Vergilər Nazirliyi: Təsisçidən alınan borcdan vergi hesablanmalıdır

Vergilər Nazirliyi: Təsisçidən alınan borcdan vergi hesablanmalıdır

Mühasiblər, bu məsələyə xüsusi diqqət!!!

Sual: Zəhmət olmasa bildirərdiniz təsisçi ilə təsisçisi olduğu hüquqi şəxs arasında hesablaşmalar Vergi Məcəlləsindən başqa hansısa qanun, göstəriş və ya sərəncam əsasında tənzimlənirmi? Hüquqi şəxs təsisçisindən aldığı borc (faizsiz) vəsaitini alıb və ya qaytararkən hər hansı faiz, vegi öhdəliyi formalaşırmı? “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun hər hansı maddəsi təsisçi ilə hesablaşma zamanı vəsaitin nağd və ya nağdsız qaydada ödənilməsinə məhdudiyyət yaradırmı?

Vüsal Səlimov, [email protected]

Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik, o cümlədən Mülki Məcəllə ilə müəyyənləşdirilir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyi və onun tələblərinə əsaslanır.

 Hüquqi şəxs ilə onun təsisçisi arasında nağdsız hesablaşmaların aparılmasının hüquqi və iqtisadi əsasları isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu ilə tənzimlənir.

Adı çəkilən Qanuna əsasən müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə qaytarılan borc pul vəsaiti Qanunun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Həmin Qanunun 3.4.6-cı maddəsinə əsasən isə müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda bildiririk, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında (təsisçi və hüquqi şəxs) həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən təsisçinin hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

 

Mənbə: Taxes.gov.az

0 Komment

    Şərh yazın

    Xəbərlər