Əmək haqqının gecikdirilməsinə görə hesablanan 1 faizdən vergi ödənilməlidir?
Oxucununun vergi hesablanmasını "ədalətsiz" hesab etdiyi məsələyə, Vergilər Nazirliyinin izahlı cavabı
Sual: Salam. Əmək Məcəlləsinə əsasən işçiyə əmək haqqı borcunun ödənişinin gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində həmin borc öhdəliyi ilə bağlı ödəmə edilməlidir. Həmin 1 faiz məbləğdən ödənilməli vergini Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən tutulması doğrudurmu? Bu məbləğ əmək haqqının tərkib hissəsi olan əmək haqqına əlavə hesab edilə bilməz. Çünki əmək haqqına əlavə yalnız əmək şəraiti ilə əlaqədar əvəzödəmə və ya həvəsləndirmə məqsədilə verilən məbləğlərdir. Bundan başqa həmin məbləğ görülmüş işə görə alınan məbləğ deyildir, sadəcə hüququnun pozulduğu üçün aldığı kompensasiyadır və bunun fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəliri hesab edilməsi "ədalətsiz" olardı. Sağ olun.
Rəhimov Rövşən
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 122-ci, 123-cü və 124-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı və royalti gəlirdən çıxılır (Vergi Məcəlləsi, maddə 100).
Digər tərəfdən, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə Əmək Məcəlləsinin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir (Vergi Məcəlləsi, maddə 2.3).
Onu da qeyd edək ki, digər qanunvericilik aktlarında da faiz anlayışları mövcuddur ki, bu anlayışlara uyğun olaraq gecikdirməyə görə ödənilən vəsaiti faiz kimi qəbul etmək olar. Lakin vergitutma məqsədləri üçün faiz anlayışı Vergi Məcəlləsinin 13.2.18-ci maddəsi ilə müəyyən edilir. Belə ki, faizlər borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir.
Vergi Məcəlləsinin 123-cü maddəsində də məhz Vergi Məcəlləsinin 13.2.18-ci maddəsində qeyd edilən ödəmələrdən (faizdən) ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən isə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (Əmək Məcəlləsi, maddə 154).
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına uyğun olaraq əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat isə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Göstərilənlərə əsasən bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilmiş və həmin maddədə, o cümlədən kompensasiya xarakterli ödəmələrə aid 102.1.14-cü maddədə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində göstərilən “əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində verilən ödənc”lərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulmamışdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın