Vergilər Nazirliyinə işə qəbulun müsahibə mərhələsində nələrə diqqət yetirilməlidir?
Elşad Hacalıyev: “MÜSAHİBƏNIN TƏQDİMAT ŞƏKLİNDƏ OLMASI VERGİ ORQANLARINDA İŞƏ QƏBUL ÜÇÜN MÜRACIƏT EDƏN NAMİZƏDLƏRİN XEYRİNƏDİR”
Vergi işi ilə maraqlananlar üçün ötən ayın ən yaddaqalan hadisəsi Vergilər Nazirliyinin dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirdiyi müsahibənin nəticələrini və işə qəbul olunanları elan etməsidir. Bu yazımızda müsahibə mərhələsi haqqında oxuculara geniş məlumat verməyə çalışacağıq. Bu işdə bizə və oxucularımıza namizədlərin müsabiqəyə hazırlığı prosesini uğurla həyata keçirən Elşad Hacalıyev yardımçı olub.
- Elşad müəllim, vergi orqanlarına bu ilki qəbulla bağlı test imtahanlarının sualları ilə yəqin ki, tanışsınız. Ötən illərə nisbətən builki test suallarında nə kimi fərqlər var idi?
- Məlumat üçün bildirim ki, ötən il 100 ümümi sualdan 10-u informatika, 10-u məntiq, 43-ü vergi qanunvericiliyi ilə bağlı idi. Yerdə qalan 37 sualın 10-u iqtisadi nəzəriyyəni, 27-si isə digər qanunvericilikləri (mülki qanunvericilik, cinayət qanunvericiliyi və s.) əhatə edirdi. Sualların bu şəkildə paylanması iqtisadi sahədə ixtisası olanlardan daha çox hüquqşünas ixtisası alan şəxslər üçün asan idi.
Yaxşı haldır ki, sonuncu test imtahanı zamanı artıq vergi qanunvericiliyi ilə bağlı sualların sayı artırılaraq 43-dən 50-ə çatdırıldı. Ümümiyyətlə, vergi orqanlarına imtahanlara hazırlaşan iqtisadi təhsilli namizədlər üçün cətini vergi qanunvericiliyi yox, əsasən hüquq sahəsini əhatə edən suallar idi. Belə ki, vergi qanunvericliyinin suallarını cavablandırmaq üçün demək olar ki, Vergi Məcəlləsini öyrənmək kifayət edirdi. Hüquq qanunvericiliyini bilmək üçün isə mülki, inzibatı, cinayət qanunvericiliyi və digər qanunvericilik sahələrini əhatə edən 20-ə yaxın qanunvericilik aktları ilə tanış olmaq lazımdır.
- Elşad müəllim, işə qəbulun müsahibə hissəsi ilə bağlı təqdimatın seçilməsi necə aparılır? Bu haqqda məlumat verməyinizi xahiş edirik.
- Müsahibədə təqdimat üçün mövzunun seçilməsi sərbəstdir. İstənilən mövzuda təqdimat hazırlamaq mümkündür. Burda məqsəd namizədin təqdimat etmə, yaradıcılıq, ünsiyyət qurma və s. bu kimi qabiliyyətini, keyfiyyətini yoxlamaqdır. Artıq ikinci dəfədir ki, müsahibə təqdimat hazırlamaqla həyata keçirilir. Düşünərəm ki, müsahibənin təqdimat şəklində olması vergi orqanlarında işə qəbul üçün müraciət edən namizədlərin işini yüngülləşdirir. Cünki əvvəllər tələbələr təqdimat hazırlamadan birbaşa müsabihəyə gedirdilər ki, əksər vaxtlarda çətinliklərlə üzləşirdilər. Əvvəllər namizədlər komissiya üzvlərinin hansı mövzuda suallar verəcəyini bilmirdilər və ya həyəcanlı olmaları nəticəyə təsir göstərirdi. Amma indi namizədlər çıxış üçün təqdimat hazırladıqlarından daha hazırlıqlı və sərbəst olurlar. Düzdür, bəzi hallarda namizədlər təqdimatı özləri hazırlamırlar. Ancaq, komissiya üzvləri bunu asanlıqla müəyyən edirlər. Nazirliyinin rəsmi veb saytında yerləşdirilmiş nümunədə təqdimatn neçə səhifə olması, hansı qaydada, istiqamətdə hazırlanması barədə məlumat yerləşdirilib.
- Elşad müəllim, tələbələrinizin necə faizi müsahibədən uğurla keçib? Ümümiyyətlə, tələbələrinizdə vergi orqanlarında işləmək həvəsi nədən irəli gəlir?
- Qeyd edim ki, tələbələrimin təxminən 85-90 faizi test imtahanından uğurlu nəticə göstərib. Vergi orqanlarında işləmək həvəsinə gəlincə isə, düşünürəm ki, vergi maraqlı sahədir. Bu onları cəlb edir. Eyni zamanda vergi orqanlarına işə qəbul prosesində şəffaflıq mövcuddur. Həmçinin yüzlərlə məzun var ki, iş təcrübəsi olmadığından onları özəl şirkətlərdə işə götürmürlər. Amma vergi orqanlarında təcrübə ilə bağlı hər hansı tələb qoyulmayıb. Bu səbəbdən həmin şəxslər vergi orqanlarına imtahanlara daha çox həvəs göstərirlər və bunu bir şans kimi qiymətləndirirlər. Təcrübəmdə çox az adama rast gəlmişəm ki, özəl şirkətdə yüksək maaş alsın, amma vergi orqanlarında işləmək arzusunda olsun. Yenə qeyd etmək istəyirəm ki, əsasən işsiz gənclər vergi orqanlarına işə qəbulla bağlı müraciət ediblər. Vergi orqanlarında iş yükünə gəlincə, bu, vergi yükü qədər də olmasa nisbətən ağırdır və məsuliyyətlidir.
- Elşad müəllim, jurnalımızın oxucularının əksəriyyəti işlərinə görə vergi orqanlarının əməkdaşları ilə tez-tez ünsiyyətdə olurlar. Oxucularımız vergi orqanlarında işləyəcək tələbələrinizdən əvvəlki vergi işçilərindən fərqli bir yanaşma gözləsinlərmi?
- Fikrimcə, vergi orqanlarında ilk addımlarını atacaq şəxslərdən nə isə yeni bir baxış gözləmək hələ tezdir. Çünki işçini də formalaşdıran cəmiyyətdir. Vergi ödəyiciləri və vergi orqanları, onların əməkdaşları arasındakı münasibətləri cəmiyyətin özü formalaşdırır. Onların bir-birlərinə qarşı ədalətli olub-olmaması cəmiyyətin ədalətli olub olmadığından daha çox asılıdır. Sonda oxucularınıza bildirmək istəyirəm ki, öz işini düzgün qura bilən vergi ödəyicisi, sahibkar üçün münasibətin, yanaşmanın fərqi yoxdur. Bu münasibətlərdə subyektiv səbəblərdən daha çox obyektiv səbəbləri nəzərə almaq lazımdır.
Mənbə: “MK” jurnalının 43-cü sayından seçmə
0 Komment
Şərh yazın