FATCA sisteminin Azərbaycandakı vergi ödəyicilərinə hansı təsiri var?

FATCA sisteminin Azərbaycandakı vergi ödəyicilərinə hansı təsiri var?

 

 

Azərbaycanın tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi nəticəsində Azərbaycanın maliyyə institutları üçün İRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilib və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

FATCA-ya əsasən, ABŞ-ın vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, 

o cümlədən, onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir. Onlara ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir.

 

Bütün dünyada ABŞ dolları ilə həyata keçirilən ödənişlərin böyük əksəriyyəti ABŞ-da yerləşən banklardakı müxbir hesablar vasitəsilə həyata keçirildiyindən, ABŞ-ın əməkdaşlıq etməyən istənilən xarici maliyyə institutuna qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq etmək üçün real imkanları var.

 

FATCA qəbul edildikdən sonra bir çox dövlətlərin daxili qanunvericiliklərinin həmin dövlətin banklarına və digər maliyyə institutlarına məlumatları xarici dövlətdə qəbul edilmiş qanun əsasında həmin dövlətə ötürməyə imkan vermədiyindən, ABŞ Xəzinədarlıq Departamenti və İRS FATCA-nın tətbiqi üçün digər dövlətlərlə hökumətlərarası sazişlərin bağlanması yolu ilə məlumatların alınması variantı da qəbul edilib və təklif olunan hökumətlərarası sazişin iki modeli hazırlanıb.

 

1-ci model məlumatların maliyyə institutları tərəfindən İRS-ə deyil, öz dövlətlərinin səlahiyyətli orqanına, həmin orqan tərəfindən isə İRS-ə ötürülməsini nəzərdə tutur. Bu modelin isə Model 1A və Model 1B adlanan iki forması var. 1A Modelinə uyğun bağlanmış sazişlərə əsasən ABŞ və digər dövlət arasında qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir, yəni ABŞ tərəfi də eyni qaydada digər dövlətin vergi ödəyicilərinin ABŞ maliyyə institutlarında olan hesabları barədə məlumatları həmin dövlətin səlahiyyətli orqanına təqdim edir, 1B Modeli əsasında bağlanmış sazişlərə əsasən isə məlumatlar yalnız həmin dövlət tərəfindən ABŞ-a ötürülür.

Hökumətlərarası Sazişin 2-ci Modeli məlumatların maliyyə institutları tərəfindən İRS-in elektron portalında qeydiyyatdan keçməklə birbaşa İRS-ə təqdim edilməsini nəzərdə tutur.

Azərbaycan Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədi ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Hökuməti arasında FATCA tələblərinin həyata keçirilməsi barədə Hökumətlərarası Sazişin bağlanması məqbul hesab edilib. Qeyd edilən sərəncamla bağlanması nəzərdə tutulan Hökumətlərarası Sazişin modeli kimi mümkün olan ən əlverişli model, yəni dövlətlər arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan 1A Modeli, məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan Vergilər Nazirliyi müəyyən edilib.

Hökumətlərarası Saziş layihəsinin mətninin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə Komissiya yaradılıb və Komissiya tərəfindən Hökumətlərarası Saziş layihəsinin ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə aparılmış müzakirələr nəticəsində Hökumətlərarası Saziş layihəsi üzrə mövcud modellərdən ən üstünü olan 1A Modeli əsasında ümumilikdə razılıq əldə edilərək, 16 may 2014-cü il tarixdə Azərbaycan Respublikası tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilib (http://www.treasury.gov/resource-center/tax-policy/treaties/pages/fatca-archive.aspx).

Azərbaycanın tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi nəticəsində Azərbaycanın maliyyə institutları üçün İRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb. Bundan əlavə, Azərbaycan maliyyə institutlarının 1 iyul 2014-cü il tarixindən başlayaraq tətbiq ediləcək sanksiyaların təsiri altına düşməyəcəyi birmənalı olaraq təmin edilib.

Ümumilikdə mahiyyəti üzrə razılıq əldə edilmiş Hökumətlərarası Sazişin yekun mətninin hazırlanması, onun imzalanması ilə bağlı dövlətdaxili prosedurların həyata keçirilməsi və  31 dekabr 2014-cü il tarixinədək imzalanması təmin edildikdən sonra tərəflərin səlahiyyətli orqanları arasında məlumat mübadiləsinin praktiki təşkilinin formatı, konfidensiallığın qorunması və digər məsələləri tənzimləyən əlavə razılaşma bağlanacaq.

 

 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər