Səlim Müslümovun nazir təyin olunmasından sonra sədrsiz qalan DSMF-in taleyi

Səlim Müslümovun nazir təyin olunmasından sonra sədrsiz qalan DSMF-in taleyi

Dövlət Sosial Müdafiə Fondu ləğv olunacaq?

Azərbaycanda yeni hökumətin tərkibinin təsdiqlənməsindən sonra, bəzi dövlət qurumlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsinə dair siyahıda bir neçə dövlət qurumunun adı yoxdur. Belə qurumlardan biri Dövlət Sosial Müdafiə Fondudur. Fondun əvvəlki sədri Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması isə bu dövlət orqanlarında struktur dəyişikliyinin aparımasına hazırlıq kimi yozulur. Belə ki, yayılan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Prezidentin sərəncamı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yeni hökumətdə yer almaması birləşmə ehtimalını daha da artırıb.
Bəs, görəsən, sözügedən qurumların birləşdirilməsinə nə dərəcədə ehtiyac var? Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunun sözügedən nazirliyə birdəşdirilməsi hansı nəticələr verə bilər? 
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu məsələ ilə bağlı fikirlərini “Həftə içi”nin əməkdaşı ilə bölüşərlən bildirib ki, ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri çərçivəsində struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində Sosial Müdafiə Fondu departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilə bilər.
 

«Sosial təminat eyni mərkəzdən idarə olunmalıdır»

Bununla belə, Qubad İbadoğlu ölkə rəhbərliyinin bu sahədə struktur islahatlarına sərəncam verəcəyinə inanmır: «Təbii ki, belə bir qərarın olması yaxşı hal olardı. Çünki sosial təminat məsələlərinin vahid mərkəzdən idarə olunması mövcud problemlərin daha tez aradan qaldırılmasına imkan yaradardı. Amma mən inanmıram ki, bundan sonra bu iki qurumun birləşdirilməsinə dair hansısa qərar olsun».
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə mövzu ilə bağlı fikirlərini bölüşərkən Dövlət Sosial Müdafiə Fondunun sabiq sədr Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, DSMF Azərbaycan hökumətində şəffaf və səmərəli qurum kimi öz mövqeyini qorumağa çalışıb: “Hesab edirəm ki, iki qurumun birləşdirilməsi səmərəli nəticələr verə bilər. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial siyasət həyata keçirir. Dövlət Sosial Müdafiə Fondu nazirliyə birləşdirilərsə, pensiyalar da hökumətin sosial siyasətinin bir elementi olacaq. İki qurumun birləşdirilməsi bu sahədə idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, sosial siyasətin eyni yerdən idarəsinə gətirib çıxara bilər. Bu qurumun həm də departament şəklində nazirliyin tərkibində təmsil olunması mümkündür».

“Sosial sığorta yığımı Vergilər Nazirliyinə verilsin”

Məsələyə münasibət açıqlayan iqtisadçı-ekspert Nazim Məmmədov da bu sahədə islahatlara ehtiyac olduğunu bildirib. Sabiq millət vəkili hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun bu şəkildə saxlanılması məqsədəuyğun deyil: “Çünki özünü maliyyələşdirməli olan pensiya fondu hər il dövlət büdcəsindən transfertleri artırır. Məsələn, 2006-cı illə müqayisədə 2013-cü ildə bu istiqamətə büdcədən transferlərin 5 dəfə artması onu göstərir ki, bu sahə ciddi reform olunmalıdır. Fondun Əmək və Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsinə müsbət baxardım və tövsiyə edərdim. Ümumilikdə isə hesab edirəm ki, biz yeni təyin olunmuş "köhnə komanda”nın ölkənin sosial-iqtisadi həyatında keyfiyyət dəyişikliyi edəcəyinə ümid etməliyik. Təbii ki, bütün sahələrdə problemlər mövcuddur və həmin problemlərə təcili şəkildə müdaxilə olunmalıdır».
Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev Azərbaycanda Dövlət Sosial Müdafiəsi Fondunun müstəqil qurum kimi ləğv edilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu fondun iki funksiyası mövcuddur: “Fondun birinci funksiyası sosial sığorta haqqının yığımı, digəri isə pensiyaların təyinatı üzrə verilməsidir. Buna görə də sosial sığortanın yığım funksiyalarını Vergilər Nazirliyinə və pensiya hissəsini isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməlidir. Mən bu barədə Nazirlər Kabinetinin maliyyə-kredit şöbəsində müdir vəzifəsində çalışdığım dövrdə belə təklif vermişdim. "Uzun müddət Nazirlər Kabinetində mühüm vəzifə tutmuş iqtisadçı təklif edir ki, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin adının dəyişdirilməsi də vacibdir. Oqtay Haqverdiyevin fikrincə, ümumiyyətlə, bu iki dövlət qurumunun adında “sosial müdafiə” sözünün olması düzgün fikir deyil: “Bu, Əmək və Əhalinin Sosial İnkişaf Nazirliyi adı ilə əvəz olunmalıdır. Çünki sosial məsələlər özü bir sıra sahəni əhatə edir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu qənaətdədir ki, Azərbaycanda dövlət qurumlarının sayının azaldılmasına ehtiyac var. Millət vəkilinin fikrincə, ölkə prezidentinin sərəncamı ilə bir müddət əvvəl yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də buna xidmət edəcək. Başqa sözlə, hazırda fəaliyyət göstərən dövlət təşkilatlarının səlahiyyətlərinin bir qisminin bu quruma veriləcəyi gözlənilir: «Bu vəziyyətdə birləşdirmə labüddür. Amma hansısa qurum birləşdirilərkən, ilk öncə, qiymətləndirmə işləri aparılmalı, buna nə qədər ehtiyac olduğu aydınlaşdırılmalıdır. Yəni, kortəbii şəkildə hansısa qurumun işinə xitam vermək düzgün olmaz».

Mənbə: "Həftə içi" qəzeti

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər