortası bağlayan şəxslərin əsas hədəfi öz gələcək həyatları üçün müxtəlif məqsədlər naminə (ev, maşın almaq və digər böyük xərc tələb edən işlər) pul toplamaqdır: «Yığım sığortası kommersiya banklarının təklif etdiyi əmanət xidmətlərinə bənzəyir. Amma bank əmanətlərindən fərqli olaraq, bu məhsulu əldə edən şəxs gələcək məqsədlər üçün güzəştli şərtlərlə pul yığmaqla yanaşı, həyatını ölüm halından da sığortalamış olur. Müqavilə müddətində ölüm baş verdiyi halda, sığorta olunanın faydalanan şəxs kimi müəyyən etdiyi vətəndaşa sığorta müqaviləsi ilə nəzərdə tutulmuş məbləğdə sığorta ödənişi verilir. Bir sözlə, həyatın yığım sığortasını, həmçinin, yeni gəlir mənbəyi də hesab etmək olar».
 
Həyatın yığım sığortasında vergi güzəştləri
 
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin idarə rəisi Şamil Ərəbov həyatın yığım sığortasına vergi güzəştləri haqqında açıqlamasında bildirdi ki, Vergi Məcəlləsi ilə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikası sığortaçılarına ödədikləri sığorta haqları həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 il müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır: «Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası üzrə bağladığı sığorta müqaviləsi əsasında ödənilməli olan sığorta haqqı vergitutma məqsədləri üçün işəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar gəlirindən çıxılaraq bank vasitəsilə sığortaçının bank hesabına köçürüldüyü halda, fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəlirindən həmin sığorta haqqı çıxıldıqdan sonra qalan hissəsindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulur.
 
Həyatın yığım sığortası müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığorta olunanın muzdlu işlə əlaqədar aylıq gəlirləri və aylar üzrə tutulmuş gəlir vergisi barədə müvafiq arayış alınmalı və aylar üzrə ödənilmiş sığorta ödənişləri sığortalının vergi tutulan aylıq gəlirinə əlavə edilməklə Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulmalı və işəgötürənin tutduğu gəlir vergisi nəzərə alınmaqla yaranmış müvafiq gəlir vergisinin məbləği sığortaçı tərəfindən dövlət büdcəsinə köçürülməlidir».
 
Qeyd edək ki, yığım sığortası həyat sığortası məhsuludur və hazırda Azərbaycanda həyat sığortası xidmətləri göstərən 3 sığorta şirkəti mövcuddur. Bunlar «PA­ŞA Həyat», «Qala Həyat» və «Atəşgah Həyat» sığorta şirkətləridir.
 
Fəxriyyə İKRAMQIZI
"Vergilər" qəzeti
 

0 Komment

    Şərh yazın

    Xəbərlər