Vergilər Nazirliyinə icarə haqqı ilə bağlı maraqlı sual

Vergilər Nazirliyinə icarə haqqı ilə bağlı maraqlı sual

"...eyni zamanda da vergiyə, DSMFYƏ, məşğulluğa, statistikaya hesabatlar verməli olur ki, bu da məntiqsizdir"
 
Sual: Vergi Məcəlləsinin 13.2.37 və Mülkü Məcələnin 13-cü maddəsinə əsasən: Sahibkarlıq fəaliyyəti — şəxsin müstəqil surətdə öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Vergi ödəyicisinin vəzifələrindən biri də VM 16-cı maddəsinə əsasən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaqdır. Sahibkarlıq fəaliyyəti göstərənlə mülki hüquqi müqavilələr əsasında sosial sığorta ödəyənlər ayrı-ayrı kateqoriya şəxslər kimi nəzərdən keçirilir. Mülki hüquqi müqavilə əsasında işləyəni əgər gəliri sahibkarlıq fəaliyyətindən gəlir deyilsə uçota durmağa məcbur etmək olmaz. 
Məsələn, qeyri-yaşayış sahəsini icarəyə verən şəxs vergi uçotuna alınarsa onda avtomatik DSMF uçotuna da alınır və sahibkar kimi MDSSH ödəməli olur (halbuki icarədən gəlirlər MDSSH-dən azaddır) və eyni zamanda da vergiyə, DSMFYƏ, məşğulluğa, statistikaya hesabatlar verməli olur ki, bu da məntiqsizdir. Sualım isə, yuxarıda qeyd etdiyim məqama aydınlıq gətirməyiniz idi. Xahiş edirəm məsələyə misalla aydınlıq gətirəsiniz.
Rauf Qarayev, [email protected] (22.01.2018) 
Cavab:Bildiririk ki, gəlir götürmək məqsədi ilə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi, o cümlədən də şəxsin özünə məxsus bilikləri, bacarıqları, qabiliyyətlərinə, sərf elədiyi əməyə əsaslanaraq xidmətlərin göstərilməsi sahibkarlıq fəaliyyətinin bir növü kimi qəbul olunur və bu baxımdan da mülki hüquqi müqavilə çərçivəsində müəyyən işlər görən və ya xidmətlər göstərən şəxs də istisna edilmədən Vergi Məcəlləsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətini göstərən şəxs kimi vergi uçotuna dayanmalıdır.
 
Fiziki şəxsin icarə fəaliyyətindən əldə olunan gəlir isə vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətindən deyil, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi təsnifləşdirilir. Belə gəliri əldə edən fiziki şəxs əmlakını vergi ödəyicisinə icarəyə verdikdə, icarəyə verən şəxsin vergi uçotuna durmaq öhdəliyi yaranmır, onun vergi öhdəliklərini icarəyə götürən şəxs ödəmə mənbəyində vergi məbləğini tutmaqla bəyan edir və yerinə yetirir.
 
Əmlakı icarəyə götürən vergi ödəyicisi olmadıqda əldə olunmuş gəliri icarəyə verən şəxs qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vergi uçotuna duraraq artıq özü bəyan edir və dövlət büdcəsinə ödəyir.
 
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı daha geniş məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
 
Sosial ayırmalar, statistika hesabatları barədə məlumatları aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan, Dövlət Statistika Komitəsindən əldə etməyinizi tövsiyə edirik.
 
Bax: Vergi Məcəlləsinin 13.2.37-ci,33-cü, 34-cü, 99.3.6-cı və 124-cü maddələri.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər